Xəbər lenti

BŞ-ın 45-ci prezidenti Donald Trampın hakimiyyətdə olmasının 100 günü aprellin 29-da tamam oldu.

“Washington Post” və “ABC News”un apardığı rəy sorğusunun nəticələrinə əsasən, səsvermədə iştirak edən seçicilərin 96 faizi Trampa səs verdikləri üçün təəssüf etmədiklərini bildiriblər. Yalnız respondentlərin 2 faizi ona səs verdiyi üçün təəssüfləndiyini söyləyib.

“Politico” liberalyönlü sayt və “Morning Consult” media şirkətinin rəy sorğusunun nəticələrinə əsasən Respublikaçılar Partiyasından olan respondentlərin 16 faizi “A”, 23 faizi “B”, demokratların 13 faizi “A”, 24 faizi isə onun prezidentliyinin ilk 3 ayına “D” qiyməti verib.

Bu qiymətləndirmədə “A” və “B” 5 və 4-ə, “D” və “F” isə 3 və 2-yə uyğun götürülüb.

Donald Trampın prezidentliyinin 100 günlüyü ilə bağlı 10 başlıca cəhəti qeyd etmək istərdik:

- Ötən il prezident seçkisindən əvvəl çoxları ehtimal edirdi ki, Tramp Rusiyaya münasibətdə mülayim xətti seçib, keçmiş prezident Barak Obamanın hakimiyyəti illərində Moskva ilə münasibətlərdə yaranmış gərginliyi azaldacaq. Əslində, bunu proqnozlaşdırmağa səbəb də az deyildi. Çünki prezident seçkisi kampaniyası zamanı Kremlin təbliğat maşını Trampın rəqibi, keçmiş dövlət katibi Hillari Klintona qarşı işləyir, namizədlər arasında ABŞ-ın indiki prezidentinə üstünlük verirdi. Ona görə də Moskvada hesab edirdilər ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarında yumşalma olacaq. Ancaq gözləntilərin əksinə olaraq, bu, baş vermədi. Rusiya rəsmilərinin cəhdlərinə və KİV-inin təbliğatına baxmayaraq, Tramp hələlik Rusiyaya münasibətdə gülər üz göstərməyib. ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillersonun Rusiyaya səfərindən sonra “Moskva səfərimdə heç nə həll olunmadı” deyərək verdiyi bəyanat iki dövlət arasında münasibətlərin əvvəlki kimi gərgin olaraq qaldığını deməyə əsas verir.

- Azərbaycanla qonşu İrana münasibətdə də yumşalma meyilləri olmadığı və ABŞ-ın perspektivdə bu ölkədəki hakimiyyətə qarşı daha sərt mövqe tutacağı məlum oldu. Tramp 2015-ci ilin iyulunda “altılıq”la İran arasında imzalanan Əhatəli Razılıq sənədinə yenidən baxılmasını və Tehranın beynəlxalq terrorçuluğu himayə etdiyini bildirib.

- Suriyada anti-terror əməliyyatları başlayandan bəri ilk dəfə olaraq aprelin 7-də ABŞ Aralıq dənizində yerləşən hərbi gəmilərindən Suriyanın Homs əyalətindəki Bəşşar Əsədə bağlı Şayrat hərbi aviabazasına “Tomahawk” qanadlı raketləri ilə zərbə endirdi. Bununla da Tramp Suriyadakı hadisələrdə öz xəttinin olacağını bəyan etdi.

- Moskvada Əfqanıstan üzrə danışıqlar getdiyi bir vaxt ABŞ ilk dəfə döyüş şəraitində ən güclü qeyri-nüvə “GBU-43” bombasından istifadə edərək Nanqarhar əyalətinin Açin rayonuna aviazərbələr endirdi. Pentaqon bunun ABŞ-ın indiyədək istifadə etdiyi ən güclü qeyri-nüvə bombası olduğunu təsdiqləyib. Ağırlığı 9,5 ton olan bu bombaya Pentaqonda “Bombaların anası” adı verilib. Bu da ABŞ-ın 45-ci prezidentinin Əfqanıstan siyasətində ilk addımı və gələcək strategiyasının nədən ibarət olacağını göstərən fakt sayıla bilər.

- Suriyaya “Tomahawk” atılan gün Çin Xalq Respublikasının sədri Si Tzinpin ABŞ-da səfərdə olub. Görüşdə ikitərəfli münasibətlər, ticarət disbalansı, Tayvan məsələsi, Cənubi Çin dənizi ətrafındakı mübahisə və Şimali Koreyanın nüvə problemi kimi məsələlər əsas müzakirə mövzusu olub. Bu səfərdən sonra Çin nüvə sınağı keçirəcəyi halda Şimali Koreyaya sanksiya tətbiq edəcəyini açıqladı.

- Trampın prezidentliyinin 100 günü ərzində ABŞ-la Şimali Koreya arasında gərginlik müharibə həddinə çatıb. Bu gərginlik bütövlükdə 6 dövlətin - ABŞ, Rusiya, Yaponiya, Çin, Cənubi Koreya və Şimali Koreyanın ehtimal olunan müharibədə iştirak etməsi deməkdir.

- Barak Obamanın prezidentliyi dövründə Səudiyyə Ərəbistanı ilə ABŞ arasında müəyyən soyuqluq yaranmışdı. Kral Salman bin Əbdüləziz əl-Səud oğlu, şahzadə Xalidi ABŞ-a səfir təyin etməsi, Trampın varis şahzadə, müdafiə naziri Məhəmməd bin-Salman əl-Səudla görüşü, habelə yaxın zamanda ABŞ prezidentinin Orta Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gözlənilən səfəri iki ölkə arasında müttəfiqliyin davam edəcəyindən xəbər verir. Bu, həm də Ağ evin indiki yiyəsinin krallıqla münasibətləri inkişaf etdirəcəyinin göstəricisi sayılır.

- Seçkidən əvvəl Avropa İttifaqı Donald Trampın ABŞ-ın xarici siyasət kursunu dəyişəcəyindən ehtiyatlanır və bunu gizlətmirdi. Ancaq onun son çıxış və bəyanatları, habelə Suriya, Əfqanıstan və Rusiyaya münasibəti ittifaqı ona müasibətdə ürəkli edib, başqa sözlə, arxayın salıb.

- Trampın miqrasiya siyasəti öz sərtliyi ilə ABŞ-ın ondan əvvəlki prezidentlərindən seçilib. Onun qərarına əsasən Suriya, İran, İraq, Liviya, Somali, Yəmən və Sudan vətəndaşlarının ABŞ ərazisinə girişi 90 günlüyünə qadağan olunub, bundan əlavə, ABŞ-a həmin ölkələrdən olan qaçqınların qəbulu 120 günlüyünə dayandırılıb.

- ABŞ-ın Azərbaycana münasibəti dəyişməyib. Azərbaycan Respublikası və Birləşmiş Ştatlar arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə ABŞ-ın dövlət katibi Reks Tillerson xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubda Ağ evin xüsusilə enerji sahəsində Azərbaycanla yaxından əməkdaşlıq etdiyini vurğulayıb. O, ABŞ-ın Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsi, iqtisadi imkanlarının artırılması istiqamətində səylərinə dəstək verdiyini bildirib.

Dövlət katibi Azərbaycanın 11 sentyabr (9/11) hadisələrindən sonra ABŞ-a dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb. O, həmçinin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlı olduğunu qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə bildirib ki, Vaşinqton Bəşşar Əsəd tərəfindən yolverilməz hərəkətlərin qarşısının alınmasında Bakının dəstəyinə ümid edir.

Onu da xatırladaq ki, ABŞ bu il Dövlət Departamentinin xətti ilə Azərbaycana etdiyi maliyyə yardımını dayandırıb. ABŞ ötən 25 ildə Azərbaycana 1,3 milyard dollar yardım göstərib.

Bu yazını Donald Trampın öz “Twitter” səhifəsində prezidentliyinin yüz günlüyü ilə bağlı yazdığı qeyd və mitinqdəki çıxışından bir örnək gətirməklə bitiririk: “Bəzi (yalançı) KİV-lər imzaladığımız 28 qanun, sərhədlərimizin gücləndirilməsi və böyük nikbinliyin mövcudluğu da daxil olmaqla, nailiyyətlərimizin siyahısını açıqlamaqdan imtina edir”.

O, mitinqdə tərəfdarlarına müraciətində prezidentliyinin yüz günlüyünün “çox məhsuldar olduğunu”, onları bütün hallarda qalib gələcəkləri “böyük-böyük mübarizələrin” gözlədiyini vurğulayıb. 




Ana səhifəyə qayıt        Baxış: 525          Tarix: 1-05-2017, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma