
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netaniyahu Qəzza zolağında müharibənin dayanmasını, Trampın sülh planını müzakirə edib. Yəhudi dövlətinin lideri bu planı qəbul etdiklərini bildirib.
Donald Tramp bu hadisəni "dünya üçün tarixi gün" adlandırıb.
ABŞ lideri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Misir, İordaniya, Türkiyə, İndoneziya və Pakistan liderləri ilə məsləhətləşmə keçirib. Onlar Trampın planına İsrailin Qəzza zolağı və İordan çayının Qərb sahilini ilhaq etməyəcəyi şərti ilə razılıq veriblər. Çünki İsrail bu ərazilərə və Qüdsə bütövlükdə iddia edirdi. Fələstinin 1967-ci ildəki ərazisinə isə Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüds də daxildir.
Bir sıra dövlət liderləri ABŞ prezidentinin Qəzza sektorunda vəziyyətin tənzimlənməsi üçün sülh planına münasibət bildiriblər. Böyük Britaniyanın Baş naziri Kir Starmer bütün tərəfləri birləşməyə və bu təklifi yekun olaraq razılaşdırmaq, onu həyata keçirmək üçün ABŞ administrasiyası ilə əməkdaşlıq etməyə çağırıb. Starmerin fikrincə, HƏMAS ABŞ planını qəbul etməli, silahları təhvil verməli və qalan girovları azad etməlidir.
Qeyd edək ki, Böyük Britaniya Fələstini bu il sentyabrın 21-də tanıyıb.
İtaliyanın Baş naziri Giorgia Meloni Trampın planını alqışlayaraq deyib ki, bu, döyüş əməliyyatlarının daimi dayandırılmasını, bütün girovların dərhal azad edilməsini və mülki əhali üçün tam və təhlükəsiz humanitar girişi təmin etməyə imkan verən dönüş nöqtəsi ola bilər.
Xatırladaq ki, bu günlərdə İtaliyada Fələstinin tanınması tələbi ilə çoxminli aksiyalar keçirilib.
Fransa prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində yazıb ki, bu əsasda İsraildən qəti addımlar gözləyir: "HƏMAS-ın bütün girovları dərhal azad etməkdən və bu planı izləməkdən başqa seçimi yoxdur".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Donald Trampın Qəzzada qan tökülməsini dayandırmaq və atəşkəsə nail olmaq məqsədilə göstərdiyi səyləri, onun liderliyini yüksək qiymətləndirir: "Türkiyə diplomatik prosesi dəstəkləməyə davam edəcək, bütün tərəflər üçün məqbul olan ədalətli və davamlı sülhün yaranmasına yardım etmək niyyətindədir".
Azərbaycan Xarici İşlər Nazirliyi də Donald Trampın Qəzza zolağında münaqişəyə son qoyulması üçün planın elan edilməsini alqışlayıb.
Bundan başqa, Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, İndoneziya, Pakistan, Türkiyə, Qətər və Misirin xarici işlər nazirləri birgə bəyanatla çıxış edərək bildiriblər ki, bununla Donald Trampın sülhə gedən yolu tapmaq qabiliyyətinə olan inamlarını təsdiqləyirlər: "Nazirlər sazişin işinin tamamlanması və region xalqları üçün sülhü, təhlükəsizliyi, sabitliyi, onların reallaşmasını təmin etmək məqsədilə Birləşmiş Ştatlar və tərəflərlə pozitiv, konstruktiv əlaqəyə hazır olduqlarını vurğulayırlar".
Donald Trampın 20 bəndlik planına əsasən, tərəflər təklifi qəbul edərsə, müharibə dərhal sona çatacaq; İsrail qüvvələri, əsirlərin azad edilməsi üçün razılaşdırılmış xətlərə çəkiləcək; bu prosesdə hava hücumları və artilleriya bombardmanı dayanacaq; tam mərhələli geriçəkilmə üçün şərtlər yaranana qədər müharibə xətləri qorunacaq; İsrail, sazişi ictimaiyyətə açıq şəkildə qəbul etdikdən sonra 72 saat ərzində bütün əsirlər (sağ və ya cəsəd) qaytarılacaq; bütün girovlar azad edildikdə, İsrail 250 ömürlük məhkumu və 1700 qəzzalını (qadınlar və uşaqlar daxil olmaqla) azad edəcək və s.
Planın diqqətçəkən bəndlərindən biri də Qəzzanın idarəetməsi ilə bağlıdır. Belə ki, ərazi müvəqqəti olaraq texnokrat və qeyri-siyasi bir Fələstin komitəsi tərəfindən idarə olunacaq; bu komitə, beynəlxalq ekspertlərdən ibarət "Sülh Şurası" tərəfindən nəzarət ediləcək. Fələstin rəhbərliyi lazımi islahatları tamamlayıb Qəzzanı nəzarətinə alana qədər zolağın yenidən qurulması və maliyyələşdirilməsi bu qurum tərəfindən idarə ediləcək, HƏMAS və başqa silahlı qruplar Qəzzanın idarəetməsində heç bir rol almayacaq, tunellər və silah istehsalı obyektləri dağıdılacaq, yenidən inşa edilməyəcək.
Yeri gəlmişkən, "Sülh Şurası"na Donald Tramp, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer və adları sonradan açıqlanacaq digər nümayəndələr daxil olacaq.
Belə mülahizə etmək olar ki, Qəzza zolağına nəzarət Böyük Britaniyaya verilə bilər. Donald Trampın İordan çayının qərb sahilinin ilhaqına yol verməyəcəyini bəyan etməsi isə bu bölgənin də ABŞ-nin nəzarəti altına keçəcəyi qənaətinə gəlməyə əsas verir. Bu şəraitdə isə Birləşmiş Krallıq və Ştatların regionda birbaşa iştirakçılığının təmin olunması ehtimalını irəli sürmək olar.
HƏMAS Ağ Evin təşəbbüsünə yaxın günlərdə cavab verəcəyini bildirib. Bir müddət əvvəl qruplaşmanın siyasi bürosunun üzvü Mahmud Mardaui müsahibəsində baş verənləri "Fələstin dövlətinin tanınması uğrunda beynəlxalq hərəkatı boğmaq cəhdi" adlandırmışdı: "Fələstinlilərin öz müqəddəratını təyin etmək hüququ təsdiqlənmədən müqavimət hərəkatının tərk-silah edilməsini heç kim, hətta Abbas administrasiyası da qəbul etməyəcək".
Yəməndə husi qiyamçıları hesab edirlər ki, Donald Trampın Qəzza planı dünyada İsrailə qarşı artan qəzəbi sakitləşdirməyə yönəlib.
Fələstində "İslami-Cihad" Hərəkatı isə bildirib ki, İsrail müharibə yolu ilə nail ola bilmədiyinə ABŞ vasitəsilə məcbur etməyə çalışır: "Bu plan soyqırımı davam etdirməyə yönəlmiş bir prosesdir".
Tramp planı Qəzza zolağı üçün lakmus da sayıla bilər. Sanki Fələstin məsələsinə münasibət bildirənlər qütbləşib. Çoxluq Milli Administrasiyanın tanınmasını istəyənlərdir. Onlar Qəzza zolağı, İordan çayının qərb sahili, Şərqi Qüdsün İsrail tərəfindən ilhaqına qarşı çıxırlar. Bu ölkələr həm də Qəzza zolağında atəşkəs tərəfdarıdırlar.
Ərəb ölkələri, Fələstin administrasiyası HƏMAS-ın tərk-silah olmasını istəyirlər. Hələ 2005-ci il parlament seçkilərindən sonra Mahmud Abbas bu qruplaşmaya birləşmək, vahid silahlı qüvvə yaratmaq kimi təkliflər irəli sürmüşdü. Onda HƏMAS administrasiya başçısının təklifini qəbul etməmişdi.
Ötən 20 ildən artıq bir müddət ərzində HƏMAS özünü İsrailə münasibətdə İran hakimiyyəti kimi aparıb. Bu baxımdan, HƏMAS, "İslami-Cihad", husi qiyamçılar bir mövqedədir. Tehran rəsmiləri münasibət bildirməsə də, onlara məxsus informasiya vasitələrində planı müqavimət hərəkatına zərbə kimi qiymətləndiriblər.
İrana qarşı sanksiyalara qayıdışın BMT Təhlükəsizlik Şurasında qəbulu, bir gün sonra Qəzza zolağında müharibənin dayandırılması planı Tehran hakimiyyətini arzuedilməz vəziyyətə salıb. Başqa sözlə, zolaqda atəşkəs əldə ediləcəyi, HƏMAS və başqa qanunsuz silahlı qruplaşmaların tərk-silah olunacağı halda o, regionda İsrailə, ABŞ-yə təsir etmək imkanından məhrum olacaq. Bu plan reallaşdıqdan sonra İsrail və ABŞ tərəfindən dövlətin tanınması ilə yekunlaşarsa, Yaxın Şərqdə və ondankənar qüvvələrin Fələstin məsələsindən öz maraqları üçün istifadəsini çətinləşdirər.
Tramp planı reallaşarsa, bu, Təl-Əviv və Vaşinqton tərəfindən Fələstin dövlətinin tanınmasına yol aça bilər. Bu, regionda sülh, sabitlik və təhlükəsizliyin təmini üçün vacib şərtdir. İsrail və ABŞ tərəfindən Fələstin tanınmazsa, bu, region ölkələrinin yeni gərginlik yaratmasına əsas verər. Bu dəfə vəziyyət indiki kimi Təl-Əviv və Vaşinqtonu qane etməyə bilər. Çünki onun NATO-dakı müttəfiqləri artıq Fələstini tanımağa başlayıb. Əks təqdirdə, hadisə ərəb ölkələri ilə avropalıların regionda qarşı tərəfə birləşməsinə səbəb olar.
Tramp planının İrana qarşı sanksiyaların bərpasından bir, Livan "Hizbullah"ının lideri Həsən Nəsrullahın ölmündən iki il sonra razılaşdırılması da təsadüfi sayılmır.
"Pusquda duran" Çin isə bölgədəki prosesləri hələ müşahidə edir. Fələstinin tanınmaması bölgənin yönünün qərbdən şərqə doğru dəyişməsi ilə də nəticələnə bilər. Odur ki, bütün yollar Fələstinin İsrail və ABŞ tərəfindən tanınmasına aparır...
Sədrəddin İsmayılov
Report.az
Paylaş: