Xəbər lenti

 

Sabiq icra başçının 21 il əvvəlki dəhşətli cinayət haqda fikirləri geniş rezonans doğurdu; məhkəmə arxivlərindəki hökm və qərarlar “nə deyir”

Akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzası alan Nizami Nağıyevin atası Adil Nağıyevin “Yeni Müsavat”a müsahibəsində açıqladığı məlumatlar rezonans doğrurub. YAP-ın qurucularından biri, Abşeronun sabiq icra başçısı olmuş Adil Nağıyev deyib ki, oğlunun həbsindən ötən 18 il ərzində inkar mövqeyində dayanıb, oğlunun günahsızlığını hər addımında dilə gətirib.

İndi isə Adil Nağıyev tamam başqa mövqe sərgiləyir və bunun səbəbini belə izah edir.

Müsahibəsindən sitat:

“Bəli, heç yanda açıb-eləməmişəm, heç kəsə deməmişəm. İndi kim nə deyir-desin. Deyəcəklər Adilə kimsə təzyiq elədi. Mənə heç kəs təzyiq edə bilməz. Mən elə şəxsiyyətəm ki, təzyiqi qəbul etmirəm, heç kəsdən də qorxmuram, çəkinmirəm. Sadəcə olaraq, ürəyim əməliyyat olunduğuna görə, öləcəyəm deyə, qoy açılsın. Niyə sirr olaraq qalsın ki? Bəzi adamlar da bu faktdan istifadə edirlər. Guya mənə canları yanır. Yalandır. Üzümə irişirlər ki, sən oğlunu... Bu, həqiqətdir. Onsuz da hökumət bunu bilir, desəm də, deməsəm də. Ziya Bünyadovun qətlinin ildönümü yaxınlaşdığına görə mən özümə borc bildim ki, sizin redaksiyaya gəlim, bunları deyim”.

ziya bünyadov Nizami Nağıyev ile ilgili görsel sonucu

81 yaşlı YAP-çı “oğlunuzun günahını etiraf edirsiniz” sualına “Bəli. vvəllər etiraf etməmişəm, amma indi etiraf edirəm. Ziya Bünyadovun qətlinin təşkilatçısı Tarıyel Ramazanov və Cavanşir Aslanovdur. Onlar bu işi təşkil edib, mənim də oğlumu təhrik ediblər” cavabını verir. Mərhum akademikin həyat yoldaşı Tahirə xanımın onun oğlunu bağışladığını dilə gətirərək prezidentdən oğlu üçün əfv diləyir.

Adil Nağıyevin bu açıqlamaları iş üzrə aparılan məhkəmə istintaq, o dövrdə mətbuatda dərc olunanlara bir daha nəzər salmamızı şərtləndirdi.

ziya bünyadov ile ilgili görsel sonucu

17 il əvvəl çıxarılmış hökmdə nə yazılıb? 

Nizami Adil oğlu Nağıyev və qeyriləri Ağir Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi – E.M)21 fevral 200l-ci il tarixli hökmü ilə azadlıqdan məhrum ediliblər.

Hökmə əsasən Adil Nağıyev CM-nin 189-ci (telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma), 218-ci (cinayətkar birlik (təşkilat) yaratma), 228 -ci (qanunsuz olaraq odlu silah əldə etmə, gəzdirmə) 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 232-ci (odlu silah, döyüş sursatı hədə-qorxu ilə tələb etmə) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib  və ömürlük azadıqdan məhrum olunub.

Hökmlə Mahir Nurhüseyn oğlu Zeynalov, Xanlar Cabbar oğlu Cabbarov, Maarif İdris oğlu Əliyev, Rövşən Malik oğlu Həsənov, Qədir Bahaddin oğlu Abbasov və Rizvan Nurməmməd oğlu Məmmədov CM-nin müxtəlif  maddələri ilə təqsirli biliniblər. Mahir Zeynalov ömürlük, digərləri isə müxtəlif müddətə azadıqdan məhrum etmə cəzasına məhkum olunublar.

“Vilayəti Əl-Fəqih Hizbullah” adlı cinayətkar birlik…

Hökmə əsasən Nizami Nağıyev, Mahir Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov, Qədir Abbasov, Rizvan Məmmədov, Qalib Babayev Tariyel Ramiz oğlu Ramazanov istintaqa məlum olmayan, özlərini İran İslam Respublikası vətəndaşlan kimi təqdim edən “Məhəmməd” və “Nəsrullah” adlı şəxslərin 1993-cü ildə Azərbaycanda, o cümlədən Bakı şəhərində islam dininin müdafiəsi pərdəsi altında ağır və xüsusilə ağır cinayətlər törədilməsi məqsədi ilə yaratdıqları “Vilayəti Əl-Fəqih Hizbullah” adlı cinayətkar birliyə qəbul olunublar. 1993-cü ildən 2000-ci il oktyabrınadək orada iştirak ediblər.

ziya bünyadov ile ilgili görsel sonucu

Ev, silah sursat alıb cinayətə hazırlıq görüblər

Hökmdən belə aydın olur ki, Nizami Nağıyev, Mahir Zeynalov, Qalib Babayev və birliyin digər üzvü Cavanşir Aslanov Tariyel Ramazanovun göstərişi ilə Cəlilabad rayonu ərazisindən qanunsuz olaraq İrana keçiblər.  Tehran şəhəri yaxınlığında yerləşən mərkəzdə 3 ay müddətində əlbəyaxa, küçə və kənd şəraitində döyüşlər, gizli müşahidə və sair təlimlər keçiblər. Oradan qayıdandan sonra isə Tariyel Ramazanov Nizami Nağıyevə 32 min dollar verib və o, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85/259 “a” nömrəli evi alıb.  Sonradan həmin evin zirzəmisində cinayətkar birliyin istifadəsi üçün gətiriləcək silahların saxlanması məqsədi ilə quyu qazdırıb. 1996-cı ilin martında Cavanşir Aslanovla birlikdə Tariyel Ramazanovun göstərişi ilə əldə etdiyi 2 avtomat, 1 pulemyot, 5 ədəd müxtəlif markalı tapança, 3 ədəd səsboğucu qurğu, bir ədəd əl qumbarası və müxtəlif çaplı patronları daşıyıb həmin evə aparıb.  Həmin silah sursatı Tariyel Ramazanov, Mahir Zeynalov, Qalib Babayev və Maarif Əliyevlə birlikdə zirzəmidə qazılmış quyuda gizlədərək saxlayıb.

Ziya Bünyadovun xidməti, siyasi fəaliyyətinə son qoymaq qərarlaşdırılıb

ziya bünyadov ile ilgili görsel sonucu

Hökmə görə dəstə üzvləri 1997-ci ilin yanvarında Bakıda yığıncaq keçiriblər. Yığıncaqda Nizami Nağıyev, Cavanşir Aslanov, Mahir Zeynalov, Qalib Babayev, Tariyel Ramazanov, “Nəsrullah” adlı şəxs iştirak edib və akademik Ziya Bünyadovun xidməti, siyasi fəaliyyətinə son qoymaq qərarlaşdırılıb. Qətlin həyata keçirilməsi planı qurulub, hər birinin rolunu öz aralarında bölüşdürüblər. Yığıncaqda akademikin İran müsteyidləri tərəfindən ölümünə “fətva” verildiyi vuğrulanıb. Bildirilib ki, Ziya Bünyadov islam tarixinin tərcüməsində guya kobud səhvlərə yol verib. 

Akademiki 2 qatil qrupu izləyib

1997-ci ilin yanvarın axırları - fevralın əvvəllərində Nizami Nağıyev, Cavanşir Aslanov və Tariyel Ramazanov Ziya Bünyadovun yaşadığı evin yerləşdiyi ərazini, giriş-çıxış yollarını öyrəniblər. Mahir Zeynalov və Qalib Babayev isə qeyrilərinin köməkliyi ilə Ziya Bünyadovu və xidməti avtomobilini gizli müşahidə etməklə onun hərəkət sxemini tərtib ediblər. 21 fevral 1997-ci il 16 radələrində 2 qrupa ayrılıblar. Tapança-pulemyotla silahlanmış Tariyel Ramazanov və Cavanşir Aslanov akademik Ziya Bünyadovun evə qayıtma vaxtını mobil telefon vasitəsi ilə 2-ci qrupa məlumat verib. Nizami Nağıyev bıçaqla, Qalib Babayev isə tapança ilə silahlanıb Mahir Zeynalovla birlikdə avtomaşınla akademik Ziya Bünyadovun yaşadığı binanın yaxınlığında növbəti zəngi gözləyiblər.

Qatil akademikə 5 bıçaq vurub, digəri də özünü çatdırıb, tapançadan atəş açıb

Axşamüstü 6 radələrində Tariyel Ramazanov akademik Ziya Bünyadovun evinə gəlməsi barədə məlumat Mahir Zeynalova məlumat verib. O, kənar şəxslər barədə işarə vermək məqsədi ilə avtomaşında qalıb, Qalib Babayev binanın tinində, Nizami Nağıyev isə 3-cü girişin qarşısmda mövqe tutublar. Akademik Ziya Bünyadovun mənzlinə tək getməsi barədə Qalib Babayevin işarəsindən sonra Nizami Nağıyev binanın 3-cü girişinə daxil olaraq gözləyib. 1-ci və 2-ci mərtəbələrin arasındakı meydançada Ziya Bünyadovun arxa tərəfinə keçib və ona sağ və sol qabırğaaltı, qarın nahiyələrinə, sol əlin arxa bayır səthinə 5 dəfə ardıcıl zərbə vurub. Həmin vaxt hadisə yerinə Qalib Babayev də özünü çatdırıb və “Makarov” markalı səsboğucusu olan tapançadan Ziya Bünyadovun sifətinin sağ yanaq nahiyəsinə və boynuna atəş açıb. Akademikin həyatına son qoyan hər iki şəxs Mahir Zeynalovla birgə avtomobillə hadisə yerindən qaçıblar.

Qətldən 1 ay 3 gün sonra sərhəddi keçəndə dəstə üzvləri sərhədçilərlə toqquşub

24 mart 1997-ci ildə Nizami Nağıyev, Mahir Zeynalov, Tariyel Ramazanov, Qalib Babayev, Cavanşir Aslanov və Xanlar Cabbarov Vüsal Nəzərovun vasitəçiliyi ilə gizli yolla İrana keçmək istəyiblər. Həmin vaxt sərhəd zastavasının əsgəri Təyyar Ağakərim oğlu Ələkbərovu rüşvət verməklə ələ alıblar. O da öz növbəsində növbədə olan əsgər Fuad Cümşüd oğlu Məmmədovu sərhəd qaydalarım pozmağa təhrik edib. Dəstə üzvləri əsgərlərlə birgə sərhəd istiqamətində hərəkət edərkən xidmətdə olan digər əsgərlər Rasif Niyazi oğlu Baxışov və Rauf Qasıməli oğlu Cəfərova müqavimət göstəriblər. Onlara basqın edib Təyyar Ələkbərovun xidməti avtomat silahını əlindən alıblar. Həmin vaxt Rauf Cəfərovun silah tətbiq etməsi nəticəsində Qalib Babayev ölüb, sıravi Rasif Baxışov ağır dərəcəli bədən xəsarəti alıb. Nizami Nağıyev, Mahir Zeynalov, Tariyel Ramazanov, Xanlar Cabbarov və Cavanşir Aslanov isə hadisə yerindən qaçaraq İran ərazisinə keçiblər.

Nizami Nağıyev məhkəmədən bəraət istəmişdi

2000-ci ildə həbs olunandan sonra Nizami Nağıyev və digəriləri məhkəmə qarşısına çıxarılıb müddətli və müddətsiz azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Hökmdən Nizami Nağıyev, digəriləri və müdafiəçiləri apelyasiya şikayətləri verərək bəraət hökmü çıxarılmasını xahiş etmişdilər. Apelyasiya Məhkəməsinin cinayət və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmi kollegiyasının 24 iyul 2001-ci il tarixli qərarı ilə Nizami Nağıyev və müdafiəçisinin apellyasiya şikayətləri təmin edilməmişdi. Hökm ona aid hissədə dəyişdirilmədən saxlanılmışdı.

N.Nağıyev o dövrdə Ali Məhkəməyə müraciət etməmişdi. Apelyasiya Məhkəməsi onun barəsində hökmü qüvvdə saxlayarkən birinci instansiya məhkəməsinin  hökmündə yer alan sübutlara istinad etmişdi. Apelyasiya instansiyasının qərarından oxuyuruq:  

“Belə ki, məhkəmə baxışı zamanı ona elan edilmiş ittihamda özünü təqsirli bilməyib, ifadə verməkdən imtina etdiyindən Nağıyev Nizami Adil oğlunun ibtidai istintaq zamanı videoçəkiliş aparılmaqla verdiyi ifadələri və ifadəsi yerində yoxlanılarkən göstərdiyi məlumatlar məhkəmə baxışında tədqiq edildi. Nizami Nağıyev məhkəməyədək icraat zamanı ifadələrində və bu ifadələri yerində yoxlanılarkən, akademik Ziya Bünyadovun qətlinin hazırlığı və icrası ilə bağlı məlumatlar verib, cinayətin digər iştirakçıları ilə birlikdə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85/259 “a” nömrəli konspirativ evdə odlu silah və döyüş sursatlarının gizlədildiyini izah edib. Həmin evdə Tariyel Ramazanov, Qalib Babayev, Mahir Zeynalov və Cavanşir Aslanovla birlikdə akademik Ziya Bünyadovun qətlinin planını hazırladıqlarını bildirib. 21 fevral 1997-ci ildə Tariyel Ramazanovun Cavanşir Aslanovla birlikdə Ziya Bünyadovu izlədikləri istiqaməti göstərib, Ziya Bünyadovu Qalib Babayevlə birlikdə qətlə yetirmələrini, bu zaman Mahir Zeynalovun yaxınlıqdakı avtomobildə olması, özünün Ziya Bünyadova bıçaqla zərbələr endirməsini etiraf edib. İranlı “Nəsrulla”dan eşitdiyinə görə Ziya Bünyadovun barəsində “fətva”nın “müştehidlər” tərəfindən verilməsini, Ziya Bünyadovun qətlə yetirilməsində digər dəstə üzvü Xanlar Cabbarovun da iştirak etməsini bildirib”.

Akademik “fin” bıçağı, “Makarov” tipli tapança ilə öldürülüb

Apelyasiya instansiyanın qərarında qətlinin icra mexanizmi ilə bağlı Nizami Nağıyevin ibtidai istintaq zamanı göstərdiyi məlumatları Mahir Zeynalov da məhkəməyədək icraat zamanı ifadələrində təsdiq etdiyi yer alır: “Əvvəldən müəyyən etdikləri plana əsasən Ziya Bünyadovu Nizami Nağıyev bıçaqla vurmalı idi. 21 fevral 1997-ci ildə Qalib Babayev özü ilə səsboğucu qurğusu olan “Makarov” tipli tapança, Nizami Nağıyev isə “fin” tipli bıçaq götürüb və onlar Qalib Babayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Ziya Bünyadovun yaşadığı binanın yaxınlığına gəliblər. Orada Qalib Babayev özündə olan tapança, Nizami Nağıyev isə bıçaqla avtomaşından düşüb binanın giriş hissəsinə tərəf gedib, o isə razılaşdıqları kimi avtomaşında qalıb. Bir azdan, saat 18.10 radələrində Nizami Nağıyev və Qalib Babayev qaça-qaça gəlib avtomaşına oturub və sonuncu avtomaşını idarə edərək oradan uzaqlaşıblar.

Tehran şəhərindəki “mərkəz”də silahla rəftar, döyüş aparma qaydaları…

Məhkum Mahir Zeynalov məhkəmə istintaqında verdiyi ifadəsində göstərib ki, 1994-cü ilin dekabrında Tariyel Ramazanovun göstərişi ilə Qalib Babayev, Cavanşir Aslanov və Nizami Nağıyevlə birlikdə Cəlilabad şəhərində yaşayan Vüsal Nəzərovun vasitəsilə sərhədi qanunsuz keçib İrana keçib, Tehran şəhərindəki “mərkəz”də silahla rəftar, döyüş aparma qaydaları, partlayıcı maddələrdən istifadə, atəş açma ilə bağlı təlimlər keçiblər. Bakıya qayıtdıqdan sonra Tariyel Ramazanov onlardan hesabat alıb. Bundan başqa, 1996-cı ilin sentyabrında Tariyel Ramazanovun tapşırığı əsasında Maarif Əliyev və Tahirlə birlikdə Vüsal Nəzərovun vasitəsilə sərhədi qanunsuz keçib yenidən İrana gedib, Tehran şəhərindəki həmin “mərkəz”də təlim keçiblər. Tariyel Ramazanovun verdiyi pulla gələcəkdə istifadə etmələri üçün ona, Cavanşirə və Qalibə avtomobillər, Nizaminin adına ev alınıb, o isə kirayə ev tutub. 1997-ci ilin əvvəllərində növbəti toplantıda İran vətəndaşı Nəsrulla da iştirak edib, din yolunda düşmənlərlə mübarizə aparmağı, həmçinin peyğəmbəri söydüyündən Ziya Bünyadovun İranda “fətva”sının verildiyini bildirib, Tariyel Ramazanov da Nəsrullanın dediyini təsdiq edib. Orada Tariyel Ramazanov ona və Qalibə Ziya Bünyadovun izlənməsini, hərəkət marşrutunun sxemləşdirilməsini tapşırıb.

Qalib Babayevi sərhəddə öldürüblər

1997-ci ilin yanvarında Cəlil Məmmədquluzadə küçəsindəki evdə silah və sursat gizlədiblər. 21 fevral 1997-ci ildə Ziya Bünyadovun qətlindən sonra o, Tariyel, Nizami, Xanlar, Cavanşir və Qalib Cəlilabad şəhərində yaşayan Vüsal Nəzərovun vasitəsilə sərhədi qanunsuz İrana keçmək istərkən silahlı insident baş verib, nəticədə Qalib sərhədçilər tərəfindən öldürülüb. Onlar isə İrana keçməyə nail olublar. İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən, Mahir Zeynalov Nizami Nağıyevin adına alınmış Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85/259 “a” ünvandakı evi təqdim edib, orada Qalib Babayev, Tariyel Ramazanov, Nizami Nağıyev və Cavanşir Aslanovla birlikdə akademik Ziya Bünyadovun qətlini planlaşdırdıqlarını bildirib, yaratdıqları təşkilat üçün zirzəmi istiqamətində silah və sursatın gizlədildiyi yeri göstərib. Həmin yerdə qazıntı işləri aparıldıqda avtomat silahlar, tapançalar, əl qumbarası, patronlar, odlu silahların komponent hissələri aşkar edilərək götürülüb”.

Əlbəyaxa olan şəxsə tərəf atəş açıb

ziya bünyadov məhkəmə ile ilgili görsel sonucu

Apelyasiya instansiyasının qərarında akademik Ziya Bünyadova Qalib Babayev tərəfindən “PM” markalı tapançadan 3 dəfə atəş açılması ilə bağlı Nizami Nağıyevin istintaqda, Mahir Zeynalovun isə həm istintaq, həmçinin məhkəmədə verdiyi ifadələri sübut kimi əsas götürülüb. İş üzrə sərhəd zastavasının əsgəri Rasif Niyazi oğlu Baxışov zərərçəkən kimi tanınıb.  Əsgər məhkəmədə verdiyi ifadəsində 6 nəfər sərhəd pozucusunun dövlət sərhədini keçmək üçün ona və Rauf Cəfərova hücum etmələrini, sonuncunun silah tətbiq edib onlardan birini yaralamasını, bu zaman özünün də xəsarət almasını, 5 nəfərin isə İrana keçməsini göstərib. Digər əsgər Rauf Cəfərov isə iş üzrə şahid qismində tanınmışdı. O, zərərçəkmiş Rasif Baxışovun göstərdiyi məlumatları təsdiq edib bildirmişdi ki, sərhəd pozucuları Rasif Baxışova hücum etdiklərindən o xəbərdarlıq atəşi, eləcə də Rasif Baxışovla əlbəyaxa olan şəxsə tərəf atəşlər açıb. Nəticədə sərhəd pozucularının biri, eləcə də Rasif Baxışov xəsarət alıb, digər sərhəd pozucuları isə özlərində olan silahı tullayıb sərhədin o biri tayına qaçıblar.

Akademikin ölümünə fətva Moisey Kalankatuklunun “Alban tarixi” kitabını tərcümə etməsinə görə verilib?

İş üzrə mərhum akademikin bu gün haqq dünyasında olan həyat yoldaşı Tahirə Heydər qızı Bünyadovanın da ifadəsi yer alıb.  Tahirə Bünyadovanın məhkəmədə tədqiq olunan ifadəsindən belə aydın olurdu ki, Ziya Bünyadov ölümündən əvvəl İrana getmək üçün həmin ölkənin Bakıdakı səfirliyinə müraciət edib. Həmin vaxt ona  Moisey Kalankatuklunun “Alban tarixi” kitabını Azərbaycan dilinə tərcümə etdiyinə görə irad tutulub. Qərarda yer alan digər maraqlı məqam isə 1989-cu ilin sentyabr ayının 24-də İranın Biləsuvar şəhərində Beynəlmiləl konqresdə iştirak etmək üçün dəvət olunmuş Ziya Bünyadovun orada yol qəzasına düşməsi ilə bağlıdır.

Elmi işçi deyir ki…

Azərbaycan Respublikası Elmlər Akademiyasının aparıcı elmi işçisi Qiyasəddin Əsgər oğlu Qeybullayev məhkəmədə verdiyi ifadəsində göstərib ki, ölümündən bir az əvvəl Ziya Bünyadovla söhbəti olub. Söhbət zamanı  ona bildirib ki, İrana getmək üçün həmin ölkənin Bakıdakı səfirliyinə müraciət edərkən, səfirliyin əməkdaşlarından biri ona İran din xadimlərinin onun barəsində “fətva” vermələri barədə məlumat verib. Bundan əvvəl isə akademik İranda olarkən naməlum səbəbdən avtomobil qəzasına düşüb, təsadüf nəticəsində sağ qalıbdır.

İrandakı səfir akademikin qətli haqda ifadəsində nə deyib?

 Cinayət dosyesində o dövrdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuş Əlyar Qurbanəli oğlu Səfərlinin də məhkəmədə verdiyi ifadə də yer alır.

Həmin ifadəni də təqdim edirik:

“7 sentyabr 1995-ci ildə İran Milli Məclisinin binasında keçirilən yığıncaqda millət vəkili Pur Qurbanlı ona(Əlyar Səfərliyə) Bakıda nəşr olunmuş Moisey Kalankatuklunun “Alban tarixi” kitabının müqəddiməsində islam dini və onun Peyğəmbəri haqda xoşagəlməz ifadələr işlədildiyini bildirib, o isə akademik Ziya Bünyadov tərəfindən yazılan ön sözdə heç bir xoşagəlməz ifadə olmadığını deyib”.

İrandakı səfirliyin 2-ci katibi də məhkəmədə ifadə verənlərdən olub

Həmin dövrdə məhkəmədə ifadə verənlərdən biri də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində 2-ci katib vəzifəsində işləmiş Cavanşir Mehdixan oğlu Vəkilov olub. O, məhkəmədə verdiyi ifadəsində akademik Ziya Bünyadovun guya ki, islam dini və onun Peyğəmbəri haqda xoşagəlməz ifadələr yazdığına görə onun barəsində dindarların “fətva” verdiyini eşitdiyini göstərib.

Bank işçisi akademikin qara “Volqa” ilə izləndiyini açıqlayıb

İş üzrə şahid qismində ifadə verənlərdən biri də Ziya  Bünyadovun evinin yaxınlığında olan bankda mühafizəçi işləmiş Şamil Kamil oğlu Əliyev olub.

O məhkəmədə verdiyi ifadəsində bildirib ki, 1997-ci ilin yanvar ayında qara rəngli “QAZ-24 - Volqa” markalı avtomobildə olan şəxslərin akademik Ziya Bünyadovun yaşadığı binanı müşahidə etmələrinin şahidi olub. Fotoşəkil üzrə aparılmış tanınma zamanı isə avtomobilin qabaq sağ oturacağında olan şəxsin Qalib Babayevin olmasını tanıyıb.

Bu da ev satanın ifadəsi

Şahid Səlimbəy Həsənbəy oğlu Ağabalayev məhkəmədə verdiyi ifadəsindən görünür ki, o, şəxsi mülkiyyətində olan Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85/259 “a” ünvandakı evini 24 avqust 1995-ci ildə Nizami Adil oğlu Nağıyevə 32 min dollara satıb.

Məhkəmə göz yaşlarına inanmır…

Apelyasiya məhkəməsinin qərarında Nizami Nağıyevin ona istinad olunan cinayət əməllərini törətməkdə təqsirliliyini sübut edən məqamlar aşağıdakı kimi sıralanır:

- hadisə yerindən götürülən 3 ədəd giliz və 2 ədəd güllənin, Ziya Bünyadovun bədənindən götürülən 1 ədəd güllənin səsboğucusu olan “Makarov” tipli eyni silahdan atılması, həmin güllə və gilizlərin əvvəllər 3 ədəd vahid patronların hissələri olması; Ziya Bünyadovun paltarlarında deşici kəsici alətin təsirindən və 9 mm çaplı silahdan atılmış güllədən yaranmış zədələrin olması; müayinə zamanı rəqəmləri yazılmış 2 ədəd gilizin və Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85/259 “a” ünvandan aşkar edilmiş üzərində “10-82” nömrəsi olan 21 ədəd patronun zavod üsulu ilə istehsal olunmuş 9,0 mm kalibrli olmaqla “Makarov” və “Steçkin” konstruksiyalı tapançalarda atəş acmaq üçün nəzərdə tutulması barədə məhkəmə tibbi, ballistik və kriminalistik ekspertizalarının müvafiq rəyləri.

Bundan başqa cinayətkar birlik üzvlərinin hadisə zamanı istifadə etdikləri 210-26-32 və 210-06-18 nömrəli mobil telefonların danışıq siyahısı;

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85/259 “a” ünvandakı evin Bakı şəhəri 25 nömrəli Dövlət Notariat Kontorunun təsdiq etdiyi 25 iyul 1995-ci il tarixli müqaviləyə əsasən Nizami Adil oğlu Nağıyev tərəfindən 36 min dollara alınması, sonradan həmin yaşayış sahəsinin Bakı şəhəri 22 nömrəli Dövlət Notariat Kontorunun təsdiq etdiyi 22 aprel 1997-ci il tarixli müqaviləyə əsasən cinayətkar birliyin digər üzvü Əliyev Maarif İdris oğlunun adma sənədləşdirilməsi; eləcə də, məhkəmə bioloji ekspertizasının 12-20 oktyabr 2000-ci il tarixli 255/2000 nömrəli rəyi ilə də təsdiq olunur.

Məhkəmə bioloji ekspertizasının rəyinə əsasən, Nizami Nağıyevin ABO sistemi üzrə qan qrupu 0 alfa-beta (l)-dir. Mərhum akademik Ziya Bünyadovun plaşı üzərindən götürülmüş tük 0 (1) qan qruplu şəxsə məxsusdur. Bu tük Nizami Nağıyevin ətraf tükləri ilə oxşarlıq təşkil edir, həmin tükün Nizami Nağıyevin ətraf tüklərinə aid olduğunu inkar etmək olmaz.

Bundan başqa, akademik Ziya Bünyadovu izlənməsi faktı dəstə üzvü Mahir Zeynalovun ibtidai istintaq və məhkəmədə verdiyi ifadələri ilə bərabər, Qalib Babayevin evindən aşkar edilərək götürülmüş və məhkəmədə tədqiq olunan sxemlə də təsdiq olur.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 1 698          Tarix: 31-01-2018, 21:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma