Xəbər lenti

 

Tədqiqatlara əsasən fin məktəbliləri planetin ən yaxşı şagirdlərindən biri sayılır. Amma bu ölkədə digər dövlətlərə nisbətən şagird məktəbdə daha az vaxt keçirir. Dərs hazırlamağa isə maksimum 30 dəqiqə vaxt gedir.

Ovqat.com ölkə.az-a istinadənFinlandiya təhsili barədə maraqlı faktları təqdim edir.

Hər şey pulsuzdur

Finlandiyada təhsil pulsuzdur. Yemək, ekskursiyalar, məktəbə aid hər şey pulsuzdur. Əgər şagird məktəbdən 2 km uzaqda yaşayırsa, məktəb avtobusu onu dərsə pulsuz aparıb-gətirir. Hər şey dövlət tərəfindən ödənilir. Büdcənin 12.%-i təhsilə ayrılır.

Hər şagirdə fərdi yanaşma

Bir dərsdə şagirdlər müxtəlif çətinlikli tapşırıqlar edə bilərlər. Bu şagirdin qavrama qabiliyyətindən asılıdır. Müxtəlif fiziki və əqli qabiliyyətə malik şagirdlər eyni sinifdə oxuyurlar. Əgər şagird öhdəsindən gəlirsə, müəllimlər onun üçün fərdi tapşırıq hazırlayırlar. Miqrantlar üçün əlavə ana dili dərsi tədris edilir.

Şagird onun üçün faydalı olanı seçmə şansına sahibdir. Əgər dərs ona maraqlı deyilsə, başqa işlə, məsələn kitab oxumaqla məşğul ola bilər.

Qiyməti ancaq şagirdə bildirirlər

Finlandiyada qiymətləndirmə 10 ballıq sistemlə aparılır. Amma 3-cü sinifə qədər məktəblərdə şagirdlərə qiymət verilmir. 3-7-ci siniflər arasında qiymətləndirmə şifahidir. Öz balını ancaq məktəbli bilir. Qiymətə görə uşaq danlamaq qəbul edilmir.

Dərsə istədiyini geyinə bilərsən

Fin məktəblərində vahid məktəbli forması yoxdur. Şagirdlər istədiləri paltarı geyinməkdə sərbəstdirlər. Geyimə qarşı heç bir tələb irəli sürülmür. Bir çox hallarda şagirdlər sinifdə ayaqqabısız, corabla otururlar.

Dərs vaxtı divanda oturmaq və ya xalça üzərində uzanmaq mümkündür

Fin məktəblərində parta arxasında əyləşmək məcburiyyəti yoxdur. Dərs vaxtı kreslo, divanda əyləşmək, xalçanın üstünə uzanmaq mümkündür. İsti havalarda dərslər açıq havada keçirilir.

Ev tapşırıqları çox az olur

Fin müəllimlərinin fikrinə əsasən, uşaqlar istirahət etməli, valideynləri ilə vaxt keçirməlidirlər. Bu səbəbdən ev tapşırıqları çox az verilir və onu həll etmək üçün cüzi vaxt lazım olur. Tapşırıqlar da maraqlı olur. Məsələn, nənədən müsahibə götürmək, müasir və köhnə həyat arasında müqayisə aparmaq və s.

İmtahanlar ümumiyyətlə yoxdur

Finlandiyada müəllimlər deyirlər: "Həyata hazırlamaq, yoxsa imtahanlara? Biz birincini seçirik". Bu səbəbdən məktəblərdə imtahan oxdur. Müəllimlər yoxlama yazılar verə bilərlər. Amma orta məktəbi bitirən 16 yaşlı şagird standart test imtahanı verir.

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib

Fin təhsil sisteminin əsas istiqamətlərindən biri də konkret fənn əvəzinə hadisələri öyrənməkdir. Dərs yerinə şagirdlər 6 həftə ərzində bir mövzunu müxtəlif cəhətlərdən öyrənirlər. Məsələn, miqrant mövzusu coğrafiya, mədəniyyət nöqteyi-nəzərdən öyrədilir. Uşaqlar özləri suallar fikirləşib onları cavablandırırlar.

Dünyanın ən uzun tənəffüsü fin məktəblərindədir

Şagirdin məktəbdə ən sevimli vaxtı tənəffüs vaxtıdır. Fin məktəblərində isə hər 45 dəqiqədən bir 15 dəqiqə fasilə edilir.

Finlandiyada müəllimlik prestijli peşə sayılır

Helinski universitetində pedaqoji fakultəyə konkursda bir yer üçün 20 nəfər müraciət edir. İş yerlərinə nisbətən 10 dəfə çox insan müəllimlik üçün müraciət edir. Orta əmək haqqı 3.500 avrodur.

Sərt tədris proqramı yoxdur. Hər müəllim hansı üsulla təhsil verəcəyini özü müəyyənləşdirir. Müəllimdən başqa dərsdə onun köməkçisi də iştirak edir. Köməkçi dərsə nəzarət edir və uşaqlara tapşırıqları yerinə yetirməyə kömək edir.

Ancaq həyatda lazım olanlar öyrədilir

Fin məktəblərində ancaq həyatda lazım olanlar öyrədilir. Üzgüçülük dərslərində insanın batma əlamətləri tədris edilir. Ev işlərinə aid dərslərdə isə toxuma və tikmə öyrədilir. Təbiəti qorumağa xüsusi diqqət ayrılır.

Bütün məktəblərin səviyyəsi eynidir

Finlandiyada valideynlər evə yaxın məktəbi seçirlər. Bu ölkədə elit məktəb anlayışı yoxdur. Bütün tədris ocaqlarının səviyyəsi eynidir. İstənilən ərazidə yaşayan şagird yüksək səviyyəli məktəb və müəllimlərlə, qidalanma ilə təmin edilir.

Şagirdlər nə yeyəcəklərinə özləri qərar verirlər

Fin məktəbində qidalanma çoxçeşidli və pulsuzdur. Məktəbin internet səhifəsində 1 aylıq menyu əvvəlcədən təqdim edilir. Uşaq sayta daxil olaraq bəyəndiyi qidanı "səbət"ə yığır. Menyuda istənilən qida və vegeterian mətbəxi var.

Məktəbdə gecələməklə müşayiət olunan tədbirlər keçirilir

Bəzən uşaqlar yataq kisəsini götürərək məktəbdə müəllimləri ilə qalırlar. Onlar bu müddət ərzində kinoya baxırlar, oynayırlar, idman zalında atılıb-düşürlər. Səhərlər isə yeməklə bərabər dondurmaya qonaq edilirlər.

Oxuma iti

Fin məktəblərinin kitabxanasında xüsusi təlim keçirilmiş itlər də var. Onlar uşaqlara kitab oxumağı aşılayırlar. Uşaqlar kitabdakı hekayə və nağılı it üçün oxuyurlar. İt isə onlara qulaq asır.




Ana səhifəyə qayıt        Baxış: 1 351          Tarix: 23-09-2017, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma