Xəbər lenti

 

 Sədrəddin İsmayılov

Milli təhlükəsizlik məsələləri üzrə köməkçi ABŞ prezidentinin baş müşaviri sayılır. Bu vəzifə daha çox prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri adlanır. Müşavir ABŞ prezidentinin icraedici ofisinə daxildir. Fövqəladə hallar zamanı müşavir Ağ Evin Böhran otağında işləyir və dövlət başçısına vəziyyətlə bağlı son xəbərləri təqdim edir.

Bu post 1953-cü ildə prezident Duayt Eyzenhauer tərəfindən təsis edilib. İlk baş müşavir Robert Katler olub. Bu vəzifədə ən çox işləyən Henri Kissincer olub. O, ABŞ prezidentləri Riçard Nikson və Cerald Fordun dövründə 1969-cu il yanvarın 20-dən 1975-ci il noyabrın 3-dək bu vəzifədə çalışıb. Maykl Flinn isə 2017-ci il yanvarın 20-dən həmin il fevralın 13-dək indiki prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmaqla ABŞ tarixində bu postda ən az müddətə işləmiş dövlət məmurudur.

Ümumiyyətlə, Ağ Evin indki sahibi hakimiyyətdə olduğu 2 il 9 ay ərzində Con Boltonla birlikdə üçüncü müşaviri dəyişib. Gerbert Makmaster bu vəzifədə 2017-ci il fevralın 20-dən 2018-ci il aprelin 9-na, Con Bolton isə 2018-ci il aprelin 9-dan 2019-cu il sentyabrın 10-dək bu postu tutublar. Baş müşavir vəzifəsi ABŞ-ın xarici siyasət kursunun həyat keçməsində də aparıcı rola malikdir. Əvvəllər bu vəzifədə Zbiqnev Bjezinski işləyib. Kissincer və Bjezinski keçmiş SSRİ-yə qarşı planları hazırlamış ən qatı antisovet olaraq ABŞ tarixində qalıblar. Ağ Evin həyata keçirəcəyi xarici siyasəti bu vəzifəni daşıyanın baxışları ilə də müəyyən etmək mümkündür.

Donald Tramp seçkiqabağı kampaniya zamanı İrana qarşı sərt çıxışlar edirdi. Onun komandasında bu istiqamətdə fəaliyyət göstərənlərə üstünlük veriləcəyi istisna edilmirdi. Məsələn, indiki dövlət katibi Maykl Pompeo və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspelin də anti-İran mövqedə olduğu sirr deyil. Con Bolton hələ ABŞ-ın BMT-dəki səfiri işləyən zaman İrana qarşı sərt çıxışlar edirdi. Müşavir vəzifəsinə təyin olunandan sonra da bu istiqamətdə fəaliyyətini gücləndirdi. Vəzifədən azad edilməzdən üç gün əvvəl, yəni sentyabrın 7-də Bolton bildirmişdi ki, İran yalan və terror yaymağı dayandırmayanadək ABŞ Tehrana qarşı sanksiyaları yumşaltmayacaq. “Bloomberg” mənbələrinə istinadən bildirib ki, Donald Tramp İrana qarşı sanksiyaları yumşaltmaq istəyib, Bolton isə buna qarşı sərt münasibət göstərib. Məlumata görə, elə müşavirin istefasının səbəblərindən başlıcası bu sayılır. Donald Tramp jurnalistlərə açıqlamasında deyib ki, Con Bolton çox böyük səhv edib. Prezidentin sözlərinə görə, keçmiş müşavirinin Şimali Koreya lideri Kim Çen In üçün “Liviya modeli” (Liviyaya hücum, Qəddafinin məhkəməsiz öldürülməsi) təklifini bəyənməyib. Donald Tramp Boltonun irəli sürdüyü bir çox məsələ ilə razılaşmadığını da vurğulayıb: “O, Ağ Evdə vacib saydığım adamlarla ortaq dil tapa bilmədi”.

Düzdür, Tramp Şimali Koreya və Liviya məsələsi kimi İrana dair problemlərdə keçmiş müşaviri ilə fikirlərinin üst-üstə düşdüyünü açıq-aşkar bildirməyib. Ancaq tərəflər arasında bu məsələdə fikir ayrılığının olduğu ehtimalı da az deyil. ABŞ prezidenti 2018-ci ilin mayında İrana qarşı iki mərhələli sanksiya tətbiq edəcəklərini bildirdi. Bu planın müəllifinin Con Bolton olduğu istisna edilmir. Ona görə də müşavirin istefaya göndərilməsi İranın rəsmi dairələrində məmnunluqla qarşılanıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Con Boltonun vəzifəsindən azad olunması ilə Vaşinqtonun Tehrana olan təzyiqlərinin sona çatacağını istədiklərini bildirib: “Boltonun vəzifədən getməsi ilə birlikdə Tehrana olan təzyiqlər sona çatmalıdır”. Ancaq ABŞ-ın dövlət katibi Maykl Pompeo və maliyyə naziri Stiven Mnuçinin Bolton vəzifədən uzaqlaşdırılandan sonra keçirdikləri mətbuat konfransında İrana qarşı təzyiqi artıracaqlarına dair açıqlamaları Tehran hakimiyyətinin yuxusunu daha bir müddət qarışdıracaq.

Deməli, Con Boltonu istefaya göndərəndən sonra İrana qarşı sanksiyalar dayandırılmayacaq. Bu, məhdudiyyətlərin dayandırılmasının əsası da yoxdur. Çünki İrana qarşı sanksiyaların tətbiqinə səbəb olan amillər aradan qaldırılmayıb. Başqa sözlə, Tehran Vaşinqtonun şərtlərinə əməl etməyib. Bu halda ABŞ-ın gözlənilmədən sanksiyaları aradan qaldırması məntiqli görünmür. 

Bəs nə baş verə bilər? Tərəflər arasında müxtəlif səviyyələrdə keçirilən görüşlərin sayı artar, terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət gücləndirilər, İran vətəndaşlarının ABŞ-a səfərinə qoyulan məhdudiyyət azaldılar, ABŞ-ın Avropadakı müttəfiqlərinin İrana münasibətdə mövqeləri daha çox yaxınlaşar və s. Ancaq bu, İranın neft-qaz, bank sektoruna, iqtisadiyyatının müxtəlif sahələrinə, bir sıra rəsmilərinə, İran İnqilab Keşikçiləri Qvardiyasının rəhbərlərinə tətbiq edilən sanksiyanın qaldırılması, eləcə də qvardiyanın terrorçu təşkilatlar siyahısından çıxarılacağı demək deyil. Məsələn, Donald Trampın terrorizmə qarşı sanksiyaların artırılmasına dair imzaladığı sərəncamla bağlı Ağ Evdə mətbuat konfransı keçirən M.Pompeo və S.Mnuçin ABŞ prezidentinin İran prezidenti Həsən Ruhani ilə ilkin şərtsiz görüşməyə hazır olduğunu, ancaq İslam Respublikasına qarşı maksimum təzyiq siyasətini davam etdiriləcəyini vurğulayıblar. 

Əslində, Vaşinqton rəsmiləri belə təklifi əvvəllər də ediblər. Rusiya və Şimali Koreyaya sanksiya tətbiq edilməsinə baxmayaraq, Donald Tramp hər iki dövlətin lideri ilə görüşlər keçirir. Bu baxımdan, Həsən Ruhani ilə də görüş ola bilər. Ancaq Həsən Ruhani İranın dövlət başçısı deyil. O, hökumət başçısıdır. Bu səbəbdən ehtimal edilən belə tədbiri nəzakət görüşü adlandırmaq olar. İran tərəfi əvvəllər edilən belə təklifi rədd edərək bildirmişdi ki, belə bir görüş yalnız sanksiyalar ləğv ediləcəyi halda mümkündür. Məhəmməd Cavad Zərif cari ilin avqustunda Donald Trampla Həsən Ruhaninin bir araya gəlməsinin mümkünsüzlüyünü vurğulamışdı: “Donald Trampla Həsən Ruhani arasında görüş ağlasığmazdır. ABŞ-la ikitərəfli danışıqlar olmayacaq”.

Deməli, bu və başqa bu kimi məlumatlara əsasən, ABŞ-ın İrana qarşı sanksiyaları davam edəcək, Trampın Ruhani ilə görüşməsi ehtimalı azdır. İndi hadisə ilə bağlı bu suala cavab axtarılır: Con Boltonun yerinə kim təyin ediləcək? Donald Tramp bildirib ki, beş nəfər həqiqətən bu vəzifəni tutmağa layiqdir: “Son üç ildə tanış olduğum, çox bacarıqlı hesab etdiyim beş yaxşı insan var”. O, yeni müşavirinin adını gələn həftə açıqlayacağını da qeyd edib. Ötən gün CNN telekanalı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə namizədliyi irəli sürülən 10 nəfərin adını açıqlayıb. Onların arasında bu vəzifəyə daha çox Brayn Huk şanslı sayılır. O, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsidir. Huk bu yaxınlarda prezident Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerlə birlikdə Yaxın Şərqdə səfərdə olub. Ona Ağ Evdə yaxşı münasibət göstərildiyi bildirilir. Başqa bir namizəd ABŞ ordusunun ehtiyatda olan general-mayoru Rikki Uoddelldir. O, 2017-2018-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini vəzifəsində çalışıb. ABŞ prezidentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqan da bu posta namizəddir. ABŞ-ın vitse-prezidenti Maykl Pensin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kitt Kelloq və Mik Malvaninin qərargahının keçmiş rəisi Rob Blerin də adları namizədlər arasında hallanır. ABŞ-ın Almaniyada səfiri Riçard Qrenella və Niderlanddakı səfiri Pit Hukstrın da adı namizədlər siyahısındadır .ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor və prezidentin keçmiş müşaviri Con Boltonun qərargahının keçmiş rəisi Frederika Fleys, istefada olan general, Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə qeyri-rəsmi müşaviri olmuş Cek Kin də namizədlər arasındadır.

Beləliklə, Con Bolton getsə də, ABŞ-İran münasibətlərində gərginlik qalır. Maykl Pompeo İranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etməməkdə, nüvə sahəsində bəzi işlərini gizli saxlamaqda ittiham edərək rəsmi Vaşinqtonun İrana nüvə silahı əldə etməsinə icazə verməyəcəyini vurğulayıb.

Belə çıxır, Boltonun istefası müttəfiqlərarası məsələ ilə də bağlı ola bilər. Çünki hazırda İran məsələsində Avropa İttifaqı ilə ABŞ arasında fikir ayrılığı var. ABŞ-ın İranın nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsindən çıxmamasına qərbdəki müttəfiqləri etirazlarını gizlətmədi. Con Bolton müşavir vəzifəsinə təyin ediləndən sonra (2018-ci ilin mayında) Donald Tramp ABŞ-ın həmin müqavilədən çıxdığını bəyan etdi. Ona görə də Ağ evin indiki sahibi Avropadakı müttəfiqləri ilə İran məsələsində anlaşmaq üçün bu addımı ata bilər. Ehtimal etmək olar ki, Donald Tramp Avropa İttifaqını razı salmaq üçün müşavirini qurban verib. Bununla da 70 yaşlı Con Bolton Henri Kissincer və Zbiqnev Bjezinski ola bilmədi.

Report.az




Ana səhifəyə qayıt        Baxış: 28          Tarix: 12-09-2019, 15:43      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent