Ermənistan parlamentinin vitse-spikeri, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü Ruben Rubinyan bildirib ki, rusiyalı jurnalist Vladimir Solovyovun Ermənistanla bağlı hərbi çağırışları müxalifətin xoşuna gəlib
Bu barədə o, yerli parlamentin iclasında “Audiovizual media haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.
Müxalifətin bu dəyişiklikləri “repressiya” adlandırmasına cavab verən Rubinyan deyib:
“Biz kimə qarşı repressiya aparırıq? Ermənistana qarşı hərbi əməliyyatlara çağıran Solovyova qarşı? Siz zarafat edirsiniz?”
Vitse-spiker müxalifətin son beş ildəki “təkamülündən” təəccübləndiyini bildirib. Onun sözlərinə görə, əvvəllər müxalifət xarici müdaxiləyə qarşı olmadığını gizlətməyə çalışırdı, indi isə bunu açıq şəkildə nümayiş etdirir:
“Qanunla Televiziya və Radio Komissiyasına ölkəni xarici müdaxilədən qorumaq imkanı veririk. Bu, pisdir? İnsanlar axmaq deyil, başa düşürlər ki, siz birbaşa xarici müdaxilənin benefisiarısınız”.
Ruben Rubinyan qeyd edib ki, sərhəddə hər gərginlik yarananda hakimiyyət həm xarici təhlükəsizliyi, həm də daxili sabitliyi qorumağa çalışıb. Onun sözlərinə görə, müxalifət isə hər hücumu “Allahın hədiyyəsi” kimi qəbul edib və dərhal etiraz aksiyaları ilə daxili qarışıqlıq yaratmağa çalışıb.
“Bu alınmayanda ruhani şəxsləri, onların rəhbərlərini, sonra xaricdəki oliqarxları prosesə cəlb edirdilər. Amma yenə də alınmadı və alınmayacaq”, – deyə Rubinyan vurğulayıb.
O, “Ermənistan” blokunu konstitusiya quruluşunun zorla devrilməsinin tərəfdarı olmaqda ittiham edib. Ruben Rubinyanın sözlərinə görə, müxalifət hərbi çevrilişə çağıran və terror aktının təşkili ilə ittiham olunan yüksək rütbəli din xadimlərini açıq şəkildə müdafiə edib.
Paylaş:




























