Xəbər lenti


Çin hökuməti ABŞ və Avropa ölkələrinin müdafiə sənayesini zəiflətmək üçün nadir metalların ixracatına məhdudiyyət gətirmək məsələsini araşdırır.

“Report” “FT”yə istinadən xəbər verir ki, hökumətlə iş adamları arasında danışıqlarda iştirak edən mənbələrə görə, ötən ay Çinin Sənaye və İT Nazirliyi ölkədə hasil olunan və müxtəlif növ hərbi texnikanın, habelə smartfon, elektromobil, külək generatorları və s. kimi avadanlıq və cihazların istehsalında geniş istifadə olunan 17 nadir metalın ixracatına ciddi məhdudiyyətlər tətbiq etmək təklifini irəli sürüb.

Belə ki, ABŞ Konqresinin araşdırma qrupuna görə, bir ədəd F-35 qırıcı təyyarəsinin hazırlanmasına 417 kilo nadir metal sərf olunur. Həmin metalların dünya bazarına tədarükünün 80 faizi də Çinin payına düşür.

Xatırladaq ki, son vaxtlar Çin ilə ABŞ arasında gərginlik bütün dünya siyasətinə təsir edir. Ötən həftə Çinin dövlət başçısı Si Cinpinqlə telefon söhbəti zamanı ABŞ prezidenti Cozef Bayden onları narahat edən bir sıra məsələləri sadalayıb. Ağ Evin açıqlamasına görə, söhbət zamanı Pekinin zorakı və ədalətsiz iqtisadi fəaliyyətlərindən, Honkonqdakı təzyiqlərdən, Sincan Uyğur Muxtar Bölgəsində insan hüquqlarının pozulmasından, regionda, o cümlədən Tayvanla bağlı getdikcə daha sərt addımlarından əsaslı narahatlıq ifadə olunub.

Sonradan Çin Mərkəzi Televiziyası (CCTV) tərəfindən yayımlanan bəyanatında Si Cinpinq Tayvan, Honkonq və Sincanla bağlı məsələləri Çinin suverenliyi və ərazi bütövlüyü ilə bağlı daxili işi olaraq təqdim edib.



Ana səhifəyə qayıt        Baxış: 2 467          Tarix: 16-02-2021, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma