Xəbər lenti

Fuad Əliyev: “Müxalifət üçün hər bir seçki, hər bir il ağır keçir”

Azərbaycan siyasətinin gənc nümayəndələrindən biridir Fuad Əliyev. “Qaynar Qazan”da zaman-zaman gənclərin də olmasını tələb edənlərin arzularına uyğun olaraq, bu dəfə onu dəvət etdik. Siyahımızda vardı təbii ki. Bir çox başqa gənc təmsilçilər kimi, bu dəfə onu “Qaynar Qazan”da dindirmək, danışdırmaq istədik. Məmnuniyyətlə vədələşdik.

Fuad Əliyev Azərbaycan siyasətinin ən sakit, qalmaqal sevməyən, bir az da fağır nümayəndələrindən biridir. Ən azından, kənardan görünən odur. Amma çalışqandır və bu, hər halından hiss olunur. Öz çapında layihələri, fəaliyyəti var və bunu diqqətlə baxanda görmək olur. Xüsusilə, qonşuları ilə müqayisədə bu, daha qabarıq diqqətə gəlir. Liberal Demokrat Partiyası İlyas İsmayılovun sədrlik etdiyi Ədalət Partiyası və deputat Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyası ilə qonşudur. Neçə dəfə getmişəm, bu partiyaları hərəkətsiz görmüşəm. İlyas müəllimin partiyasında bir az hərəkət olsa da, Fazil Mustafanın partiyasının qapısı hər zaman bağlı olur. Amma ALDP-də hər zaman kimsə olur. Toplantılar keçirir, nəsə edirlər. Təbii ki, bütün bunlar müxalifət olmaq, millətin problemlərini həll etmək üçün yetərli deyil, amma neyləməli, siyasətimizin durumu və günü budur.

Fuad Əliyevlə “Qaynar Qazan”da müsahibə hər zamankı qovğalı vaxtımıza təsadüf elədi. Biz müsahibəni götürəndə Mehman Əliyevlə müsahibə hazırlanırdı. Mehman Əliyevlə müsahibədən sonra Fuad Əliyevin müsahibəsini yayınlamaq planımız vardı. “Qaynar Qazan”ın formatı ağırdır. Müsahibənin montajı, sonra yazıya köçürülməsi vaxtaparan və əziyyətlidir, ancaq planlaşdıranda normal ahəng tutmaq olur. Söhbət əsnasında məlum olmuşdu ki, sən demə, Fuad Əliyevin sədri olduğu Azərbaycan Liberal Demokrat Partiyasının quruluş tarixi 19 il bundan əvvəl – yanvarın 30-dur. Biz də ona görə müsahibəni Azərbaycan Liberal Demokrat Partiyasının ildönümündə yayınlamağı düşündük. Amma sən saydığını say, gör Baş Prokurorluq nə sayır.

Mehman Əliyevin müsahibəsinin dərsi və qoparılan ajiotaj başımızı elə qarışdırdı ki, müsahibə bu günlərə qədər gəldi. Arada Rəsul Quliyevin Emin Hüseynova verdiyi canlı yayın az qala yenə planımızı pozacaqdı ki, bu dəfə də növbədənkənar prezident seçkiləri məsələsi meydana çıxdı. Yəni Fuad Əliyevdən müsahibənin götürüldüyü 21 yanvar tarixində nə Rəsul Quliyevin Emin Hüseynova verdiyi anlaşılmaz və ziddiyyət dolu müsahibə, nə mənim Baş Prokurorluğa məqsədsiz və mənasız çağırılmağım, nə də növbədənkənar prezident seçkiləri məsələsi yox idi. Biz elə bilirdik ki, seçkilər oktyabrın 17-də keçiriləcək və düşünürdüm ki, o zamana qədər Fuad Əliyev prezidentliyə namizəd olacaqsa, “Mənim Prezidentim” layihəsində ondan bir müsahibə daha götürəcəyəm. Olmadı. Hadisələr elə cərəyan etdi ki, gündəm elə dəyişdi ki, boykot söhbətlərinin Azərbaycanı başına götürdüyü bu günlərdə heç Fuad Əliyevin namizədliyini verib-verməyəcəyini belə bilmirəm.

Onun zavod direktorunun oğlu olduğunu bilmirdim. Atası çox böyük zavodlarda işləyib. Mənə çox maraqlı gəldi, direktor oğlu o zaman necə yaşayıb? Axı biz indi Fuad Əliyevin atasının bir zamanlar direktoru olduğu zavodların indiki direktorlarının kimlər olduğunu və onların balalarının dünyanın və Azərbaycanın müxtəlif bölgələrində nələr etdiklərinin milyonda birini bilirik. Bu milyonda biri bilmək belə bizim ağzımızı qulağımızın dibinə qədər heyrətdən əyə bilir. Bəs o necə olub? Necə yaşayıb? Heç nə! Atası Ağası Heydəroviç böyüyən və axşam bölümündə təhsil alan Fuadı Rəsul Quliyevin yanına gətirir və onu fəhlə götürməsini xahiş edir. Bir zamanlar onun özünü işə götürən və daha böyük vəzifəyə gedəndə onu öz yerinə direktor qoyan adamın oğlunu daha yaxşı işə götürmək istəyən Rəsul Quliyevə Ağası Heydəroviç daha sərt deyir – fəhlə olacaq. Vəssalam! Zamanın diqtəsi! İşçiləri ilə birlikdə növbəyə duran, püşklə 9-cu mərtəbəyə evi düşən, qapısına dəmir çərçivə qoyduğu üçün az qala həbs olunan bir zavod direktoru! Belə şeylərdir insanlarda sovetlərə nostalgiya yaradan. Fuad Əliyev həmin dövrün yaşantılarını keçirən və “Qaynar Qazan”a danışan bir müsahib oldu mənim üçün.

Bax belə. Bu dəfə “Qaynar Qazan”da qonağımız Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdir. İndi onu dinləyirik…

Əvəz Zeynallı,

“Qaynar Qazan”

 

I hissə

 

Bütün seçkilərdə iştirak etmişik

– Bu gün “Qaynar Qazan”da 46-cı qonağımızla söhbət edəcəyik. Qonağımız Azərbaycan Liberal Demokrat Partiyasının sədri, Azərbaycan siyasətinin gənc təmsilçilərindən biri Fuad Əliyevdir. Fuad bəy “Qaynar Qazan”a xoş gəlmisiniz.

– Xoş görüşdük.

– Necəsiniz? İl necə başlayıb?

– İl həmişəki kimi normal başlayıb. İlk iclasımızda 2018-ci il üçün qərarlar qəbul etmişik. Bilirsiniz ki, bu il prezident seçkiləri ilidir və biz keçən ildən başlayaraq qərar vermişik ki, seçkilərdə iştirak edəcəyik. İlk iclasda həmin qərarların icra olunması ilə bağlı hesabat vermişik və yəqin ki, mart-aprel aylarında artıq bizim Mərkəzi Seçki Qərargahı öz fəaliyyətinə başlayacaq. Bizdə Mərkəzi Seçki Qərargahı və Regional Seçki qərargahları var.

– Yəni siz bu il ciddi-ciddi prezidentliyə namizədliyinizi verəcəksiniz?

– Ümumiyyətlə, bizim partiyamız 1999-cu ildə yarandığı gündən – yeri gəlmişkən, yanvarın 30-da bizim təsis qurultayımız olub – bütün seçkilərdə iştirak etmişik. Bələdiyyə, parlament və prezident seçkilərində. 2003-cü ildə Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovu dəstəkləmiş, öz partiyamız adından namizədliyini irəli sürmüşük. 2008-ci ildən başlayaraq partiyamız müstəqil şəkildə öz namizədi ilə seçkilərdə iştirak edib. Yəni 2008 və 2013-cü illərdə mənim namizədliyim irəli sürülmüşdü.

– Siz Liberal Partiyasını o zaman ayrılıb qurdunuz, eləmi?

– Bəli, Liberal Demokrat Partiyasının əksər üzvləri, demək olar ki, 60 faizi Liberal Partiyasından çıxanlardır. Yəni rəhmətlik birinci sədrimiz Zakir Məmmədov partiyanın birinci müavini olub, ayrılandan sonra isə Liberal Demokrat Partiyasının demək olar ki, 60 faizi Liberal Partiyasından gəlib.

– Ayrılma səbəbləriniz nə idi?

– Mən o vaxtı proseslərdə açıq şəkildə iştirak etməmişəm. Rəhmətlik Zakir Məmmədov Liberal Partiyasının sədrinin apardığı siyasətə etiraz etdi, istefa verdi.

– Sədriniz Lalə Şövkət idi, eləmi?

– Bəli. Mən Liberal Partiyasının 2 ay idi üzvü olmuşdum. 1998-ci ildə Zakir Məmmədov oradan istefa vermişdi, amma mən 1997-ci ildə çıxmışdım. Mən cəmi 2 ay olmuşam o partiyada.

– Bəs niyə çıxdınız o partiyadan?

– Müəyyən məsələlər var ki, mən ona toxunmaq istəmirəm. Partiyalar arasında narazılıqların olmasına baxmayaraq, mən 2001-ci ildə sədr olandan sonra – bilirsiniz ki, 2000-ci ildə faciə baş vermiş, bizim birinci sədrimiz zəlzələ nəticəsində rəhmətə getmişdi – ilk görüşü Lalə Şövkətlə etdim. Mətbuatda gedən ümumi narazılığı götürmək üçün bunu etdik və çox sağ olsun ki, Lalə xanım da məni qəbul etdi. Ondan sonra biz Liberal Partiyası ilə normal müttəfiq olduq.

 

Lalə xanım çox təəssüf ki, 10 ildən artıqdır ki, siyasətdən kənarlaşıb

– Müttəfiqlik münasibətləriniz var?

– Bəli, bəli. Həm sədr Əvəz Temirxanla, həm də Lalə xanımla normal münasibətlərimiz var.

– Tural Əliyev soruşur: “Lalə Şövkət haqqında fikirləri maraqlıdır.”

– Bir qismini dedim, normal münasibətlərimiz var. Amma Lalə xanım çox təəssüf ki, 10 ildən artıqdır ki, siyasətdən kənarlaşıb. Çox təəssüf ki, siyasətdən belə tez uzaqlaşıb.

– Niyə kənarlaşıb, siz bilərsiniz?

– Açığı, yəqin müəyyən məsələlər var ki, onu açıqlamaq istəmir. Bu, onun öz qərarıdır. Hər halda yəqin ki, Liberal Partiyasının üzvləri bunu daha yaxşı bilər və Tural bəyin sualına özləri cavab verərlər.

– 2018-ci ilin ağır keçəcəyini söyləyənlər var. Siz nə düşünürsünüz?

– Ümumiyyətlə, müxalifət üçün hər bir seçki, hər bir il ağır keçir. Çünki biz mübarizə aparırıq. Bundan əvvəl müstəqil televiziyalar var idisə, indi ümumiyyətlə televiziya yoxdur. Müstəqil qəzetlərdən də 1-2-si qalıb.

– Heç müstəqil qəzet qalmayıb axı? Siz kimi hesab edirsiniz?

– Niyə, sizin “Xural” qəzeti?

– Biz hələ ki, çap mediası formasında çıxmırıq.

– Səhv etmirəmsə, çıxırsa “Azadlıq” qəzeti.

– Yox, “Azadlıq” da xeyli zamandır çıxmır.

– İnternet mediası da elə. Məsələn, bizim də bir saytımız vardı. Bir az fəaliyyət göstərdik, ancaq maliyyə məsələlərinə görə davam edə bilmədik, saxladıq. Yəni bu gün çox dar çərçivədə müxalifət öz fəaliyyətini göstərir. Ona görə deyirəm ki, hər il bizim üçün çətindir. Mən əsasən, televiziyadan danışıram. Çıxa bilmirik, qadağa qoyulub. İnternet televiziyaları var ki, onlara çıxandan sonra da onların özlərinə təzyiqlər olunur. Misal üçün, Kanal13-ün rəhbərliyi. Yəni hər il bizə ağırdır.

 

Sual verənlərin əksəriyyəti saxta profillərdir

– Nərmin Hüseynli yazır: “2008-ci il prezident seçkilərində Liberal Demokrat Partiyasının namizədi olaraq iştirak etdiniz, seçkilərdə özünüzü müxalifət partiyasının namizədi kimi təqdim etməyinizə baxmayaraq, daha çox İlham Əliyevin vəkili kimi danışdınız və seçki məntəqələri bağlanan kimi seçkilərin nəticələri məlum olmamış İlham Əliyevi təbrik edənlərin sırasında ilk duranlardan biri siz oldunuz. Bu hərəkəti nə ilə əlaqələndirirsiniz? Siz hələ də özünüzü müxalifət hesab edirsinizmi? Bu suala Cavid Şahverdiyev cavab verib: “Fuad Əliyev televiziyadakı çıxışlarının heç bir birində hakimiyyətin siyasətini dəstəkləməyib. İkincisi də İlham Əliyevi təbrik etmək siyasi mədəniyyətin göstəricisidir.” Amma bütün hallarda sizin fikriniz çox maraqlıdır.

– Bu suallarla tanışam. Biz araşdırıb müəyyən etmişik ki, sual verənlərin əksəriyyəti saxta profillərdir. Amma suala cavab vermək sözsüz ki, mümkündür. 2008-ci ildən bizim mətbuat xidmətinin bloqu var. Orada bizim fəaliyyətimizlə bağlı bütün məlumatlar var. İstənilən şəxs bununla tanış ola, girib baxa bilər. Digər tərəfdən, mənim bütün çıxışlarımda hakimiyyətə qarşı tənqidlərim olub. Çıxışlarımda korrupsiya və rüşvətlə bağlı danışmışam. Təbrik etməyə gəlincə, bu, çox normaldır. İstənilən futbol komandasını götürək. 90 dəqiqə bir-birilərinə qarşı necə sərt oynayırlar. Amma oyun qurtarandan sonra bir-birinin əlini sıxırlar, uduzan komanda udanı təbrik edir. Amma dediyi kimi deyil. Seçkilər qurtarıb, ondan sonra biz təbrik etmişik. Amma elə bir siyasətçi var ki, heç seçkilər başlamamış təbrik etmişdi İlham Əliyevi – özü də müxalifətdə ola-ola.

– Müxalifət lideri?

– Bəli.

– Kim idi ki?

– Hər halda mətbuatda gedib onun adı.

– Gedibsə deyin, maraqlıdır.

– Siz özünüz araşdıra bilərsiniz.

– Namizədlərdən idi?

– Yox, seçkilərdə iştirak etməyiblər, boykot ediblər. Bu saxta profilləri xanım adı ilə yaradan yoldaşın lider olaraq dəstəklədiyi lider 2008-ci ildə partiya olaraq İlham Əliyevi dəstəkləyib. Kim istəyirsə onu araşdırıb baxa bilər.

– Mən başa düşmədim, kimdən söhbət gedir. Bu saxta profillərin kimlər olduğunu da başa düşmədim. Anlaşılır ki, hansısa siyasilərdir bunlar?

– Bəli, bəli. Biz onların kimliyini bilirik.

– Amma hər halda tənqidi suallardan çəkinmirsiniz.

– Yox, heç bir problem yoxdur.

– Fuad bəy, təmsil olunduğunuz hansısa bir seçki bloku varmı? Bəzi partiyaların bir toplantısı var.

– Bizim Siyasi Əməkdaşlıq Mərkəzi var – orada 5 partiya toplaşıb. Belə bir razılığa gəlmişik ki, seçkilər yaxınlaşdıqca, müəyyənləşdirəcəyik ki, blok kimi, yoxsa partiyalar olaraq seçkilərdə iştirak edəcəyik. Hər halda LDP olaraq bu günə qərarımız odur ki, biz təkbaşına iştirak edəcəyik. Amma hansısa bir əməkdaşlıq təklifi olsa, biz onu müzakirə etməyə hazırıq.

– Bu Siyasi Əməkdaşlıq Mərkəzində 5 partiya var, deyəsən, onun 5-i də namizədlik irəli sürəcək.

– Yox, hələ ki bizdə dəqiq məlumat yoxdur. Ola bilər ki, həmin 5 partiyanın hər biri öz namizədi ilə iştirak eləsin, ola bilər ki, vahid namizəd olsun.

– “Vahid namizəd” də ola bilər?

– Hələ ki biz o məsələləri müzakirə etməmişik.

 

“Namizədlər Klubu” yaradılsın

– Yəni sizin namizədliyinizi irəli sürməyiniz Siyasi Əməkdaşlıq Mərkəzindəki fəaliyyətinizlə ziddiyyət təşkil etmir ki?

– Yox, təbii ki. Ümumiyyətlə, bizim partiyanın təklifi var ki, bir “Namizədlər Klubu” yaradılsın. Kim seçkilərdə iddialıdırsa, iştirak etmək istəyirsə ora üzv olur və mərhələ-mərhələ davam edirik. Namizədlik irəli sürülür, MSK-ya müraciət olunur, imzaları toplayırıq və qeydiyyatdan sonra – ola bilər 10 namizəd olsun, ola bilər 15 – nə qədər namizəd qalacaqsa, onların arasından biz seçim edirik. Vahid namizəd seçirik. Belə bir təklifimiz var. Amma indidən kiminsə xeyrinə namizədlik götürmək məncə düzgün deyil. Çünki indidən xeyrinə geri götürəcəyimiz namizəd MSK-da qeydə alınmaya bilər. Bu da bir neçə partiyanın kənarda qalmasına səbəb ola bilər.

– Siz zaman-zaman Rəsul Quliyevi də müdafiə edibsiniz.

– Bəli. Rəsul Quliyev əgər bu gün seçkilərdə iştirak etsə, dediyim mərhələləri keçmək şərti ilə biz yenə də onu müdafiə etməyə hazırıq.

– Rəsul bəy namizəd olacağını artıq elan edib.

– Biz hamımız elan etmişik. Amma yenə deyirəm, bütün mərhələləri keçəndən sonra Rəsul müəllim orada qalacaqsa, qeydiyyatdan keçəcəksə, biz onu dəstəkləməyə hazırıq.

– Bu yaxınlarda mənə məlum oldu ki, sizin Rəsul Quliyevlə ailəvi yaxınlığınız var.

– Bəli. Atam O zaman “XXII qurultay” adına zavodun – “Azərneftyağ”ın direktoru olanda Rəsul müəllimi işə götürmüşdü. Rəsul müəllimi savadına, biliyinə görə sex müdiri təyin etmişdi. Sonra atam Şinzavoda direktor vəzifəsinə təyinat alanda, onun direktor vəzifəsinə təqdimatını vermişdi.

– Yəni Rəsul Quliyevi işə götürən və onun karyerasının inkişaf etməsində iştirak edən adamdır atanız?

– Təbii ki. Sözsüz ki, Rəsul müəllimin özünün savadına, biliyinə görə belə olub, amma atam Azərbaycanın ilk qırmızı diplomlu mühəndis-mütəxəssisi olub. O, bütün fəaliyyəti dövründə cavan kadrları irəli çəkib. Bunu da mən bilmişəm atamın 70 illiyində iştirak edən insanların danışdıqları xatirələrindən. O zaman rusları, erməniləri irəli çəkirdilər, amma atam azərbaycanlılara kömək edib.

– Bir məqam mənim üçün çox maraqlıdır. İndi biz neft zavodlarının müdirlərinin və onların övladlarının yaşam tərzini görürük, indi biz baxırıq ki, böyük zavodların – hələ neft zavodlarının müdirləri və onların balaları nələr edir. Siz də neft zavodunun direktorunun oğlu olubsunuz, o vaxt eləmi yaşayırdınız, Fuad bəy?

– Atam zavodun direktoru olanda mən balaca idim. Atam “Qaraşəhər” deyilən yerdə iki otaqlı bir evdə yaşayırdı. Amma Şinzavodun direktoru olandan sonra Həmkarlar İttifaqının işçilərə payladığı evdən birini də atam aldı. Həmkarlar “istədiyiniz evi götürün” deyəndə, “yox, mütləq püşkatma istəyirəm” demişdi. Nə qədər israr və xahiş ediblər, atam razı olmayıb.

– Amma istədiyi evi götürə bilərmiş?

– Sözsüz ki… Püşkatma nəticəsində ev 9-cu mərtəbədən çıxıb. Danışırlar ki, bundan sonra da israrlara etiraz edib və 9-cu mərtəbədən evi götürüb atam. Biz həmin mənzildə yaşadıq. Hökumətin verdiyi bu evin qapısı demək olar ki, taxtadan idi. Atam qapıya bir az əl gəzdirdi – çöl tərəfdən qapını dəmirdən düzəltdirdi. Bir balaca möhkəmləndirdi. Başqa heç nə etməmişdi. Ev də necə verilmişdi, elə idi – hökumətin oboyları və s. Bu məsələni kommunist partiyası bildi. Atamın məsələsini qaldırdılar partiya təşkilatında. Onun partiyadan və işdən çıxmaq məsələsi qoyuldu. Bir həmin dəmirə görə. Yaxşi ki, həmin “Şinzavod” Azərbaycanın yox, Ümumittifaq xarakterli idi. Atam nə qədər çalışdı, məsələni burada həll edə bilmədi. Zəng vurdu Azərbaycan üzrə Mərkəzi Komitənin kuratoruna, hansısa bir rusa. O da bunu eşidəndə zəng vurub Azərbaycana ki, bu adam SSRİ üzrə aparıcı bir zavodun direktorudur, siz orada nə edirsiniz? Bu zavod atamdan qabaq tam alverxana idi. Atam gələndən sonra oranı düzəltmişdi. Yalnız ondan sonra komanda verildi və atamdan daha heç nə istəmədilər. Hətta atamı həbs də etmək istəyirdilər.

– Deməli, taxta qapının üzünə dəmirdən çərçivə çəkdiyinə görə…

– Bəli, bir buna görə. İnstitutda oxuyanda bir dəfə taksiyə mindim. Söz gəlib təkərdən düşdü və atamın vaxtilə “Şinzavod”un direktoru olduğunu dedim. Onun bir prinsipi olub ki, avtomobil üçün təkər buraxmasın. Çünki alver olacağını bilirdi. Ancaq böyük maşınlar üçün təkər buraxırdı. Taksi sürücüsü bu söhbətdən təəccübləndi və mənə dedi ki, sən burada neyləyirsən, sənin öz maşının və imkanların olmalıdır. Mənim atam çox təmiz bir adam idi. Onu tanıyanlar, bilənlər, bunu təsdiq edə bilərlər.

 

Atamdan mənə hörmət qaldı

– Atanız üst-üstə neçə il direktor işlədi?

– Ümumi götürsək, 20 ilə yaxın zavod direktoru işlədi atam. Müxtəlif zavodlarda – Qarayev zavodu, Şinzavod, XX Qurultay adına zavod… Təqaüd yaşına çıxandan sonra da bir zavodda baş mühəndis işlədi.

– 22 il direktor işləyib atanız. Yaşayırmı indi?

– Yox.

– Allah rəhmət eləsin. 22 ildən sonra sizə nə qaldı atanızdan?

– Ancaq onun haqqında yaxşı sözlər və hörmət. Harada bilirlər ki, mən Ağası Heydəroviçin oğluyam, hörmətlə yanaşırlar. Belə deyək, hörmət qaldı.

– Müqayisə etmək istəyirəm. Siz həm də partiya sədrisiniz. Bilirsiniz, o miqyasda adamların günümüzdə nələri var.

– Nəzərdə tutduğunuz şeylərdən heç nə qalmayıb. Amma hörmət o pullardan böyük bir şeydir.

– Amma zavod direktoru olmasına baxmayaraq, atanız sizi zavodda fəhlə düzəltməyə apardı, eləmi?

– Bəli. Mənim ilk fəaliyyətim Rəsul müəllimin başçılıq etdiyi zavodda fəhlə kimi işə başlamağım olub. Sonra başqa bir zavodda fəhlə işləmişəm – frezer dəzgahlarında frezer olmuşam.

– Sonra oxudunuz, yoxsa necə?

– Mən axşam təhsili almışam. Sonra keçmişəm gündüzə. Axşam təhsili alanlar gündüzlər işləməli idi. Amma fəhləçilik mənim üçün çox maraqlı idi. Fəhləçilik mənə çox şey verib. İndi də istənilən zaman o frezer dəzgahlarında işləyə bilərəm. Eləcə də neft qurğularında. Mənim o şeylərdən başım çıxır.

– Yəni zavod direktoru ola bilərsiniz deyirsiniz?

– (Gülür…)

– Qayıdaq siyasi gündəmə… Tanınmış jurnalist Gülnaz Qənbərli soruşur: “Fuad bəyi sonuncu mitinqdə stadionla üzbəüz hündürmərtəbəli binanın qarşısında “Məhsul” stadionundakılara maraqla baxan gördüm. Sonadək orada dayanıb müşahidə elədi, ancaq içəri keçmədi. Niyə gəlmişdiniz və niyə içəri keçmədiniz? Bu, mənə çatmadı. Bunun səbəbini desəydi, yaxşı olardı.”

– Yox. Mən orada durmuşdum, biz müşahidə edirdik, amma Milli Şuranın lideri Cəmil Həsənli gələndə və meydana girəndə, biz də girdik və orada səhv etmirəmsə, sizinlə də sağollaşdım. Keçmiş cəbhəçi Sahib müəllimlə, AXCP və KXCP üzvləri ilə görüşmüşdük. Ola bilər, mənim müşahidə etdiyim məqamı görüb.

– Ümumiyyətlə, mitinqlərin hamısına getdiniz?

– Bəli, bizim qərarımız var idi ki, Milli Şuranın keçirdiyi mitinqlərdə iştirak edək və demək olar ki, hamısında da iştirak etdik. Baxmayaraq ki, biz Milli Şuranın üzvü deyilik, həmin o mitinqdən sonra bizim üzvlərimizi də həbs etdilər. Bəzilərini buraxdılar, bəzilərinə isə 5-10 sutkalıq həbslər verdilər.

– Amma siz Milli Şura ilə müttəfiqlik əlaqələrində deyilsiniz, eləmi?

– Yox, yoxdur, amma normal münasibətlərimiz var. Cəmil bəylə görüşürük. Çox sağ olsun, bizim partiyanın kitabxanasına bir neçə kitab bağışlayıb. Əli Kərimli ilə normal münasibətlərimiz var.

– Əflatun Tahirov soruşur: “ALDP-ni müxalifətin hər hansı bir birliyində görürsünüzmü? Yoxsa seçkilərdə müstəqil şəkildə iştirak edəcəksiniz?”

– Əflatun müəllim ağsaqqal adamdır, biz onunla tanışıq. 2008-ci ildə mən çox şey qazanmışam, onun da biri Əflatun müəllimdir. Masallı rayonunun Boradi kəndinin sakinidir. Gedib orada onunla görüşmüşəm, müəyyən məsələləri həll etmişik. Məncə bu suala bir az bundan əvvəl cavab verdim. Bəli, qərarımız var ki, biz müstəqil şəkildə iştirak edək. Amma digər partiyalardan hansısa bir təklif olsa, biz həmin təklifləri müzakirə etməyə hazırıq.

– Fizuli Kərimov soruşur: “Azərbaycanda 2-3 partiya var ki, beynəlxalq əməkdaşlıqlarını davam etdirirlər, o cümlədən LDP. Bu sahədə işləriniz nə yerdədir?” Sizin beynəlxalq əlaqələriniz də yaxşı olmalıdır, eləmi?

– Bəli. Mən Liberal Partiyasının üzvü olanda, beynəlxalq şöbənin əməkdaşı olmuşam. Ondan sonra LDP-nin birinci müavini olmağıma baxmayaraq, demək olar ki, beynəlxalq əlaqələri də mən qurmuşam. Bu gün Avropada olan partiyalardan yaxşı müttəfiqlərimiz var. Türkiyənin özündə LDP ilə normal münasibətlərimiz var. Belarusiya Liberal Demokratları ilə yaxşı əlaqələrimiz var.

 

Jirinovski ilə münasibətlərimiz soyuyub

– Rusiyanın Liberal Demokratları ilə necəsiniz? Jirinovski ilə?

– 2004-cü ildən 2008-ci ilə qədər bizim partiyamız əməkdaşlıq edib. Beynəlxalq bir qurum var idi. Avropadan da bir neçə partiya ora üzv idi. Biz də həmin Konqresin üzvü idik. İldə bir dəfə həmin Konqresin tədbirlərində biz də gedib iştirak etmişik. Amma 2008-ci ildən sonra əlaqələrimiz bir az soyuyub və bu gün heç bir əlaqəmiz yoxdur həmin partiya ilə – Rusiyanın LDP-si ilə.

– Jirinovski ilə şəxsən görüşübsünüzmü?

– Bəli. Dəfələrlə.

– Onunla ümumiyyətlə, nə barədə söhbət edirsiniz? Hansı dildə danışırsınız? Türkcə də bilir deyəsən?

–  İlk görüşümüz 2004-cü ildə olub. Mən Qarabağla bağlı rus dilində bir neçə kitab alıb aparmışdım.

– Moskvada görüşübsünüz?

– Bəli, Moskvada. Görüşəndə ona kitab hədiyyə elədim. Bir söz dedi. Dedi, “Fuad, sən 15 il ərzində birinci azərbaycanlısan ki, görüşəndə mənə Qarabağla bağlı kitab verirsən.”

– Heç kim deməli heç nə verməyib.

– Yox. Dedi, get o biri otağa bax, gör ermənilər 15 il ərzində nə qədər kitab verib. Yəni işarə edir ki, bu 15 il ərzində onlar mənimlə işləyiblər. Bizim normal münasibətlərimiz olub. Ad günündə məni Moskvaya dəvət etmişdi, onun ad günlərində iştirak eləmişəm. Sonra o Abxaziyaya gedəndə məni də özü ilə dəvət edib. Orada ermənilərlə görüşəndə üzlərinə demişəm ki, siz qondarma soyqırımdan danışırsınız, amma hamısını sizlər etdiniz. Bunları Jirinovskinin və digər partiya təmsilçilərinin yanında üzlərinə demişəm.

– Bilirsiniz, məni nə maraqlandırır? Bu Jirinovski çox qeyri-adekvat adamdır və ağlına gələn hər şeyi də danışır…




Ana səhifəyə qayıt        Baxış: 1 294          Tarix: 8-02-2018, 15:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma