Xəbər lenti

 

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Jan-Fransua Mansel sentyabrın 20-də Fransanın İzer departamenti ilə Azərbaycanın işğal altındakı Xocavənd (Hadrut) rayonu arasında "Dostluq Xartiyası"nın imzalanmasını pisləyib. 

O, "Report"un Fransa bürosuna açıqlamasında bildirib ki, bu sənəd də əvvəlkilər kimi ləğv olunacaq: "Bu addım beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Belə xartiyaların imzalanması qeyri-qanuni və beynəlxalq hüquqa tamamilə zidddir".

Jan-Fransua Mansel deyib ki, Fransanın bu cür məsələlər bağlı mövqeyi dəyişməz olaraq qalır: "Fransa Dağlıq Qarabağı Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilmiş ərazi hesab edir. Eyni zamanda Fransa hökuməti yerli idarəetmə orqanlarına Dağlıq Qarabağdakı separatçı rejimlə hər hansı sənəd imzalamağı qadağan edib". 

Xatırladaq ki, Fransa məhkəmələri indiyədək bəzi departamentlər, həmçinin Arnuvil, Bur le Valans, Valans, Burq dö Peaj, Sent-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki separatçılar arasında imzalanmış "sazişləri" ləğv edib. 




Ana səhifəyə qayıt        Baxış: 436          Tarix: 27-09-2019, 15:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma