Xəbər lenti

 

Surdologiya LOR-un ixtisaslaşdırılmış bölməsidir, eşitmə problemlərini tədqiq edir, eşitmə pozuntularının bərpa yollarını seçir.

Uşaq surdoloqu eşitmə zəifliyin səbəblərini aşkar edir, 18 yaşa qədər uşaqlarda karlığın və ağır eşitmənin fərqli təzahürləri diaqnozun təsdiqi ilə məşğul olur, onların reabilitasiya, təhsil, sosial mühitə və cəmiyyətə intreqrasiya olunmasına kömək edir. Uşaqların müayinəsi və müalicəsi, qeydiyyata alınması, sosial müavinət, onların protezlə təmin edilməsi, xüsusi təhsil seçimi uşaq surdoloqunun əsas vəzifələrindəndir.

Ovqat.com xəbər verir ki, bu barədə Azertag.az-ın müxbirinə məlumat verən Respublika Uşaq Nevroloji Xəstəxanasının surdoloqu Nailə Həsənova deyib:

- Surdoloq digər ixtisaslardan xeyli fərqlənir. Uşaq surdoloqu isə ilk növbədə pediatr olmalıdır. O, öz fəaliyyətində müalicə ilə yanaşı digər problemləri də həll etməli olur. Yəni çətin və ağır eşidən uşaqların nitq və zehni fəaliyyətinin inkişafı, onların cəmiyyətdən təcrid olunmaması üçün bir sıra tədbirlər görür. Əslində eşitmə zəifliyi xəstəlik deyil, bir sıra xəstəliklərin fəsadlarıdır.

- Məsələn...

- İrsən keçən eşitmə problemləri, doğuş zədələri, qulaq iltihabları, virus və infeksiyalar, qulaq iltihabları, ototsik antibiotiklərin istifadəsi, kəllə-beyin travmaları və s. nəticəsində yaranır. Qohum nikahlardan doğulan uşaqlarda da ağır eşitməyə rast gəlinir.

Eşitmə zəifliyi iltihab və infeksiya ilə əlaqədar olarkən qısa vaxtda onu dərman müalicəsi ilə bərpa etmək mümkün olur. Sinir zəifliyindən əmələ gələn eşitmə zəifliyini isə bərpa etmək olmur. Xüsusən uşaqda nitq inkişaf etməmişdən əvvəl eşitmə problemi aşkar olunanda reabilitasiya üsulları tətbiq etmək lazım gəlir. Orta və xarici qulaqda iltihab olanda onu müalicə etmək mümkün olur, daxili qulaqda olanda isə xroniki hala çevrilir. Təəssüf ki, surdoloji xəstə uşaqların - kar və ağır eşidənlərin, əksəriyyəti xroniki xəstədir və onların təxminən 70 faizi medikamentoz müalicə ilə bərpa olunmur və xroniki hala çevrilir. Həmin hallarda daha çox protezləşmədən, yəni eşitmə aparatlarından istifadə olunur. Həmin tədbirlər nəticəsində uşaqlar xüsusi təlim və təhsildən kənarda qalmır, zehni cəhətdən inkişaf edir. Valideynlərin həmin prosesdə fəal iştirakı çox mühüm və vacib məsələdir.

Bəzi hallarda hətta həmin aparatdan istifadə olunması da xəstələrə kömək etmir. Həmin hallarda daxili qulağa mikrocip deyilən aparat yeridilir ki, həmin əməliyyatın aparılması kifayət qədər böyük məbləğə başa gəlir.

- Eşitmə problemi olan uşaqların müalicəsində hansı problemlər var?

- İlk növbədə erkən diaqnoz və müayinə aparmaq üçün bir sıra texniki vasitələr, o cümlədən xəstələrin diaqnostikasında çox mühüm rol oynayan BERA aparatının yoxluğudur. Özəl klinikalar həmin aparata malik olsalar da, çox baha qiymətə olduğuna görə dövlət tibb müəssisələrində yoxdur və buna görə də xəstələrin müayinəsi audometr aparatı ilə aparılır. Hazırda bir sıra əla təchiz olunmuş özəl eşitmə mərkəzləri fəaliyyət göstərsə də, onlar ancaq diaqnostika və protezləşmə xidmətləri göstərir. Görünür ki, problemlərin bir səbəbi də bizim ölkədə surdoloji mərkəzin olmamasıdır.




Ana səhifəyə qayıt        Baxış: 1 604          Tarix: 26-09-2017, 19:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma