Xəbər lenti

Bayram İsgəndərli 1943-cü ildə iyun ayının 17-də Naxçıvan şəhərində doğulub. Uzun illər jurnalist peşəsi ilə məşğul olub. Ədəbi yaradıcılığa erkən yaşlardan başlayıb. İndiyə qədər - “Bir payız günü”, ”Günəş həmişə olacaq”, "Balaca nağılçı”, ”Yeddi ilin ayrılığı”, ”Vaxtla üz-üzə”, ”Sevgi məktubları”, ”Qorxaq ayı balası Toxmaq” və “Çil xoruzun aqibəti” kitabları işıq üzü görüb.

Uşaqlar üçün bir sıra pyeslər yazıb. Onlardan “Cırtdanın yeni sərgüzəşti” və “Xeyirxah kirpi” pyesləri Naxçıvan Dövlət Kukla Teatrında, ”Meşə əhvalatı” və “Sıçanların hiyləsi” pyesləri isə Naxçıvan  Dövlət Uşaq Teatrında tamaşaya qoyulub.   

Hekayələri müntəzəm olaraq “Azərbaycan”, ”Ulduz”, ”Göyərçin” jurnallarında, ”Ədəbiyyat qəzeti”, ”Kaspi “, "525-ci qəzet” və digər qəzetlərdə çap olunur.

Ovqat.com Bayram İsgəndərlinin yeni hekayələrini öz oxucularına təqdim edir.

 

                       ŞEYTAN VƏ İKİ ƏSGƏR  

                             (HEKAYƏ)

 

   Dünyann harasıydı, hansı fəsil idi, bəlli deyildi. Böyük bir düzənlik idi və bu düzənliyin yarısı Qərbə aid idi, yarısı da Şərqə. Bu düzənlikdə qızğın döyüşlər getmişdi.

    İndi isə döyüşlər qurtarmışdı. Döyüşçülərin hamısı ölmüşdü, yalnız iki nəfər-iki əsgər sağ qalmışdı. Biri o tərəfdən, biri bu tərəfdən. Hər ikisinin tüfəngində bir güllə vardı. Hər ikisinin əli tətikdə, gözləri nişan alınan yerdə idi. Hər ikisi hədəfi axtarırdı, onu tapan kimi atacaqdı. Ölüm bir tükdən asılmışdı: kim  tətiyi birinci çəksəydi, o tük qırılacaqdı və  bir qəlb əbədi olaraq döyünməyəcəkdi.

   Barmaqlar tətikdə idi, amma heç biri tələsmirdi tətiyi birinci çəkməyə. Saniyələr kəsiyində həyat davam edirdi. Hər ikisi hiss edirdi ki, bu saniyələr onların həyatlarının son akkordları, son  zəngidir. Budur, budur, o akkordlar başa çatacaq, son zəng çalınacaq.

   Qara buludlar çəkildi. Günəşin parlaq şüaları döyüş meydanını işıqlandırdı; qan gölməçələri qırmızı alova büründü. Bu alov ölən insanların sifətlərini qan rənginə boyadı.

   Əsgərlərin barmaqları tətikdə idi, amma  gözləri  daha  bir-birini axtarmırdı, qan gölməçələrində, ölən insanların qan rəngindəki sifətlərində idi. Onlar qandan, meyitlərdən başqa ayrı şey görmürdülər. Hər yerdən qan qoxusu gəlirdi.

     Haradansa şeytan peyda oldu. Ən çox xoşladığı mənzərəni- qan gölməçələrini, meyitləri görüb sevindi. Amma iki əsgərin sağ qaldığını görəndə əsəbiləşdi:- Necə olub ki, bunlar sağ qalıblar? Necə olub? Bəs bunlar bir-birini niyə öldürmürlər?- deyə düşündü.- Onların bir-birinə baxmadıqlarını, ətrafa baxdıqlarını görəndə qəzəbi daha da coşdu.- Bun-lar nə etmək istəyirlər? Nə? Yoxsa...

   Tez əsgərin birinə yaxınlaşdı:-Vur,-dedi,vur. Yoxsa o səni vuracaq.

    Onun nə cavab verəcəyini gözləmədi. O biri əsgərə tərəf getdi:-Tez ol, tətiyi çək, yoxsa o çəkəcək. At, dayanma,-dedi.

     Nə birinci əsgər,  nə də ikinci əsgər tətiyi  çəkmədi. Bayaqkı heyrətlə parlamaqda olan günəşə, qan gölməçələrinə, meyitlərə baxmaqda davam etdilər.

  Şeytan qəzəbindən alışıb yandı:

-Nə durmusuz, vurun bir-birinizi. Kim sağ qalsa, həyat onun üzünə güləcək,- deyə əmr etdi. -Bunu əvvəlcə rus dilində, sonra ingilis dilində, daha sonra fransız, alman, ərəb, fars  və demək olar ki, dünyadakı bütün millətlərin, hətta erməni dilində də dedi. Gördü ki, onlar hərəkətə gəlmədilər. Dediklərini yadplanetlilərin də dilində demək istədi. Düşündü ki, bəlkə bu yolla əsgərlərə təsir edə.Yaddaşını qurdaladı, amma onların dillərini xatırlaya bilmədi. Birdən yadına düşdü ki, nə vaxtsa

ermənilərin  bir akademiki  deyib ki, yadplanetlilər erməni dilində danışırlar. Amma qrabar ləhcəsində. Başladı o ləhcədə üyüdüb-tökməyə:

  -Sizə ağıl verməyim yersizdi. Ermənilər kimi eləyin. Hökmran olmaq, başqa millətlərin torpaqlarını ələ keçirmək istəyirsənsə, öldürməlisən, məhv etməlisən. Yoxsa sənin torpaqlarını  tutacaqlar, səni ( Burada bir qədər fasilə verdi.-Niyə ermənilərin ata-babadan torpağı olub? Olmayan şeyi kim onların əlindən alacaq? Onlar həmişə  başqalarının torpaqlarını zəbt ediblər. Amma bunu demədi. Fikirləşdi ki, onda işləri korlayar/) öldürəcəklər. Budur həyatın fəlsəfəsi!

  Tətiyin ikisi də birdən çəkildi. Tüfənglərin lülələrindən çovuyan sonuncu güllələr əsgərlərə deyil, şeytana tərəf uçdu. Şeytan sövqi-təbii, şeytan ayıqlığı ilə bunu  hiss edib dərhal kənara çəkildi, qorxudan boğazı qurudu, bir neçə dəfə udqundu, rəngi qaraldı və dönüb qaçmağa başladı:

  -Deməli, belə. Deməli...Bunu belə qoymaram...

   Əsgərlər tüfənglərini  bir kənara atıb səngərdən çıxdılar və bir-birinə sarı gəldilər, qucaqlaşıb  öpüşdülər. Sonra oturub hönkür-hönkür ağladılar. Ağlayıb qurtardıqdan sonra biri Qərbə, o biri isə Şərqə tərəf getdi.

 

                                     

 

                               ŞEYTAN VƏ QOCA ABİD

                                        (HEKAYƏ)

 

   Şeytanın qoltuğunda dəri cildli qalın bir kitab vardı: güclə aparırdı.  Dünya bina olandan Yer üzündə törətdiyi fəlakətlər yazılmışdı o kitab-da. Onları şeytanın özü  qələmə almışdı. (Deməyəsən, şeytanın yazıçılığı da varmış.) Boş vaxtı olan kimi o kitabı  açıb  oxuyur və deyirdi: - Az iş görməmişəm indiyədək. Amma  görülməmiş işlərim hələ coxdu. Adamların hamısını yoldan çıxara bilməmişəm. Onları da yoldan çıxara bilsəydim. Necə olur-olsun, yoldan çıxaracağam. Çıxara bilməsəm, adımı dəyişərəm... Adımı qoyaram...( o,  dünyada despotluğu ilə tanınan  məşhur bir adamın adını çəkdi. O adamın  ki, adı bizim dildə, rus, fars, ingilis dillərində də müxtəlif səs dəyişikliyi ilə eyni cür səslənir... Deyəsən, ipucu verdim axı...Yox, onun adını deməyəcəyəm.  Şeytana nə var ki! Kefinin harasına düşübsə, onun adını deyib, sabah da başqa birisinin adını deyəcək. Bəs onda mənə nə düşüb ki, şeytanın adını çəkdiyi adamın adını deyim?!)

  Şeytanın bu cür əməlləri çoxdur və qurtaran deyil. Odur ki,  əsas məsələyə keçək. O yerdən başlayaq ki, şeytan qoltuğunda dəri cildli bir  kitab aparırdı.  Kitab da ki, ağır idi. Yorğun olduğundan kitabı yerə qoydu. Fikri o idi ki, bir az dincini alsın.  Fürsəti əldən vermədi və baş-ladı kitabı vərəqləməyə. İlk səhifəni açıb dayandı. İri həflərlə yazdığı sözlər diqqətini cəlb elədi: “Adəmlə Həvvanın nağılı”. Gülümsədi. Sonra o biri səhifələri açıb  başlıqları oxudu: “ Suyun yer üzünü bas-ması”, “Pompeyin son günü”, “Birinci Dünya müharibəsi”, “İkinci Dünya müharibəsi”... Üzü güldü. Kitabın  o biri vərəqlərini də sürətlə çevirdi.  Son səhifəni  açanda heyrət, təəccüb və qəzəbindən bilmədi nə eləsin?- “Üçüncü Dünya müharibəsi. “ Başlıq var idi, amma ondan son-ra bir kəlmə də yazılmamışdı.  Kitabı təpiyi ilə kənara itələyib ayağa qalxdı: ”Hələ də  Üçüncü Dünya müharibəsi başlamır. Niyə?  Niyə baş-lamır, niyə qırğın-qiyamət olmur, niyə qan su yerinə  axmır? Niyə? Be-lə çıxır ki, vəzifəmi yerinə yetirə bilmirəm. Belə çıxır ki, sözlərim kə-sərdən düşüb.- Kitaba bir təpik də ilişdirdi və  çölpişiyi kimi dal ayaq-ları üstündə çombəlib oturdu və  dünyaya  baxdı. Nəzərini qoca bir abid cəlb elədi. Əsasını yerə vura-vura   gedirdi. Abidi tanıdı. Əlli, bəlkə  altmış il  əvvəl bir dəfə ona rast gəlmişdi. Dünya malından, onun ləzzətindən, ehtirasdan söz salmışdı, amma heç bir xeyri olmamışdı. Cavan abid onu lənətləmişdi. Şeytan da ümidini  itirib ondan ayrılmışdı.

  İndi abid çox qocalmışdı, saç-saqqalı ağarmışdı. Bir dəri, bir sümük idi.  Üzündən yorğunluq yağırdı. Amma gözləri əvvəlki kimi idi. Dəyişilməmişdi.  Nur tökülürdü gözlərindən. Şeytan qaçıb onun  yolunu kəsib dedi:

  -Qoca, məni tanımadın?

   Abid gülümsədi:

  -Tanıdım, əlbəttə tanıdım. Həmin şeytansan da...

   Abidin istehzasını şeytan  görməməzliyə vurdu.- Deməli, tanıdın... De görüm, ömrünün  bu ötən illərində nə qazandın, nə itirdin?

  -Heç nə itirmədim, əksinə qazandım.

   -Nə?

  -İman.

  -İman?- Şeytan üz-gözünü turşutdu.-  Var-dövlət, sərvət, hökmranlıq... deyirəm.

  - Onlar mənə lazım deyil. Mənə lazım olanı qazanmışam.

  -Hara gedirsən?

  -İbadətə.

  -Qoca, onlar boş şeylərdi. Nə qədər gec deyil, var-dölət qazan, eyş-işrətlə məşğul ol. Mənim sözümə bax. Bircə dəfə... Onda görərsən ki,  mənasız bir həyat yaşamısan...

  - Çəkil yolumdan, şeytan. Bu dünyada mənə lazım olan şeyi qazanmışam.

    Şeytan kənara çəkildi. Qoca abiddən yenə  əl çəkmədi:

   -Bəs indi hara gedirsən?

    - Dedim ki, ibadətə.

     Şeytan  iki-üç dəfə eşşək kimi  soncuqladı və ikrahla dedi:

     -Ax, ax,  belələri olmasaydı, nəinki Üçüncü Dünya müharibəsi, bəl-kə onuncu dünya müharibəsi olmuşdu. Heyf ki, belələri hələ də var. Mənə də şeytan deyərlər, onları da yoldan çıxaracağam. Çıxarmasam, adımı  dəyişərəm. Adımı eşş ... ( tez səsini kəsdi, amma soncuqlamasından qalmadı) qoyaram...

                                           

                 AMERİKA SEVDASI, YAXUD  BOŞA ÇIXMIŞ XƏYALLAR

                                            (HEKAYƏ)

 

     İşdən yenicə qayıtmışdım. Bu vaxt həyat yoldaşım da gəldi. İçəri girən kimi təntənə ilə  dedi:

  - Xəbər, şad xəbər! Anam tapılıb. Amerikada. Miçiqan ştatının Enn-Arbor şəhərində.

  -Anan tapılıb? Amerikada? Miçiqan ştatının  Enn- Arbor şəhərində?- Gözaydınlığı vermək əvəzinə ağlaya-ağlaya dedim: - Yalanlarının üstü  açılır. Bəs  mənə demişdin ki, anam rəhmətə gedib. Hə, deməmişdin?

   -And olsun bizi yaradana,  elə bilirdim. Nənəm də, atam da mənə demişdilər ki, anam ölüb. Məni doğan zaman. Qan itirib, xilas edə bilmə-yiblər.... Daha başqa  şey deməmişdilər. Mən hardan biləydim ki, onlar düz demirlər? Bir özün fikirləş...

  - Bilmisən, məndən gizlətmisən. Başqa şeyləri məndən gizlətdiyin kimi...

    -Heç başqa şeyləri də gizlətməmişəm. Sadəcə  olaraq onları əhəmiyyətsiz sayıb sənə deməmişəm. Sənsə  həmişə məndən  şübhələndiyinə görə milçəyi böyüdüb fil eləmisən...

    -Hələ bir danışırsan, hələ bir özünü təmizə çıxarırsan?

   - Özümü təmizə çıxarmıram, olanı deyirəm. Bir də ki, səni niyə  aldatmalıydım? Niyə?

   - Sualı özünə ver.  Məndən niyə soruşursan?

    Heç vaxt ona inanmamışdım. Çünki  sevərəkdən onunla ailə qurmamışdım. Anamın təkidi ilə ona ərə getmişdim. Anamın uzaq qohumlarından idi. İrandan köçüb bura gəlmişdi. İş adamı idi...-Ailə qurandan sonra yavaş-yavaş sevəcəksən. Vaxtı ilə mən də sənin kimi olmuşam, sonra sevmişəm. Heç peşman da deyiləm. Bir də ki, kim gəldi qapıya mən geri qaytardım? İndi, bala, zəmanə dəyişilib. Cavanların çoxu imkanlı adamların qızları ilə evlənmək istəyirlər. Qaynataya sığınıb vəzifə əldə etmək, ev-eşik , villa sahibi olmaq marağındadırlar. Bizim kimi adamların qızını  ancaq bizim kimi adamların  oğlanları alar....Daşı tök ətəyindən, razılaş...- Bunu  o vaxt,  yoldaşım tərəfin adamları bizə elçi göndərmək istəyən vaxtlarda anam demişdi. Mən də xeyli tərəddüddən sonra razılığımı bildirdim. Birinci uşağımız oldu, onu sevə bilmədim. İkinci uşağımız oldu, yenə onu sevə bilmədim. Mənsə sevmək istəyirdim. İstəyirdim ki, onu  dəlicəsinə sevim. O da bunu istəyirdi. Di gəl ki, mən sevə bilmirdim. Elə ona görə də ona inanmırdım, hər sözünə şübhə edirdim. Bu da növbəti şübhə. Anası ola-ola gizlədib... Mənə doğrusunu deməyib. İndi onu nəyə görə sevə bilmədiyimi dərk etdim. Deməli, haqlı imişəm... Ağlayırdım. Ağlaya-ağlaya ona baxdım. O da yazıq bir görkəmlə mənə baxdı: günahsız olduğunu sübut edə bilmədiyi üçün əzab çəkirdi. İlk dəfə inandım ki,  yalan demir. İlk dəfə  ürəyimdə ona qarşı bir sevgi yarandı. Əslində buna hələ sevgi demək olmazdı. Mənım ona yazığım gəlirdi, ürəyim yanırdı. Ola bilsin ki, bu hiss və duyğular ona qarşı yaranmaqda olan məhəbbətinmin ilk əlamətləri idi. Yavaş-yavaş özümə gəldim.-Deməli, anan sağdır...

 Həyat yoldaşım məndəki  dəyişikliyi görüb cürətləndi.- Məni  ora dəvət edib. Viza və gediş-gəliş pulunu da göndərib,- dedi.-Elədirsə, iş yerinə bildir,  lazımi sənədləri düzəldib  aidiyyatı yerlərə təqdim et,-dedim.

 

  • 0 -

   Sənədləri  düzəldib Amerikaya getdi. Çatan kimi telefon açdı:

  -Anam varidatını adıma keçirib. Sənə və uşaqlara  viza göndərəcək. Çalış evi sat, sata bilməsən, qohumlardan birinə həvalə elə. Orada ləngimə. Tez gəl... Sənsiz yaman darıxıram.- Qəlbimin hansısa tərəfində bir istilik hiss elədim. Bu istilik deyildi, hansısa yaranın sağalması ilə bağlı keçirdiyim xoş bir duyğu idi. Bu diuyğunu deyəsən bu yaxınlarda da keçirmişdim. Hə, yadıma düşdü; anasının Amerikada tapılmasını mənə deyən vaxt, daha doğrusu yazıq-yazıq mənə baxanda, nə deyəcəyimi gözləyəndə. İlahi,mən bu anı  illərlə gözləmişdim, illərlə həsrətini çəkmişdim... Və nədənsə bir el məsəli yadıma düşdü:”Bədbəxtlik də gələndə üzünü görmə, xoşbəxtlik də”. Budur, illərlə gözlədiyim  o isti duyğu ürəyimə dolmaqdadır, bir tərəfdən də heç yuxuda belə görə bilmədiyim var-dövlət... Əzabla yaşamışdım, kasıblıq məngənə kimi  sıxmışdı ailəmizi. İndi o əzablar  arxada qalırdı...Bu gün-sabah hər şey bir nağıla dönəcəkdi.  Zarafatınıza gəlməsin, Amerikaya gedirdik...Villa, var-dövlət sahibi olurduq...Ailəmizi bundan sonra  başqa bir həyat gözləyirdi....Vaxtımızın çoxunu səyahətlərdə keçirəcəkdik. Yeni dostlar, görmədiyimiz yerlər...

   Oğlumdan və qızımdan arxayın idim. İingiliscə  yaxşı bilidilər. Başqa fənləri də  pis bilmirdilər. Texniki sahəyə meylli idilər. Testlə imtahan verib Miçiqan universitetinə girəcəkdilər...Özümsə  ərəb və ingilis dilini mükəmməl bilirdim, çox güman ki, səfirliklərin, yaxud şirkətlərin birində işləyəcəkdim. Ərimsə Tehranda doğulmuş, orada böyümüş, Tehran Universitetinin  tibb fakültəsinin  cərrahlıq şöbəsini bitirmişdi. Üç il Xomeyni adına  xəstəxanada cərrah işləmişdi. Bacarıqlı cərrah kimi tanınmışdı. Deməli, Amerikada iş tapmaq  onun üçün çətin olmayacaqdı. Nigarançılığım yoldaşımla aramda olan münasibətdən idi ... Hiss edirdim ki, o da yavaş-yavaş düzələcək. Son hadisələrdən bunu duyurdum...

...Nə demişdim, o da oldu. Yoldaşımın anası bizi böyük sevgi ilə qarşıladı. Bütün varidatını oğlunun adına keçirdi.  Qayınanamın iki  mənzili vardır. Biri  Miçiqan  Universitetinin yaxınlığındadır, digəri o evdən on beş kilometr aralıdakı sitidədir. Bizim ailə həmin sitidəki evdə yaşayır, qayınanam isə Miçiqan Universitetinin yaxınlığındakı evdə. O, öz işləri ilə məşğuldur, biz də öz işimizlə . Amma indiyədək  mənim üçün , lap elə yoldaşım üçün də sirr kimi qalan bir məsələ- onun Tehrandan bura  gəlməsi ilə bağlı məsələdən danışmamışıq. Nə o  söhbət açıb, nə də biz soruşmuşuq. Təbii ki, biz bu məsələnin necə olduğunu  bilməyə çalışırıq. Daha çox da yoldaşım. Amma özü bu barədə  söz açmağa tələsmir...Yəqin ki, gec-tez bu məsələ aydınlaşacaq. Hə, bu belə...

    Oğlum və qızım Miçiqan Universitetinin mühəndislik fakültəsində   təhsil alırlar. Həyat yoldaşım Miçiqan Universitetinin  nəzdində olan böyük bir xəstəxanada işləyir. Cərrahdır. Anasının rəhbərliyi altında çalışır. Anası  xəstəxanada  böyük nüfuza malikdir. Həmin   işə də onu  anası  düzəldib... Özüm isə iş nöbəsinə dayanmışam. Dubayın bir ticarət  şirkəti burada fəaliyyət göstəcək. Deyiblər ki, orada tərcüməçi işləyəcəyəm. Yaxın günlərdə işə başlayacaqlar.

   İqtisadi cəhətdən çətinlik çəkmirik. Yoldaşım kifayət qədər maaş alır. Müəyyən hissəsini gündəlik dolanışıq üçün istifadə edirdik, müəyyən hissəsini artırırıq. Bu pulu  gəzinti və səyahətlər üçün sərf edirik. Üstəgəl qayınanam da öz aylığının müəyyən hissəsini bizə verir və oğlumla qızımın  təhsil haqqını ödəyir...Bunlar öz yerində. Bir müddət hər şey yaxşı oldu. Mən ərimi sevməyə başlayırdım.  Bu hissim gündən-günə güclənirdi. Və hərdən öz-özümə sual verirdim ki, necə olub ki, əvvəllər onu sevməmişəm?! Cavab tapa  bilmirdim. Amma yenə sual verirdim:” Axı , mən onu niyə sevmirdim? Niyə? İndi onu var-dövləti olduğuna görə sevirəm?  Nahaq yerə özümü yorurdum. Çünki bu  suallara cavab tapılmayacaqdı. Yox,yox , sualların cavabını  tapdım. Ona yazığım gəlidi. İllər boyu yetim kimi böyümüşdü, ana sevgisindən məhrum olmuşdu. Bu əzablardan sonra anasına qovuşmuşdu. Di gəl ki, anası öz ürəyini ona açmırdı...İndi onun mənəvi əzabı əvvəlkindən qat-qat artıq idi.  Onun əzabını azaltmaq üçün onu daha çox sevir, qayğısına qalırdım. Əvvəllər bu onun xoşuna gəlirdi, sevincindən uçmaq istəyirdi.  Sonralar bunu başa düşdü, yavaş-yavaş  məndən, evdən, uşaqlardan soyudu...Evə gec gəlməyə başladı. Və bir gün evə gəlmədi. Zəng vurub qayınanamdan onu soruşdum. O,çox soyuqqanlılıqla dedi:- Bura Amerikadır, burada insan azaddır, heç kim heç kimə zor edə bilməz. Məhəbbət, ailə məsələsində isə daha çox azaddır...

    Bu azad dünyada artıq darıxmağa başlamışam. Daha məni  nə səfərlər cəlb edir, nə də buradakı dostlar.

     Amerika gözümdən düşüb. Gözəl, mənzərəli Enn-Arbor şəhəri də.

     İndi mən  Azəərbaycanın ən uzaq kəndi üçün, ən pis halda  adı xəritədən silinmiş kəndi ( o kənd Əshabi-Kəhv ziyarətgahı  yaxınlığında olmuş qədim bir kənd idi. Altmış , bəlkə də yetmiş il bundan qabaq burada iki ev vardı. Daha doğrusu möhrədən tikilmiş iki kalafa ...O iki ev-kalafa  gözünü dikmişdi ziyarətgaha. O iki ev  ziyarətgahdan gələn heyvan baş-ayağı, içalatı ilə dolanirdı. Bu ailələrin vur- tut iki eşşəyi vardı... Vəssəlam. İndi o iki ailə də orada yoxdur. Öldülər, şəhərə getdilər, nə oldular, heç kimin bundan xəbəri yoxdur.)  üçün darıxıram. Ömrüm boyu orda yaşamağa razı olaram. Təbii ki, onlar kimi yaşamaram, dırnaqlarımla yeri qazıb su çıxardar,bağ-bağça salaram...

    Darıxıram.Daha səbrim tükənib. Elə sabahısı Amerika səfirliyinə gedib vətənə dönməyim üçün müraciət edəcəyəm.”Ehey, Azərbaycan! Ehey,  öz qoynunda mənə yenidən yer ver. Gəlirəm, gəlirəm. Ən azından o kiçik kənddə yaşayacağam. Güman edirəm ki, bir para acgöz   məmurlar hələ oranı satın almayıblar?

                        




Ana səhifəyə qayıt        Baxış: 1 874          Tarix: 19-06-2017, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma