Xəbər lenti

  

İrana bağlı 2 min nəfərlik silahlı qrup 5 gün ərzində Afrin yaxınlığında yerləşən Tel Rüfət məntəqəsini tərk edəcək.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ilə İran arasında əldə olunan razılaşmaya görə, bölgənin Türkiyə və Azad Suriya Ordusuna təhvil verilməsi gözlənilir.

İrana bağlı qüvvələrin Azez ilə Hələb şəhərləri arasında strateji əhəmiyyətə malik Tel Rüfət qəsəbəsindən artıq çəkilməyə başladıqları bildirilir. Suriyada şərq-qərb keçidində, İdlibə qədər uzanan dəhlizin mühüm nöqtəsində yerləşən Tel Rüfət bölgəsi daha əvvəl Əhrar əl-Dəməşq, əl-Şamiyyə Cəbhəsi və əl-Fəth briqadasının əsas hərbi bazası kimi tanınırdı. Həmin birliklərin bölgəni tərk etməsi ilə birlikdə ərazi terror təşkilatı PKK-nın Suriya qolu olan PYD/YPG-nin nəzarətinə keçmiş, İrana bağlı könüllü silahlı qüvvələr də bölgəyə yerləşdirmişdi.

Rusiya ilə razılaşmalara baxmayaraq, İranın həmin bölgəni Əsəd qüvvələrinə ötürmək ehtimalı da var. Bu ehtimala qarşı Ankaranın hərəkətə keçdiyi xəbər verilir.

Qeyd edək ki, Zeytun budağı əməliyyatı zamanı PKK və Suriyaya bağlı qüvvələr Tel Rüfətdən Afrinə girməyə çalışır və Türk ordusunun atəşi ilə qarşılaşırdı.

İranın həm də Suriyanın cənub-qərbindən sıxışdırıldığı məlumdur. Onun xüsusilə İsraillə həmsərhəd bölgə olan Kolan təpələrindən çıxarılması Rusiya ilə danışıqların əsas gündəm mövzusu olmuş və tərəflər arasında razılaşma əldə edilmişdi.




Ana səhifəyə qayıt        Baxış: 921          Tarix: 5-06-2018, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma