Xəbər lenti
 

ABŞ-ın bir neçə gün öncə Suriyada keçirdiyi hava əməliyyatının bəzi detalları ortaya çıxıb.
 
Ovqat.com-un məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcıları Suriyanın İraqla sərhədindəki Əbu Kamal şəhəri yaxınlığında 11 hədəfi nişan alıblar. Hədəflərdən ikisi yük maşını karvanı olub.
 
Maraqlıdır ki, ABŞ komandanlığına hədəflər barədə məlumatlar İraq xüsusi xidmət orqanları tərəfindən verilib. Kəşfiyyat məlumatları prezident Cozef Baydenə çatdırılıb və əməliyyat üçün ondan icazə alınıb. Daha sonra maşın karvanlarının Suriya ərazisinə keçməsi gözlənilib və bundan sonra əməliyyata başlanılıb.


 
Zərərsizləşdirilən silahlı qruplaşmanın İrana bağlı qüvvələr olduğu, hədəfə alınan hərbi bazanın “İmam Əli” adını daşıdığı bildirilir. Həmin qrupun bir müddət əvvəl ABŞ hərbi bazalarını raket hücumuna məruz qoyduğu iddia olunur və əməliyyat da bu hücumlara cavab xarakteri daşıyıb.
 
Məlumatda diqqəti çəkən məqamlardan biri ondan ibarətdir ki, İraq xüsusi xidmət orqanları öz strateji müttəfiqləri sayılan İran əleyhinə məlumatları ABŞ-a sızdırıb. 
 
Digər maraqlı məqam isə ABŞ kəşfiyyatının İraqdakı həmkarlarından daha zəif perfermans göstərməsi, düşmənini təsbit etməsi sahəsində o qədər güclü olmayan yerli qurumlara ehtiyac duymasıdır.
 
Üçüncü mübahisəyə açıq məsələ hədəf göstərilən maşın karvanlarının niyə İraqda deyil, Suriyada zərərsizləşdirilməsidir. Bəzi ekspertlər “maşınlar sərhəddi keçməsəydi, əməliyyat yerinə yetirilməyəcəkdimi?”, -deyə sual edirlər.


Ana səhifəyə qayıt        Baxış: 3 737          Tarix: 1-03-2021, 00:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma