Azərbaycan müdafiə naziri Zakir Həsənov ötən ay Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Suriyada hərbi əməliyyat təcrübəsinin regionda tətbiqi məsələsini müzakirə edib. Zakir Həsənov bunu “RİA Novosti” agentliyinə müsahibəsində də təsdiqlədi. Məsələnin Dağlıq Qarabağda mümkün müharibədən ibarət olduğu məlumdur, lakin Suriyada konkret hansı təcrübədən bəhs edildiyi müəmma olaraq qalır.
Publika.az xəbər verir ki, Rusiya Suriyadakı hərbi əməliyyatlarda TOS-1A “Günəş alovu” və TOS-1S odsaçan sistemlərindən mütəmadi olaraq istifadə edir. Bir neçə on kilometrlik məsafədəki hədəfləri məhv etmək gücünə sahib olan bu sistemlər lokal ərazilərdə müharibənin aparılmasında əvəzolunmaz silahlardır.
Hesab etmək olar ki, Suriya təcrübəsi dedikdə məhz bu sistemlərin Dağlıq Qarabağda mümkün tətbiqi nəzərdə tutulur. Çünki Azərbaycan Rusiyadan TOS-1A “Günəş alovu” və TOS-1S odsaçan sistemlərini alıb. Ötən ilin “aprel döyüşləri”ndə bu silahlar erməni hərbi birləşmələrinə ağır zərbələr endirdi. Bu ilin 10 iyulunda Rusiyada Bakıya gətirilən yeni silah partiyasında bu sistemlərin mərmiləri də var idi. Maraqlıdır ki, dəniz yolu ilə Bakı limanına gətirilən silahlar birbaşa cəbhə xəttinə göndərildi.
Həmin vaxt “1in.am” saytı yazırdı ki, bu, silah partiyasının Bakıya gətirilməsi Azərbaycanın hədəfini müəyyən edir: “Müharibəyə hazırlıq. Ermənistanın son hücumu (4 iyulda Ermənistan Füzulinin Alxanlı kəndində mülki əhaliyə hücum etdi – red.) görünür, bütün daşları yerindən oynatdı və Azərbaycan daha ağır zərbəyə hazırlaşır. Bu, həmçinin o deməkdir ki, Bakının son zərbəsi başlanğıcdır”.
Ermənistan Rusiyanın Suriyadakı hərbi əməliyyat təcrübəsini Azərbaycanla bölüşməsindən də narahatdır.
Erməni siyasi şərhçi Akop Badalyan Rusiyanın Azərbaycana Qarabağı geri qaytarmağa kömək edəcəyini yazıb.
“TOS-1S və TOS-1A sistemləri adi raketlərdən iki dəfə güclüdür. Görünür, bu sistemlər regionda balansı Azərbaycanın xeyrinə dəyişib. Çünki Azərbaycanın bu sistemləri almasından dərhal sonra erməni tərəfi Rusiya ilə yeni silah krediti məsələsini müzakirə etməyə başladı. Görünür, Azərbaycan cavab olaraq bu sistemləri tətbiq edəcək”, - Badalyan vurğulayıb.
Paylaş: