Xəbər lenti
 
 
“Rusiya ilə ABŞ-ın fərqli genetik və mədəni-mənəvi kodları var”.
 
Ovqat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin dünən Krım və Sevastopolun ilhaqının 7-ci ildönümü münasibətilə bölgə ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə belə deyib.
 
Putin bu iddiasının ABŞ xalqına yox, onun idarəçilərinə aid olduğunu bildirib və genetik fərqlə bağlı mülahizələrini belə əsaslandırıb:
 
Bu sözlər bütün Amerika xalqına deyil, Amerika isteblişmentinə aiddir. ABŞ-da əsasən bizimlə sülh və dostluq şəraitində yaşamaq istəyən bir çox dürüst, ləyaqətli və səmimi insanlar var. Biz bunu bilirik, qiymətləndiririk və gələcəkdə də onlara güvənəcəyik. Amma rəhbər, hakim sinif olan Amerika isteblişmentinə gəlincə, onun şüuru kifayət qədər çətin şəraitdə formalaşıb".
 
O xatırladıb ki, avropalıların Amerika qitəsini mənimsəməsi yerli əhalinin qırılması nəticəsində baş tutub: “Bugünkü terminlərlə desək, soyqırımı nəticəsində. Amerika tayfalarının soyqırımı. Daha sonra quldarlığın sərt, ağır və çox qəddar dövrünü izləyən ABŞ-da afroamerikalılar hazırda da ədalətsizlik və qətllərlə üzləşirlər. Bütün bunlar bu günə qədər Amerika Birləşmiş Ştatlarının həyatında müşahidə olunur. Əks halda, “Qara həyat əhəmiyyətlidir” (Black Lives Matter) hərəkatı baş verməzdi", – deyə o qeyd edib.
 
Putinin fikrincə, ABŞ-dakı hakim sinif öz amansız isrismarının yaratdığı daxili gərginlikləri digər ölkələri ittihamlarla həll etməyə çalışır və Cozef Baydenin onu “qatil” adlandırması da bu mənfi enerjinin çıxarılması zərurətindən qaynaqlanır.
 
Çıxışında ABŞ-ın II Dünya Müharibəsində Yaponiyaya atom bombası atdığını xatırladan Putin bununla sanki həmkarına “kim daha çox qatilə bənzəyir” şəklində cavab verməyə çalışıb: “ABŞ İkinci Dünya Müharibəsinin sonunda Yaponiyaya qarşı, Xirosima və Naqasakiyə qarşı nüvə atom silahını tətbiq edən yeganə ölkədir. Halbuki, bu silahın tətbiqinin heç bir hərbi mənası yox idi. Bu, mülki əhalinin birbaşa məhv edilməsi demək idi".
 
Putin özünə qarşı bu cür hücumların əslində “inkişaf edən” Rusiyaya yönəldiyini bildirib və təzyiq kimi qiymətləndirib, amma Moskvanın öz yolundan sapmayacağını vurğulayıb:
 
 
"Bizim inkişafımızı dayandırmaq üçün bütün cəhdlərə sanksiyalara, təhqirlərə baxmayaraq, biz öz maraqlarımızı müdafiə etməyi bacarırıq və onlar da bununla hesablaşmalı olacaqlar”. 
 
Putin iddia edib ki, ABŞ rəhbərliyi Rusiya ilə müəyyən münasibətlər yaratmağa meyllidir, lakin “özləri üçün maraq doğuran məsələlər üzrə və onların şərtləri” əsasında: “Və biz də onlarla işləyəcəyik. Ancaq o sahələrdə ki, biz özümüz bunda maraqlıyıq və özümüz üçün faydalı hesab etdiyimiz şərtlərlə”.
 
Xatırladaq ki, Cozef Bayden “ABC” telekanalına müsahibəsində Rusiya liderini qatil adlandırmışdı.



Ana səhifəyə qayıt        Baxış: 5 759          Tarix: 19-03-2021, 06:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma