Xəbər lenti
 
 
"Düşünürəm ki, bu, hər kəsin diqqətli və ehtiyatlı olmasının və nə baş verəcəyini izləməsinin lazım olduğu bir zamandır".
 
Ovqat.com xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələri (CENTCOM) Komandiri general Kennet Mak-Kenzi İranın “nüvə sazişi” ilə bağlı mövqeyini şərh edərkən belə deyib.
 
General Vaşinqtonun nüvə anlaşmasını xilas etmək üçün səylərini artırdığı bir vaxtda Tehranı hər hansı bir təxribatdan çəkinməyə çağırıb.
 
 CENTCOM Komandiri Oman Sultanlığına səfəri zamanı AFP-yə verdiyi açıqlamada onu da vurğulayıb ki, “ABŞ hərbi qüvvələri istənilən hadisəyə hazırdır”.
 
ABŞ generalını “cin atına mindirən” isə dünən İrana səfər edən Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Grossinin səfərin yekunlarına dair verdiyi açıqlamalardır. Grossi İranla danışıqlarda müvəqqəti həll yolları üzərində anlaşdıqlarını və nüvə obyektlərindəki yoxlamaların üç ay daha davam edə biləcəyini söyləmişdi. BAEA-nin rəhbəri onu xatırlatmışdı ki, 23 fevraldan sonra İran “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”nə (NPT) əlavə protokollarının tətbiqini dayandıracaq. ABŞ generalı da Rafael Grossinin bu sözlərini şərh edərkən İrana məsləhət görüb ki, etimadı bərpa etmək üçün “qüsurlu fəaliyyət”lərdə bulunmasın. 
 
Mak-Kenzi İranın keçən il yanvar ayında Bağdadda həyata keçirilən hava hücumu nəticəsində qətlə yetirilən Qasım Süleymaninin intiqamını almağa çalışacağı ehtimalının hələ də mövcud olduğunu, amma bunu uzaq ehtimal kimi dəyərləndirdiyini söyləyib: “Düşünürəm ki, İranın qisas əməliyyatını planlaşdırma riski var. Bölgədəki qüvvələrimizin qorunması məsələsini daim diqqətdə saxlayırıq. Bunu çox ciddi qəbul edirik, buna görə əminəm ki, hər şeyə hazırıq”.
 
Qeyd edək ki, son zamanlar ABŞ hərbçilərinin İraqda istifadə etdiyi hərbi bazalarına raket hücumları baş verir. Vaşinqton bu hücumların arxasında İrana bağlı qrupların olduğunu düşünür.




Ana səhifəyə qayıt        Baxış: 3 329          Tarix: 22-02-2021, 18:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma