Xəbər lenti

 

Artıq neçə müddətdir, informasiya vasitələrində tez-tez bir-birinə bənzəyən məlumatlar dərc olunur: hansısa terrorçu qrup məhv edildi. Adətən, 2 və 3 nəfərdən ibarət olan qruplara qarşı keçirilən əməliyyatlarda, nədənsə, sağ ələ keçirilən terrorçu olmur. Buna baxmayaraq, həmin terrorçuların həyata keçirməyə çalışdıqları aksiyalar barədə tam təfsilatlı məlumatlar verilir.

Sual oluna bilər: Bu şəxslərin həmin cinayətlərdə iştirakı necə sübuta yetirilib?  Belə çıxır ki, hüquq mühafizə orqanlarımız sadəcə əməliyyat məlumatlarına əsaslanıb terrorçuları məhv etmək yolunu tuturlar.

Terrorizmə qarşı bu cür mübarizə üsulu isə bir çox cəhətdən zərərlidir və hüququ yanaşmadan daha çox, bir zamanlar sovet hökumətinin həyata keçirdiyi “qırmızı terror” siyasətinə bənzəyir. Terrorun qarşısını terrorla almaq isə dövlətin ədalət və uzaqgörənlik sifətilə qətiyyən bir araya sığmır. 

Əvvəla, ona görə ki, əldə olunan əməliyyat məlumatı əsl həqiqəti tam ifadə etməyə bilər. Məlumatların təsdiqlənməsi üçün terrorçuluqda günahlandırılan şəxslərin maksimum dərəcədə sağ ələ keçirilməsi və onların sorğusu əsasında günahlarının təsbit edilməsi lazımdır ki, bağlı olduqları şəbəkə çökdürülsün, arxasında hansı qüvvələrin dayandıqları tam mənasıyla təsbit olunsun. Əks halda, anti-terror tədbirlərində yalnız əməliyyat məlumatlarıyla kifayətlənilməsi sui-istifadəyə, hüquq mühahizə orqanları əməkdaşlarının və ya hakimiyyətin bəyənmədikləri adamı sıradan çıxarmasına münbit şərait yarada bilər.

İkincisi, bir müttəhimin həqiqətən cinayətkar, yaxud terrorçu olub-olmaması yalnız məhkəmə hökmüylə müəyyənləşdirilə bilər. Hüquq mühafizə orqanlarımızın vaxtaşırı keçirdikləri terrorizmə qarşı mübarizə tədbirlərində isə bir qayda olaraq zərərsizləşdirmə yoluna gedilir. Başqa sözlə desək, hətta suçu belə tam sübuta yetirilməyən həmin şəxslər Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan ən ağır cəza ilə - edamla cəzalandırılırlar.  Bu isə hüquq fəlsəfəsinə görə, terrorçuları yox, suçsuz vətəndaşları sıradan çıxartmaq deməkdir.

Üçüncüsü, bütün cəza tədbirləri cinayətkarları islah etmək fəlsəfəsinə söykənməlidir. Cinayətdə şübhəli bilinən şəxslərin islahına imkan tanımayan tədbir heç bir halda cəza sayıla bilməz. Keçirilən anti-terror əməliyyatlarında şübhəli şəxslərin bir qayda olaraq öldürülməsi hüququn bu təməl məqsədini də mümkünsüz edir.

Zənninmcə, Azərbaycan hüquq-mühafizə orqanları terrora bulaşmış şəxslərlə mübarizədə xarici təcrübələri gözdən keçirməlidirlər. Dünyanın bir çox ölkələrindən terror təşkilatlarına qoşulan insanlar var. Həmin dövlətlərin keçmiş terrorçulara qarşı apardıqları mübarizə metodlarına nəzər salsaq, heç birində bizdəki kimi sıradan çıxarmaq ənənəsinin olmadığını görə bilərik. Nəzərə alsaq ki, bizim terrorçular da, Türkiyədən, Balkan ölkələrindən, Qərbi Avropadan olan “silahdaşları” ilə birgə cinayət törədiblər, eyni əmələ müxtəlif cəzaların verilməsi ədalətli görünmür.

Yeri gəlmişkən, bu yaxınlarda diqqətimi bir terrorcuları cəzalandırma tədbiri cəlb etmişdi. Söhbət terrorçuluqla mübarizənin İngiltərə təcrübəsindən gedir. Məlumatda bildirilirdi ki, İngiltərədə İŞİD-ə qoşulan gənclərin hüquqi məsuliyyəti ilə bağlı geniş müzakirələr açılmışdı. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, İngiltərədən Suriyaya gedən minlərlə gənc var və onların 850 nəfəri Raqqa məğlubiyyətindən sonra öz ölkələrinə qayıdıblar. İngiltərə isə geri qayıdanların heç birini məsuliyyətə cəlb etməyib. Ölkənin terrorla mübarizə idarələrinin rəhbərləri bunu həmin vətəndaşların gəncliklərindən doğan macərapərəstlikləriylə əsaslandırmış, ömür boyu öz günahlarıyla üzləşməsi, onsuz da keçirdikləri mənəvi iztirablarla islahlarına imkan verilməsi məntiqiylə əsaslandırmışdı.

Sözsüz ki, çoxsaylı insanın qətlində rol oynadığı güman olunan həmin gənclərə bəslənən bu ingilis humanizmi də mübahisəyə açıqdır və biz sözügedən metodu da təqdir etmirik. Əksinə, həmin şəxslərin azadlıqdan mərhum edilməklə daha tez islah oluna biləcəyini inanırıq. Və fikrimizcə, cinayətlərin cəzalandırılmaması toplumu kriminal əməllərə təşviq etdiyindən ağır nəticələr doğura bilər. Bununla belə, ingilis hüquq mühafizə orqanlarının ağır cinayətlərə yaşıl işıq yandıran “humanizmi” bizim mühakiməsiz edam siyasətimizdən qat-qat üstün, hüquqi və insani təsir bağışlayır.

Üstəlik, onu da nəzərə almalıyıq ki, bizim milli mentalitetimizi formalaşdıran dəyərlər sistemində “bir günahsız adamın ölməsindənsə, yüz günahkarın yaşaması daha əfzəldir” məntiqi mövcuddur.

Hüquq mühafizə orqanları, adətən, “zərərsizləşdirdikləri ünsürləri” hansısa terror aktı planlaşdırmaqda ittiham edirlər. Yuxarıda da qeyd etdiyimiz kimi, sadəcə əməliyyat məlumatlarına söykənən bu arqument şübhəlilərin fiziki olaraq sıradan çıxarılması üçün əsas sayıla bilməz. Ən azı ona görə ki, törədilməmiş, xəyal edilən və ya planlaşdırılan əməlin özü belə cinayət deyil, sadəcə cinayətə təşəbbüsdür. O da sübuta yetirilərsə. Törədilməmiş cinayətin bu qədər ağır şəkildə cəzalandırılması, hüquq bir tərəfə, insafla da bir araya sığmır.

Deyilə bilər ki, həmin terrorçuların cinayəti törətməsinə imkan verilməli və bundan sonramı cəzalandırılmalıydılar? Əlbəttə, biz bunu da nəzərdə tutmuruq. Söhbət ondan gedir ki, 2 və ya 3 nəfərdən ibarət həmin qruplar sağ ələ keçirilib ədalət mühakiməsinə verilə bilərlər. Əgər hüquq mühafizə orqanları 2-3 nəfəri zərərsizləşdirməyi bacarmırlarsa, əməliyyatın uğurundan da danışmamalıdırlar.

Zəruri qeyd: Bu yazının müəllifi hər zaman radikal islami qruplara, o cümlədən İŞİD-ə qarşı olub və yazılarında öz mövqeyini heç bir zaman gizlətməyib. Yazı müəllifinin İŞİD vəhşiliyi barədə qələmə aldığı şeirlərindən birini özünütəqdiq üçün yayınlayırıq:

 

Dur, başımı kəsən İŞİD!

Deyim, hansı dindəyəm mən.

Olmasam da əhli-namaz,

Tək Tanrıya bəndəyəm mən.

 

Yoxdursa da gur saqqalım,

Qana təşnə boş xəyalım,

Nə bilirsən bəlkə, zalım,

Dində səndən öndəyəm mən?

 

Deyim, niyə döndüm dindən?-

Döndüm səni görən gündən.

Gördüm, fərqin yoxdur cindən,

O gündən bu gündəyəm mən.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 703          Tarix: 26-10-2017, 11:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma