Sərdar Cəlaloğlu “Azərbaycanın nazirlərindən birinin 15 nəfərin qətlində əli var!” deyəndə kimi nəzərdə tutub?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu son dərəcə ilginc açıqlama ilə çıxış edib. Partiya sədri ovqat.com saytına müsahibəsində “Azərbaycanın nazirlərindən birinin 15 nəfərin qətlində əli var!” fikrini işlədib. Müsahibədən sitat:
“Hətta nazirlərdən birinin 15 nəfərin qətlində əli olduğu barədə məlumatlar var. Qurbanlarından 3-ü isə öz katibələridir. Bizə bu barədə təfsilatlı məlumat verilmişdi və 200 şahid həmin sənədə imza atmışdı. Biz də öz növbəmizdə həmin məlumatları Baş Prokurorluğa ötürdük. Di gəl ki, heç bir ölçü götürülmədi. Digər nazirlər də onun kimi, vətəndaşlara qarşı ağır cinayətlərdə, xarici dövlətlərə işləməkdə günahlandırılırlar”.
S.Cəlaloğlunun qətllərdə ittiham etdiyi nazir kimdir?
Bu günə qədər mətbuatda ətrafında müəmmalı qətllər baş verən məmur kimi daha çox sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı hallanıb. Bu haqda Z.Məmmədov vəzifədə olduğu illərdə də yazılıb. Ziya Məmmədovun adı hallanan sonuncu ölüm işi 2015-ci ilin martında baş verib. İş adamı, Z.Məmmədovun şirkəti ilə 3 illik məhkəmə davası olan 1970-ci il təvəllüdlü Füzuli Şubay oğlu Qasımovun meyiti martın 11-də, səhər saat 11 radələrində paytaxtın Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdəki iş otağında aşkarlandı. O, odlu silahdan ürək nahiyəsinə açılmış atəş nəticəsində həyatını itirmişdi. İş adamının ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlandı və sonradan işə xitam verdilər. Həmin vaxt Z.Məmmədov vəzifədə idi, vəzifəsini itirməyə 2 il qalırdı. Bu gün “vurulmuş” nazir statusunda olan Z.Məmmədovun ailə holdinqi Füzuli Qasımovun Goranboydakı gips karxanasını almaq istəyirdi. Ölümündən 3 il əvvəl, 2012-ci ilin martında F.Qasımov “Yeni Müsavat”a müraciət edərək üzləşdiyi haqsızlıqlarla bağlı yazı hazırlamağımızı xahiş etmiş, əməkdaşlarımızı Goranboya dəvət etmişdi. İstəyi bu idi ki, nəqliyyat naziri Ziya Məmmədovun ona qarşı qanunsuzluqları ictimailəşsin, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılsın. Həmin vaxt nazirlə çəkişən iş adamı qəzetimizə bunları demişdi. Sitat: “Biz bu torpaqları ermənidən almışıq. İndi də Ziya Məmmədov, onun oğlu Anar Məmmədov və ətrafları bu torpaqları əlimizdən almaq istəyir”. Bu gün F.Qasımov dünyada deyil, onun “Goranboy gips”in karxanasından Ziya Məmmədovun holdinqi qazanır.
F.Qasımovun ölümündən 5 il əvvəl Z.Məmmədovun ətrafında daha bir müəmmalı ölüm işi baş vermişdi.
“Yeni Müsavat”ın 23.06.2010-cu il tarixli sayında “Ziya Məmmədovun adı şübhəli ölüm işində”
(http://musavat.com/news/ziya-memmedovun-adi-subheli-olum-isinde_79305.html ttp://musavat.com/news/ziya-memmedovun-adi-subheli-olum-isinde_79305.html) sərlövhəli yazıda sabiq nazirin adı Dövlət Dəmir Yol İdarəsinin rəisi işləmiş Adil Məmmədovun müəmmalı ölümündə hallanırdı.
Bu haqda qəzetə açıqlama verən A.Məmmədovun qardaşı F.Məmmədov bunları demişdi.
Sitat:
“Adil Moskva Dəmir Yol İnstitutunu qırmızı diplomla bitirdi. 80-ci illərin əvvəllərində Bakıya qayıdaraq Dövlət Dəmir Yol İdarəsində (DDYİ) işə düzəldi. Həmin vaxt indiki nəqliyyat naziri Ziya Məmmədov da həmin idarədə depoda işləyirdi. Bildiyimə görə, Ziya Məmmədov institutu qiyabi, güc-bəla ilə 10-11 ilə bitirib. 90-cı ilin əvvəllərində Dövlət Dəmir Yol İdarəsinin tabeçiliyində ”Azərreyl" şirkəti yaradılıb. O vaxt bu şirkəti MDB məkanında Boris Berezovski təsis etmişdi. Adildən əvvəl həmin şirkətin prezidenti Bəhram adlı şəxs olub. Adil isə onun müavini idi. Təxminən 1999-cu ildə Adil həmin şirkətin prezidenti oldu. Ziya Məmmədov Dəmir Yol İdarəsinə rəis təyin ediləndən sonra qardaşımla münasibətləri pisləşdi. Bundan sonra Adil Məmmədov “Azərreyl” prezidenti vəzifəsini itirdi. Adil 1999-cu ildə “Azərreyl” şirkətində mühasib işləyən Şəlalə Rəhman qızı Verdiyeva ilə ailə qurmuşdu. 2004-cü il iyul ayının 15-də gecə Adilin səhhəti Mərdəkandakı bağ evində qəfil pisləşib. Həmin gecə intuitiv olaraq nəsə hiss etdiyimdən Adilin mobil telefonuna zəng etdim. İyulun 16-da axşamtərəfi eşitdim ki, qardaşım dünyasını dəyişib. Bakıya gəldik. “Göy Məscid”də meyiti ekspertizadan keçirmədən kəfənə bükülmüş vəziyyətdə bizə təhvil verdilər. Biz də meyiti Qubaya aparıb orada dəfn etdik. Deyilənə görə, Adil vəziyyəti pisləşəndən bir neçə saat sonra Mərdəkandakı Kordioloji Mərkəzə gedib və orada ona iynə vurublar. Vəziyyəti yaxşılaşsa da, sonradan qəfildən ölüb".
F.Məmmədov demişdi ki, qardaşının həyat yoldaşı söhbət zamanı ona Adilin Ziya Məmmədov tərəfindən öldürüldüyünü deyib. Sitat: “Mən Şəlalədən niyə telefona cavab vermədiyini və vaxtında təcili yardım çağırmadığını soruşanda o, rusca ”Eqo Ziya ubil da" deyə cavab verdi".
Z.Məmmədovun oğlu Anar Məmmədovun adının mərkəzi fiqur kimi keçdiyi bir ölüm işi haqda 2013-cü ilin iyul ayının 17-də Türkiyənin “Hürriyet” qəzetində Yalçın Bayerin köşə yazısında bəhs edilirdi. Yazıda nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun mühafizəçisi olan bir Türkiyə vətəndaşının güllələnməsindən bəhs edilirdi.
Bu, Məmmədovlar ətrafında olan və güllə yarası alan ilk mühafizəçi deyildi. Hələ onu bəxti gətirmişlərdən də saymaq olar. Salyan qəbiristanlığında Anar Məmmədovun mühafizəçisi olmuş Nizami Dadaşov adlı şəxsin qəbri var. Bu şəxs 2000-ci ilin mayına qədər A. Məmmədovun mühafizəçisi olub. İdmançı olan həmin şəxs güllə ilə vurularaq öldürülüb. Rəsmi versiyalarda onun avtomobil qəzasında həlak olduğu iddia edilib. Amma camaat arasında belə söhbət gəzir ki, meyiti yuyan molla “mərhumun bədənində güllə yarası var” sözlərini ağzından qaçırıb. Bundan sonra bir neçə gün yoxa çıxıb, sonra isə bu söhbəti tamamilə “unudub”.
N.Dadaşovun öldürülməsindən bir müddət sonra Ziya Məmmədovun başqa bir mühafizəçisi, Şimali Qafqazdan olan Altaf adlı idmançı yoxa çıxıb. Mühafizəçi Azərbaycan vətəndaşı olmadığına görə onun necə yoxa çıxdığı, öldüsü-qaldısı bu gün də bilinmir. Z. Məmmədovun daha bir mühafizəçi, Masallıdan olan Eldəniz Qurbanovu 2008-ci il, martın 1-də qətlə yetiriblər. Bu günə qədər bu qətlin hansı şəraitdə törədilməsi ictimaiyyətdən gizlədilir.
Z.Məmmədovun Cəmil adlı cangüdəni isə vaxtilə Salyanın Qaraqaşlı kəndində yaşayıb. O, nazirin mühafizəsindən ayrılandan sonra ciddi təqiblərə məruz qalıb. Onu uzaq Sibirdə aşkarlayıb qətlə yetiriblər.
2014-cü il iyulun 11-də “Garant Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Natəvan Əliyevanın meyiti yaşadığı ünvanda aşkarlanmışdı. Salyandan olan bu xanımın evində usta işləmiş şəxs tərəfindən öldürüldüyü açıqlanmışdı...
S.Cəlaloğlunun bəhs etdiyi nazirin məhz Z.Məmmədov olmasını söyləmək çətindir. Məsələnin bu tərəfi odur ki, araşdırılmalı faktlar ortadadır.
E.HÜSEYNOV
Musavat.com
Paylaş: