Xəbər lenti

 Bölgə səfəri çərçivəsində Yerevana gələn Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzey Kasprzyk prezident Serj Sarkisyanla görüşüblər.

Görüşdə "Qarabağ münaqişəsinin dinc yolla həli, Qarabağ və Azərbaycan qoşunlarının təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyət, eləcə də son zamanlar baş verən insidentlərlə bağlı məsələlər müzakirə olunub", Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Bundan əvvəl səfirlər Richard Hoagland (ABŞ), Stephane Visconti (Fransa) və İqor Popov (Rusiya) Ermənistanın xarici işlər və müdafiə nazirlərilə görüşüblər.

Minsk Qrupu həmsədrləri Ermənistan müdafiə naziri Vigen Sarkisyanla görüş əsnasında "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında vəziyyət, Qarabağ və Azərbaycan qoşunlarının təmas xəttindəki, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədindəki durum, həmsədrlərlə bu formatda əvvəlki görüşdən sonra yaranmış şərait" müzakirə olunub.

"Ermənistan müdafiə naziri həmsöhbətlərinin diqqətini son zaman ön xətdə baş verən insidentlərlə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin ünvanlı reaksiyasını alqışlayıb", - Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

 

Minsk Qrupu həmsədrlərinin bölgəyə səfər edəcəkləri barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova son brifinq zamanı bəyanat vermişdi.

O, həmsədrləri "Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin aprel ayının sonunda Moskva görüşü nəzərə alınaraq, Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı aktual məsələlərin" müzakirəsi planlaşdırıldığını bildirib.

Səfər çərçivəsində həmsədrlərin həmçinin Dağlıq Qarabağa baş çəkəcəyi, bir həftədən sonra isə Bakıya səfər edəcəyi gözlənilir, Mariya Zaxarova deyib.

Bundan iki gün əvvəl, iyunun 8-də Kalininqrad şəhərində Baltik Universitetinin tələbələri ilə görüş zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağ probleminin tənzimlənməsi üzrə danışıqlarda ümumi prinsiplərin razılaşdırıldığını, lakin xırda, eyni zamanda çox önəmli detallar üzrə razılıq əldə edilmədiyini bildirmişdi.

Həmsədrlərin gözlənilən səfərini şərh edən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan erməni tərəfin səfərdən Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaların həyata keçirilməsini gözlədiyini bildirib.

"Vyanada elə bir yanaşma formalaşmışdı ki, tərəflər arasında etimad ab-havası yaranmasa, danışıqlar prosesində irəliləyişdən danışmaq mümkün deyil.

Bu etimad ab-havasının tərkib hissəsindən biri isə odur ki, tərəflər bir-birini atəşə tutmasın, təxribatlar olmasın", - Ermənistan XİN rəsmisi jurnalistlərə deyib.




Ana səhifəyə qayıt        Baxış: 987          Tarix: 10-06-2017, 23:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma