Xəbər lenti

Bakı Ürək Mərkəzində Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunmuş nailiyyətlərə həsr olunan mətbuat konfransı keçirilib.
Tədbirdə öncə ürək xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və açıq ürək əməliyyatlarının icrasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Əhalinin tibbi maarifləndirilməsində mətbuatın rolunu yüksək qiymətləndirən Ürək və Sağlamlıq Cəmiyyətinin sədri, millət vəkili, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Elmi-tədqiqat və tibb işləri üzrə direktor müavini Rəşad Mahmudov qarşıdan gələn 22 iyul Milli Mətbuat Günü münasibətilə media təmsilçilərini təbrik edib. 
R. Mahmudov Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyada ölüm və əlilliyin səbəbləri sırasında ürək-damar xəstəliklərinin ilk yerdə olduğunu, dünyada hər doğulan 1000 uşaqdan 10-12-də ürək-damar qüsurları olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda ölüm və əlilliyin səbəbləri sırasında da ürək-damar xəstəlikləri 57,8 faizlə ilk yerdədir.
Dünyada və Azərbaycanda ürək-damar cərrahiyyəsinin tarixindən bəhs edən Ürək və Sağlamlıq Cəmiyyətinin sədri ölkədə bu sahədə ciddi uğurlar əldə olunduğunu söyləyib: “Bu gün Azərbaycanda olmasa da, dünyada robotlar vasitəsilə ürək cərrahi əməliyyatları keçirilir. 
Gələcəkdə robotlar vasitəsilə ürək əməliyyatlarının artması gözlənilir. Azərbaycanda belə əməliyyatın olmamasının səbəbinə gəlinə, düşünürəm ki, bu gün bunun yeganə səbəbi maliyyədir. Xəstə üçün bu, astronomik qiymətdir. İcbari tibbi sığortanın tətbiqindən sonra bu, mümkün olar. Bu gün, sadəcə, belə aparatlara illik xidmətin dəyəri 2 milyon dollardır. Gələcəkdə icbari tibbi sığortanın tətbiqindən sonra Azərbaycanda robotlar vasitəsilə belə əməliyyatların aparılması mümkün ola bilər. Ancaq inanın ki, heç bir robot insan qədər bacarıqlı ola bilməz. Sadəcə, həkim başqa bir otaqda oturub, digər otaqda robot vasitəsilə xəstə üzərində belə əməliyyat apara bilər".
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini,  S.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirov dünyada 40 yaşdan yuxarı hər 5 nəfərdən birinin ürək çatışmazlığından əziyyət çəkdiyinin nəzərə çatdırıb. T. Cahangirov ürək-damar xəstəliklərinin müalicəsində profilaktika və ilkin mərhələdə müayinənin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 894          Tarix: 18-07-2017, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma