Xəbər lenti



 
“Xəstələrə qonşu ölkələrdən dərman gətirmələrini tövsiyə edirik”

“Bəzi şirkətlərin Çində istehsal olunan dərmanları Avropaya göndərib orada qablaşdırmaqla Azərbaycana gətirdikləri barədə çoxlu sayda müraciətlər daxil olur”.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında ““Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı komitə sədrinin müavini, millət vəkili Musa Quliyev bildirib.

M. Quliyev bəzi hallarda həkimlərin xəstəyə təyin etdiyi dərmanların o qədər də effekt vermədiyini söyləyib: “Ona görə də xəstələrə qonşu ölkələrdən dərman gətirmələrini tövsiyə edirik. Bu, çox ciddi narahatlıq doğuran faktdır. Tarif Şurası buna ciddi əncam çəkməlidir. Bəlkə də 400-500 adda dərmanın qiymətini tənzimləməli, yerdə qalanlarının qiymətini isə şirkətlərin özlərinə həvalə etməliyik”.

M.Quliyev bildirib ki, bioloji aktiv maddələr dərman deyil və onların tərkibində bioloji fəal maddələr var: “Onların hədsiz, dozasız istifadəsi zərər verə bilər. Bioloji fəal maddələr dərman vasitəsini əvəz etmir, amma xəstələrin orqanizmininin gücləndirilməsi, onun reabilitasiyası dövründə bu vasitələrdən istifadə edilir. Ona görə də bunların işlənmə qaydası olmalıdır. Həkimlər xəstələrə bunu müstəsna olaraq izah etməlidir”. 

Millət vəkili Rəşad Mahmudov bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə nəzərdə tutulan cərimələri düzgün hal kimi qəbul etmədiyini bildirib: “Dünyada bu gün vitamin preparatlarının əksəriyyəti, antibiotik xəstəyə resepetsiz verilməz. Lakin xəstəyə ehtiyac olduğu təqdirdə vitamin azlığına görə multivitamin kompleksi verilir. Bu da bioloji fəal maddələr qrupuna aiddir. Bu maddələrin yazılmasına görə həkimə əngəl qoyulması düz deyil. Uzun illər fəaliyyət göstərən həkim istədiyi dərmanı yazmaq rahatlığına sahib olmalıdır. 150-200 manat maaş alan həkimi 250 manatlıq cərimə etməklə problemləri həll etmək olmaz”.

Komitə sədri Əhliman Əmiraslanov isə deputata cavab olaraq bəzən əsas müalicənin kənarda qaldığını, amma 2-3-cü dərəcəli preparatların ön plana çıxdığını vurğulayıb:  “Bəzən bioloji aktiv maddələrin qiyməti dərman vasitələrindən daha baha olur. Biz bioloji aktiv maddələrin əleyhinə deyilik. Sadəcə, həkimlərin bu maddələrin reseptə yazılmasının arxasında başqa məqsədlər durur. Məsələn, xəstə müalicə olunmaq üçün həkim yanına gəlir, həkim onu müalicə edəcəyini deyir. Amma xəstə müalicə edildikdən iki il sonra yenidən həkim yanına gəlir və görür ki, onun bədənində metastaz yaranıb. Belə hallar az deyil”.

Millət vəkili Sədaqət Vəliyeva deyib ki, vərəmli xəstəyə bioloji aktiv maddələrin qəbulunu məsləhət görürlər: “Ancaq pasient bu xəstəliyin müalicəsi ilə bağlı vərəm əleyhinə dərmanlar qəbul etməlidir".

Millət vəkili Qənirə Paşayev bəzi dərman pereparatlarının qiymətinin digər ölkələrlə müqayisədə bahalığına diqqət çəkib: "Türkiyədə səfərdə olanda məndən bir nəfər "Heloda" adlı dərman peraparatı almağımı xahiş etdi. Gələnəd maraqlandım ki, bunu niyə Bakıdan almırsınız? Cavabı bu oldu ki, bu onkoloji dərmandır və Bakıda qiyməti 500 manatdır. Türkiyədə isə qiymət 120 dollar".




Ana səhifəyə qayıt        Baxış: 1 034          Tarix: 12-04-2017, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma