![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
6-02-2025, 22:56
6-02-2025, 21:56
6-02-2025, 21:30
6-02-2025, 19:21
6-02-2025, 18:43
6-02-2025, 18:00
6-02-2025, 16:30
6-02-2025, 15:45
6-02-2025, 14:20
![](/uploads/posts/2021-07/1625926725_2015-09-14t074349z_955959129_gf10000205206_rtrmadp_3_afghanistan-taliban-jailbreak.webp)
Taliban Əfqanıstanın Qəznə şəhərinin giriş qapısı sayılan Nevabad qəsəbəsini ələ keçirib.
Ovqat.com xəbər verir ki, bunu Talibana yaxın qaynaqlar iddia edir.
Taliban qaynaqlarının bildirdiklərinə görə, onlar həmçinin Tacikistan sərhədləri boyunca çox sayda sərhəd postlarını da alıb və sərhəd dirəkləri üzərindən öz ağ bayraqlarını sancıblar.
Paytaxt Kabilin 145 km cənub-qərbdə yerləşən eyniadlı vilayətinin mərkəzi olan Qəznə həm də Kabil-Qəndəhar yolunun üzərində çox önəmli mövqe tutur. Dolayısıyla ölkənin şimali ilə cənubunu, qərblə şərqini birləşdirən yolayrıcılarındadır.
Əfqanıstanın həm də aparıcı ticarət və sənaye mərkəzlərindən sayılan Qəznə xüsusilə xəz, ipək və kənd təsərrüfatı məhsullarının emalı ilə məşhurdur.
![](/uploads/posts/2021-07/1625926778_talib1.jpg)
1978-ci ildən bu yana müharibələrin ağuşunda çırpınmaqdan macal tapmayan Əfqanistanda əhalinin siyahıya alınması prosesi düz-əməlli aparılmadığından Qəznənin də nə qədər sakini olduğu bilinmir. Sonuncu dəfə 1982-ci ildə keçirilən siyahıyaalmanın nəticələrinə görə, vilayətin 676.416 nəfər əhalisi var idi, bunlardan 31.985-i Qəzni şəhərində yaşayırdı. Əhalisinin əksəriyyəti sünni və fars dillidir. Məzhəb fərqliliyi qəznəlilərin İranla mədəni inteqrasiya prosesinə mənfi təsir göstərir.
Buna rəğmən, İran-Əfqanistan-Pakistan-Çin və Hindistan ticarət xətti üzərində tarix boyu əsas keçid və dayanacaq nöqtələrindən sayılıb. Bu xüsusiyyətilə müasir çağımızın “İpək yolu” sayılan “Bir Kəmər, Bir Yol” layihəsinin quru xəttinin cənub hissəsi üzərində önəmli qovşaqlardan biri kimi böyük əhəmiyyət daşıyır. Dolayısıyla Qəznə üzərində nəzarət “Bir Kəmər, Bir Yol” layihəsinin taleyini də müəyyənləşdirəcək.
Qeyd edək ki, bu yol Hindistan-İran marşrutu üçün daha yararlıdır və perspektivdə Çinlə və Pakistanla rəqabət aparacaq bu iki dövlətin “Bir Kəmər, Bir Yol” layihəsinə qarşı irəli sürə biləcəkləri alternativə də çevrilə bilər. Odur ki, yolun bağlanması əslində Pekinin və İslamabadın maraqlarına uyğundur. Taliban üzərində Pakistanın təsir imkanlarını nəzərə alsaq, region üzərində nəzarət savaşında İslamabadın şansını daha böyük olduğunu görə bilərik.
![](/uploads/posts/2021-07/1625926474_ipek-yolu1.jpg)
Qəznənin Cənubi Asiyanın önəmli ticarət və mədəniyyət qovşaqlarından biri olması yeni deyil. Qədim dövrlərdən indiyədək Qəznə bu özəlliyi ilə tanınıb və adını belə, həmin xüsusiyyətindən alıb. Qədim peştunca “almaz”, “briliyant” mənasına gələn Qəznə tarixən Cənubi Asiyanın ticari, iqtisadi və siyasi həyatında adına layiq rol oynayıb. Hətta 10-cu əsrin səyyahları Qəznəni İran-Hindistan və Çin ticarətində “anbar şəhər” adlandırırdılar. Dünyanın bir çox yerlərindən tacirlər bu şəhərə gəlir və öz mallarını satıb, Çindən və Hindistandan gətirilən məhsulları alıb geri qayıdırdılar. Xüsusilə Hindistan və Mərkəzi İran coğrafiyasının tam ortasında yerləşən bu şəhər başda Qəznəvilər olmaqla bir çox imperatorluqların mərkəzi şəhərinə, paytaxtına çevrilmişdi.
Bu geostrateji önəminə görə Qəznə şəhəri bir çox türk imperatorluqlarının vazkeçilməz qalalarından olub. Böyük Türk imperatorluqlarından sayılan Qəznəvi öz adını məhz bu şəhərdən alır. Qəznəvilərdən sonra hakimiyyətlərin əl dəyişməsi zamanı ən ciddi döyüşlər məhz bu şəhər üzərində gedib. Hətta Monqol-Tatarlarla Xarəzmşahlar arasında döyüşlər zamanı Qəznənin bütün əhalisinin Çingiz xanın əsgərləri tərəfindən qətl edildiyi bildirilir. Digər imperatorluqların quruluş və çöküş dönəmində də ən ağır bədəli Qəznə sakinləri ödəyib. Beləcə, vilayətin türk əhalisi də yox olub və ya farslaşıb.
![](/uploads/posts/2021-07/1625926933_i.jpg)
Qəznənin dünya tarixində ən mühüm rolu Hindistanın islamlaşmasına verdiyi töhfədir. Xüsusilə Qəznəvilər bu işdə böyük rol oynayıblar. Daha sonra qurulan Türk imperatorluqları da Qəznəvilərin bu yolunu davam etdiriblər, Hindistanı 19-cu əsrin ikinci yarısına qədər Türk hegemonluğu altında tutublar. Baburşahlar zamanında Hindistanın bütünlüyünü təmin etmək üçün aparılan İslam-İndiuzm sintezi alınmayıb və ingilislərin qızışdırması ilə ölkə bir neçə yerə bölünüb (Hindistan, Pakistan, Banqladeş).
Hindistana gedən bütün yollar isə Qəznədən keçdiyindən bu şəhər təkcə ticari və iqtisadi əlaqələrin deyil, həm də iki mədəniyyət arasında qaynaşmanın, daha sonra isə ayrışmanın mərkəzinə çevrilib. Bəzi Hindistan alimləri 1947-ci ildə Pakistanın və Banqladeşin bir daha yaxınlaşmamaq üzrə Hindistandan qopmasının səbəbini 10-cu əsrdə Qəznəvilərlə başlayan islamlaşmada görürlər və haqsız da deyillər Başqa sözlə, Qəznə Şərq dünyasının həyatını dəyişən ən mühüm geosiyasi məkanlardan biri olub, indi də elədir.
![](/uploads/posts/2021-07/1625927015_gazni1.png)
Dünya tarixində Türk hegemoniyasının zəiflədiyi və sona çatdığı dövrlərdə də Qəznə dünya hegemonluğu uğrunda mübarizənin mərkəzi poliqonuna çevirilib. İngilislər iki dəfə 1839-ci və 1842-ci illərdə bu şəhəri işğal etsələr də, uzun müddət əllərində saxlaya bilməyiblər. 1880-ci ildə ingilislərin Əfqanıstan işğalı sona çatması ilə Qəznə də azadlığa qovuşub. Bir də 100 ildən sonra - 1979-cu ildə Rusiya Əfqanistanı işğal edərkən Qəznə yenidən döyüş poliqonuna çevrilib.
Qısası, Talibanlar Qəznə şəhərini ələ keçirməklə Əfqanistana sahiblənmək və qurulmaqda olan yeni dünya quru ticarəti marşrutunun yönünü dəyişdirmək sahəsində çox önəmli geosiyasi mövqe əldə edəcəklər.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər