
Rusiya Cənubi Qafqazdan qovulub çıxarıldığını qəbul etməlidir.
Bunu “Report”a açıqlamasında professor Qabil Hüseynli Rusiyanın dövlət xəbər agentliyi olan TASS-ın Azərbaycanın Xankəndi şəhərini “Stepanakert” adlandırmasını şərh edərkən vurğulayıb.
O qeyd edib ki, Rusiyanın atdığı son addımlar onun münasibəti korlamaq üçün bəhanə yaratmağa çalışdığını göstərir:
“Rusiya istəyir ki, yenə Azərbaycanı qarışdırsın. Qarabağ üzərində yenidən gərginlik yaratsın. Ancaq bu, çox provokativ, heç bir nəticə verməyəcək niyyətdir. Əslində, Rusiya yaxşı bilir ki, artıq Cənubi Qafqazda heç bir dəyişiklik edə bilməyəcək. Çünki faktiki olaraq bu regiondan qovulub çıxarılıb”.
Politoloqun sözlərinə görə, Azərbaycan artıq bölgədə diktəedici mövqeyə malikdir:
“Rusiya bilməlidir ki, artıq Cənubi Qafqazdakı geosiyasi vəziyyəti dəyişə bilməyəcək. Çünki Azərbaycan artıq bölgədə diktəedici mövqeyə malikdir. Azərbaycanın Türkiyə və Pakistan kimi ciddi müttəfiqləri var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Rusiyaya yerində dayanması barədə xəbərdarlıq etmişdi. Görünən odur ki, Rusiya geriyə qayıdıb əvvəlki strateji mövqeyini bərpa etmək, bir növ bölgəyə canişinlik etmək istəyir. Amma bunun üçün heç bir resursu yoxdur. Üstəlik, Qafqaz dövlətləri belə bir şeyə razı deyillər. Ermənistan da Rusiyanın bu niyyətini qətiyyən qəbul etmir”.
Ekspert hesab edir ki, bir neçə gün sonra Rusiya ilə Ukrayna arasında müharibənin yeni fazası başlayacaq və sonda Ukrayna Rusiyaya qalib gələcək:
“Beləliklə, təcavüzkar, məkrli Rusiya müstəqil xalqların həyatında çıxmalı olduğunu dərk edəcək”.
Xatırladaq ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Xankəndidə İvan Ayvazovskinin büstünün sökulməsinə münasibət bildirərək bunu Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirib. Bununla yanaşı, Rusiyanın dövlət xəbər agentliyi olan TASS məsələ ilə bağlı dərc olunmuş məqalədə Azərbaycanın Xankəndi şəhərini “Stepanakert” adlandırılıb
Paylaş: