Xəbər lenti

İşğalçılıq siyasəti nəticəsində təcrid olunmuş Ermənistan bütün variantlardan istifadə edərək iqtisadi vəziyyətini düzəltməyə çalışsa da faydalı nəticələr əldə edə bilmir.
Vəziyyətdən çıxış yolunu beynəlxalq nəqliyyat sistemlərində axtaran rəsmi Yerevan hələ 2014-cü il avqustun 7-də İrandan Ermənistana dəmir yolunun çəkilməsi haqqında dövlət proqramı hazırlayıb parlamentin müzakirəsinə vermişdi. Parlament bu proqramı müzakirə edərək təsdiqləmiş və icra olunması üçün hökumətə göndərmişdi. Proqrama əsasən 300 kilometrlik dəmir yolu 64 körpüdən, 60 tuneldən və 27 stansiyadan ibarət olmalı idi. Layihənin ümumi dəyəri isə 3,5 milyard dollar həcmində dəyərləndirilirdi. Həmin vaxt erməni iqtisadçı Tatul Manaseryan proqramı şərh edərək bildirirdi ki, qədim İpək yolu Çindən başlayaraq bu dəmir yolu vasitəsilə Ermənistandan keçəcək. Guya Ermənistan Çin ilə Avropanı birləşdirəcək tranzit mərkəzi olacaq.
Lakin ötən 2 ildən çox müddətdə bu istiqamətdə heç bir addım atılmadı ki, bunun da həm siyasi, həm də iqtisadi səbəbləri var.
Siyasi səbəb ondan ibarətdir ki, bu gün dünya ictimaiyyəti aydın şəkildə Ermənistanın müstəqil olmadığını anlayır. Mühüm siyasi qərarların Yerevanda deyil, başqa paytaxtlarda verildiyi hamıya gün kimi aydındır. Digər tərəfdən, bu ölkənin demək olar ki, heç bir qonşusu ilə normal əlaqəsi yoxdur. Ermənistan əhatəsindəki bütün dövlətlərə, o cümlədən İrana qarşı da ərazi iddiaları irəli sürür. Yerevanın bu siyasəti xarici investorları çəkindirir. Ermənistanın təklifləri nəzakətlə qulaqardına vurulur.
İqtisadi səbəblərə gəldikdə isə qeyd etmək lazımdır ki, dəmir yolunun çəkilişi üçün Ermənistanın ümumi icmal büdcəsində belə 3,5 milyard dolların heç üçdə bir hissəsi yoxdur. Beynəlxalq investorlar isə Ermənistanın uydurma layihələrinə deyil, real gəlir gətirən layihələrə sərmayə yatırırlar. Misal üçün deyə bilərik ki, Çin İran-Ermənistan dəmir yolunun çəkilişi üçün lazım olan 3,5 milyard dolların 60 faizini investisiya kimi ödəmək istəyirdi. Lakin iqtisadi-texniki əsaslandırmadan sonra Çin öz fikrindən daşındı.
İyunun 14-də İranda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu ölkənin Dövlət Dəmir Yolları İdarəsinin rəhbəri Səid Məhəmmədzadə ilə Astarada (İran) yük terminalının tikintisi və istismarı haqqında saziş imzaladı. Bu isə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) artıq tam reallıq olduğunu göstərir. Bu, beynəlxalq dəhlizin formalaşmasında aparıcı rola malik olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsinin çəkiləcəyinə şübhə yeri qoymur. Azərbaycan bu layihəyə 200 milyon dollar ayırmaq niyyətindədir. Artıq Çin də bu yola maraq göstərir və sərmayə qoyuluşuna hazır olduğunu bildirib. İran da öz ərazisindən keçən dəmir yoluna 1 milyard dollardan çox vəsait ayırıb və demək olar ki, Qəzvin-Rəşt dəmir yolu hazırdır və bu il istismara veriləcəyi gözlənilir.
Beləliklə, Ermənistanın tranzit mərkəzə çevrilmək istəyi baş tutmadı. Regionda həyata keçirilən bütün qlobal iqtisadi layihələrdən kənarda qalan Ermənistan ŞCBND-dən də kənarda qalacaq. Ermənistan hökumətinin İrandan dəmir yolu çəkmək haqqında dövlət proqramı isə kağız üzərində qalaraq arxivdə tozlanacaq. (Azərtac) 

 




Ana səhifəyə qayıt        Baxış: 837          Tarix: 19-06-2017, 14:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma