Xəbər lenti
 

"Türkiyə ilə Misir arasında diplomatik təmasların yenidən başlandığını göstərən hər hansı bir əlamət yoxdur".
 
Ovqat.com xəbər verir ki, Misirin rəsmi informasiya agentliyi MENA-nın ölkənin XİN-nin adı çəkilməyən yetkilisinə istinadən yaydığı məlumatda belə deyilir. 
 
“Məchul diplomat” bildirib ki, Türkiyə ilə ərəb ölkələri arasındakı münasibətlərin yaxşılaşdırılması üçün Ankara gərək onların suverenliyinə, milli təhlükəsizliyinə hörmətlə yanaşsın.
 
“Misirlə normal münasibət qurmaq istəyən hər bir ölkədən beynəlxalq hüquqa, mehriban qonşuluq və suverenlik prinsiplərinə əməl etməsini və bölgədəki ərəb ölkələrinin daxili işlərinə müdaxilə cəhdlərini dayandırmasını gözləyirik”, - diplomat belə deyib.
 
 
O, iki ölkə arasındakı diplomatik əlaqələrin müvəqqəti işlər vəkili səviyyəsində davam etdiyini xatırladıb və münasibətlərin yaxşılaşmasına dair hər hansı işarətin mövcud olmadığını bildirib.
 
Qeyd edək ki, ötən gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Misirlə diplomatik əlaqələrin yenidən bərpası və yaxşılaşdırılması üçün hər iki ölkə yetkililərinin çalışdığını bəyan etmişdi. Həmin açıqlamanın ardından Qahirədən gələn təkzib cavabı Misirin hələ də Türkiyə ilə yaxınlaşmağa ehtiyatla yanaşdığını göstərir.
 
İki dövlət arasında münasibətlər xüsusilə “ərəb baharı” inqilabları zamanı Ankaranın Musri hərəkatını dəstəkləməsiylə pozulmuşdu. Daha sonra Türkiyənin Suriya və Liviyadakı diktatura rejimlərinə müxalif qrupları müdafiə etməsi bütün ərəb despotları kimi, Misirin də narahatlığına yol açmışdı. Ankaranın Liviyada beynəlxalq birlik tərəfindən tanınan Milli Konsensus Hökumətinə verdiyi hərbi yardımlar əks qütbdə dayanan Xəlifə Haftarın himayəçisi Qahirənin ürəyincə olmamış və ziddiyyətlər regional gərginliyə çevrilmişdi. Şərqi Aralıq dənizin kontinental şelf bölgüsü üzərində Turkiyə və Yunanıstan arasında çıxan mübahisələrdə Afinanın yanında yer alan Qahirə səlahiyyət həddini aşaraq onunla bəzi müqavilələr bağlamışdı. Məqsəd Türkiyəni Aralıq dənizindən və onun yeraltı zənginliyindən məhrum etmək, öz qabığına çəkilmiş vəziyyətə salmaq idi. 
 
Fransa və bəzi Avropa ölkələrinin də dəstəyini alan Yunanıstan-Misir cütlüyünün bu “cığallığı” qarşısında geri çəkilməyən Ankara ortaya qoyduğu inadkarlığı ilə öz istəyinə böyük ölçüdə nail oldu. Avropa Birliyinin vasitəçiliyi ilə Türkiyə-Yunanıstan gərginliyi qismən səngidi və tərəflər danışıqlar masasına oturdu. Ardınca Ankara ilə Tel-əviv arasında diplomatik təmasların başlaması xəbəri gəldi. Daha sonra isə Misir Yunanıstanla bağladığı müqavilədən geri çəkildi. Görünən bu idi ki, Qahirə əsl ağası Təl-əvivdən “missiya bitdi” əmri almış və kirimişcəsinə yerində oturmuşdur. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Misirlə diplomatik əlaqələri bərpa edirik” açıqlamaları da məhz bu hadisələrin fonunda gəlmişdi.
 
Qahirənin adını belə açıqlamadığı diplomatı vasitəsilə Çavuşoğlunun iddialarını təkzib etməsi də, görünür, “İsrail oyuncağı” olduğunu gizlətmək, öz aləmində guya “müstəqil siyasət” yürütdüyünü göstərmək məqsədi güdür. Amma coğrafi cəhətdən Fələstinə ən yaxın ölkə olan Misirin İsrail blokadasında qalan bölgə əhalisinə hətta humanitar yardımı çox görməsi, bəzi xeyirxah vətəndaşlarının yeraltı tunellər vasitəsilə öz qardaşlarının imdadına çatmasını əngəlləməsi ortada ikən, qalxıb “ərəb dövlətlərinin suverenliyindən və milli maraqlarından” dəm vurması da səmimi görünmür. Qahirə boğazdan yuxarı bəyanatlar verərkən unutmamalıdır ki, onlar Fələstin xalqını göydə Allahın, yerdə sionizmin ümidinə buraxanda Türkiyə Qəzza zolağına “Mavi Marmara” gəmisini göndərmiş və İsraillə uzun illərdən bəri sürdürdüyü müttəfiqliyə son qoymuşdu. 
 
Üstəlik, ərəb ölkələrinin suverenliyi və milli maraqları hələ bir neçə despotun nəhayətsiz tamahları, sülalə maraqları demək deyil. Ərəblərin milli maraqlarını Misirdən də, Səudiyyə Ərəbistanından da çox Türkiyə qorumağa çalışır. Bəzən hətta bu təşəbbüs miqdarını aşaraq lüzumsuzluq həddinə varır. 
 
Misir yetkililəri onu da yaddan çıxarmamalıdırlar ki, istənilən şəxsin və ya dövlətin sayğınlığı özünün özünə duyduğu hörmətdən başlayır. Bu gün ərəb dövlətləri özlərinə nəinki hörmət etmirlər, hətta xırda maraqlar üstündə bir-birinə qənim kəsilib. Özünə hörmətsizliyin əsas səbəbkarları isə ərəb despotlarıdır. Odur ki, həmin despotların “məchul” sözçülərinin başqalarını “ərəblərə hörmətsiz yanaşmaq”da ittiham etməsi gülməli görünür.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 431          Tarix: 14-03-2021, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma