Xəbər lenti

Co Bayden yeni dünya düzəni üçün ABŞ-ın əsas müttəfiqləri ilə ilkin məsləhətləşmələr aparır,  Ağ Evə problem yaradanları isə üstüörtülü şəkildə hədələyir...

O, indi ilk dəfə Türkiyəyə qarşı qıcığını prezident statusunda reallaşdırmaq şansı qazanıb. Dövlət başçısı kimi, ABŞ-ın maraqlarını öz hisslərindən üstün tutmağa borclu olduğundan, qoca Co deyəsən, şəxsiyyətin ikiləşməsi əzabına da qatlaşmalı olacaq...

Co Bayden həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi xarizmasını həzm edə bilməyən dünya liderlərinin sırasına daxildir. Bu məsələdə o, Fransa prezidenti Makrondan qətiyyən geri qalmır. Halbuki, iki dövlət arasındakı "S-400 böhranı"nın həllini tapmağa da məcburdur...

Dünya yeni ilə keçid edib. Bu ilin bir çox anlayışları, dəyərləri dəyişəcəyini gözlənilir. Və yeni dünyanın necə olacağı isə hələlik müəmmalı olaraq, qalmaqdadır.
Ancaq bu barədə sadəcə, müəyyən təsəvvürlər mövcuddur. Real mənzərə isə böyük ehtimalla dünya yeni siyasi ilə rəsmən keçid etdikdə aydınlaşmağa başlayacaq.

Həmin vaxta o qədər də çox qalmayıb. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden bu ayın sonlarında andiçmə mərasimi ilə öz səlahiyyətlərinin icrasına başlayacaq. Və məhz həmin andan etibarən dünya yeni siyasi ilə keçid etmiş olacaq.
Təbii ki, gözləntilər kifayət qədərdir. Maraqlar fərqlidir. Ağ Evə dörd il sahiblik etmiş prezident Donald Tramp öz arxasında xeyli problem buraxıb, gedir. Onların həlli 79 yaşlı Co Baydenin üzərinə düşəcək. Və o, köhnə problemləri həll edərkən, istər-istəməz yenilərini də yaratmış olacaq.
Əslində, açıqlamalarından belə anlaşılır ki, Co Bayden özü də keçəcəyi yolun o qədər də hamar olmayacağını bilməmiş deyil. Hələ Ağ Evə köçməyə imkan tapmasa da, onun artıq indidən gələcəyə yönəlik bir sıra planlar qurması da bunun əlaməti sayılır. Yəni, qoca Co gecikmək, vaxt itirmək istəmir.
Bəzi məlumatlara görə, Co Bayden və onun təmsil etdiyi "dərin güclər" indiki dünya düzənindən qətiyyən məmnun deyil. Xüsusilə də, ABŞ-ın son illərdə dünyanın siyasət arenasında durğun mövqeyinə qıcıqla yanaşılır. Vərdiş olunmuş şəriksiz hegemonluq hüquqlarının məhdudlaşması ABŞ-ın siyasi iflasa yaxınlaşması kimi dəyərləndirilir.

Odur ki, Co Bayden öz hakimiyyəti dönəmində bir çox şeyin əvvəlki kimi olmayacağının üstüörtülü mesajlarını verməkdə o qədər də xəsis davranmır. Onun bir müddət öncə "Mən altı ölkənin siyasi liderləri ilə danışdım. ABŞ-ın mübarizə meydanına dönəcəyini onların diqqətinə çatdırdım" deməsi hələ də ciddi şəkildə müzakirə edilməkdədir.
Bəziləri bunu Co Baydenin yeni dünya düzəni üçün ABŞ-ın əsas müttəfiqləri ilə ilkin məsləhətləşmə kimi yozurlar. Digərləri isə qoca Co tərəfindən ABŞ-a problem yaradanların hədələnməsi kimi dəyərləndirirlər.
Əlbəttə ki, bu ehtimallardan hansısa doğru da ola bilər. Hətta onların hər ikisinin eyni vaxtda həqiqət ola biləcəyi də qətiyyən istisna deyil. Çünki yeni prezident həm ABŞ-ın müttəfiqləri ilə məsləhətləşə, həm də bu fikir mübadiləsini hədə-qorxu amilinə çevirə bilər.
Onu da qeyd edək ki, Ağ Evin son dörd ildə Avropa Birliyi, Rusiya, Türkiyə siyasətində və bəzi regionlarda kifayət qədər ciddi problemləri yaranıb. Üstəlik, bu istiqamətdə ABŞ daha çox mövqelərini itirməyə başlamış tərəf kimi görünür. Və bu, demokratları təmsil etsə də, konservativ dünya görüşü ilə diqqəti çəkən qoca Co üçün ağır siyasi ziddiyyətlər qaynağı sayılır.

Məsələn, Co Bayden dönəmində ABŞ-Türkiyə münasibətləri necə olacaq? Axı, bu iki dövlət arasında münasibətlər birmənalı deyil. Və eyni vaxtda iki ziddiyyət istiqaməti aktual xarakter daşıyır.
Birincisi odur ki, Türkiyə və ABŞ müttəfiq dövlətlər hesab olunurlar. Üstəlik, bu müttəfiqlik NATO üzvlüyü ilə də möhürlənib.
Ancaq Ağ Evin müttəfiqlik standartları konkretdir. Bütün müttəfiqlər ABŞ-ın maraqlarının qoruyucusu olmalıdırlar və Ağ Evin təlimatlarına uyğun davranmalıdırlar.
Halbuki Türkiyə bu mərhələni artıq çoxdan arxada buraxıb. Rəsmi Ankara üçün müttəfiq dövlətin maraqları önəmli faktordur, ancaq Türkiyənin mənafeləri hər şeydən üstündür. Yəni, rəsmi Ankara Türkiyənin maraqlarını müttəfiq dövlətlərin strateji hədəflərinə qurban vermək vərdişlərini artıq çoxdan unudub.
İkinci ziddiyyət istiqaməti isə məhz birbaşa Co Baydenin özü ilə bağlıdır. Belə ki, qoca Co Türkiyəyə qarşı qıcıqla yanaşan siyasətçilər kateqoriyasına aiddir. Bunu əslində, heç vaxt gizlətmir. ABŞ-ın dövlət qurumlarında müxtəlif yüksək postlarda çalışıb və fəaliyyəti həmişə Türkiyənin təzyiq altında saxlanmasına indeksləşib.

İndi ilk dəfə Türkiyəyə qarşı qıcığını prezident kimi reallaşdırmalı olacaq. Əlbəttə ki, asan olmayacaq. Dövlət başçısı kimi ABŞ-ın maraqlarını şəxsi hisslərindən üstün tutmağa borcludur. Və bunu bacarmağa məcburdur.
Ancaq bacaracaqmı? Deyəsən, bu məsələdə də qoca Co şəxsiyyətin ikiləşməsi əzabına qatlaşmalı olacaq.
Məsələ ondadır ki, qoca Co yalnız Türkiyə əleyhdarı deyil. O, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi xarizmasını həzm edə bilməyən liderlərin sırasına daxildir. Bu məsələdə qoca Co Fransa prezidenti Emmanuel Makrondan qətiyyən geri qalmır. Hətta bəzi məqamlarda onu üstələyir.
Hər halda, Co Baydenin prezident Rəcəb Tayyib Ərdoğan ilə bağlı "Onu devirmək, siyasət səhnəsindən silmək lazımdır" deməsi heç vaxt unudulmayacaq. Düzdür, o, bu sözlərindən sonra böyük bir siyasi səhvə yol verdiyini hər halda, anlamışdı və "Mən seçkilərdə onun rəqiblərinə dəstək verilməsini nəzərdə tuturdum" deməklə, düzəliş etməyə çalışmışdı.

Ancaq bu "düzəliş" elə də çox şeyi düzəltmədi. Çünki, hər iki halda, qoca Co Türkiyənin daxili işlərinə qarışmaq xarakterli addımların tərəfdarı kimi çıxış edirdi. Ona görə də, Türkiyənin konservatora çevirdiyi qoca demokratın "Ərdoğan nifrəti" "Patriot" raketlərinin partlayış gücü ilə eyniləşdirilir.
Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında eyni sözləri söyləmək mümkün deyil. Çünki, Türkiyə prezidenti qarşı tərəflə bağlı öz hisslərini heç vaxt biruzə vermir. Əksinə, mümkün qədər təmkinli yanaşmağa çalışır. Və normal münasibətlərə açıq olduğunu da qətiyyən gizlətmir.
Maraqlıdır ki, prezident R.T.Ərdoğan Co Baydenin seçki qələbəsinə də xüsusi önəm vermədi. Onu ən son təbrik edən dünya liderləri sırasında yer aldı. Sadəcə, bütün ziddiyyətli mövzuları müzakirə etməyə və hər iki tərəfin maraqlarına uyğun çıxış yolları axtarmağa hazır olduğunu söyləməklə kifayətləndi. Bununla da Türkiyənin milli maraqlarının qurban verilməyəcəyini növbəti dəfə vurğulamış oldu.
Co Baydenə şəxsi münasibətinə gəldikdəsə, R.T.Ərdoğan Türkiyənin milli təhlükəsizlik maraqlarının hər şeydən daha dəyərli olduğuna diqqət çəkdi. Co Bayden ilə anlaşmanın mümkünlüyünü də istisna etmədi: "Onun mənə münasibəti məni o qədər də maraqlandırmır və narahat etmir. Siyasət sürprizlərə açıqdır. Hər halda, o, Ankaraya gəldiyində mənim evimdə qonaq da olub".

Türkiyə prezidenti bununla demək istəyir ki, bəzilərinin Ərdoğan-Bayden qarşıdurması ilə bağlı gözləntiləri boşa da çıxa bilər. Siyasət məkanında anlaşma şərtlərini şəxsi münasibətlər deyil, maraqlar müəyyən edir.
Eyni zamanda, R.T.Ərdoğan "Bayden evimdə qonaq olub" deməklə, ona qarşı münasibətinin mənfi olmadığını qabartmış olur. Türkiyə prezidenti demək istəyir ki, Co Baydenin mövqeyindən asılı olmayaraq, onun üçün "bir fincan qəhvənin 40 il xətri var".
Göründüyü kimi, həlledici dönəm yaxınlaşır. Suallar doğuran məqamlar kifayət qədərdir. Ancaq bütün problemli situasiyalardan da istənilən halda, hansısa çıxış yolu mütləq mövcuddur.
Bu baxımdan, prezident Co Baydenin öz səlahiyyətlərinin icrasına başlamasından sonra ABŞ-Türkiyə münasibətləri də yeni dönəmə qədəm qoya bilər. İki dövlət arasında uzun müddətdən bəri davam edən "S-400 böhranı"nın da ortaq maraqlar çərçivəsində həll oluna biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu





Ana səhifəyə qayıt        Baxış: 2 604          Tarix: 2-01-2021, 18:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma