Xəbər lenti


 
Gələn il payızında NATO-ya qadın rəhbərlik edə bilər.
 
Ovqat.com-un məlumatına görə, bu iddianı ABŞ-ın məşhur media orqanlarından “Politico” nəşri irəli sürüb.
 
Nəşr iddia edir ki, Alyansın Baş katibi vəzifəsinə 3 iddialı namizəd var və onların 3-ü də qadındır - Litvanın keçmiş prezidenti Dalya Qribauskayte, Estoniyanın sabiq başçısı Kersti Kalyulayd və Xorvatiyanın keçmiş lideri Kolinda Qrabar-Kitaroviç.
 
Bu 3 siyasətçidən biri 2022-ci ilin payızında Yens Stoltenberqin yerinə NATO-nun baş katibi vəzifəsinə gətirilə bilər”, - məlumatda belə deyilir.
 
Nəşrin Brüsseldəki mənbələri də alyans ölkələrinin əksəriyyətinin Baş katib vəzifəsinə ilk dəfə bir qadını təyin etməyə hazır olduğunu təsdiqləyiblər.


 
Diqqət çəkən digər bir xüsus hər 3 qadın namizədin Şərqi Avropadan olmasıdır. “Politico” bunu Rusiyaya veriləcək "vacib bir siqnal" kimi qiymətləndirib. Məsələ burasındadır ki, Qərbi Avropadan fərqli olaraq Şərqi Avropa  ölkələri Rusiya məsələsinə daha həssas yanaşır, Kremlin təcavüz ehtimalına qarşı alyansın daha aktiv fəaliyyət göstərməsini arzulayırlar. Xüsusilə Litva və Estoniya kimi Baltikyanı ölkələri Ukraynanın NATO çətiri altına alınmasına öz milli təhlükəsizliklərini daha da gücləndirə biləcək amil kimi baxırlar. Belə görünür ki, gələn ildən Moskvanı NATO ilə daha ağır sınaqlar gözləyir.
 
Namizədlərin kimliyi


 
Namizədlərdən Dalya Qribauskayte 2009-2019-cu illərdə Litvanın Prezidenti vəzifəsində çalışıb (2014-cü ildə yenidən seçilib). Eyni zamanda Avropa Proqramlaşdırma və Büdcə üzrə Avropa Komissarı olub. Doğma Litva dili ilə yanaşı, ingilis, polyak, rus dillərini də bilir.
 
Kersti Kalyulayd 2016-cı ilin oktyabrından Estoniyanın prezidentidir. Bundan əvvəl, AB Auditorlar Məhkəməsinin üzvü idi (2004-2016). 2017-ci ilin noyabrında “Forbes”in “Dünyanın ən güclü 100 qadını” siyahısında 78-ci sırada yer alıb. Gələn il səlahiyyət müddəti bitən Kersti Kalyulayd NATO-nun Baş katibi seçilərsə, Rusiya ilə mübarizəsini dünyanın ən güclü hərbi alyansının rəhbəri kimi davam etdirəcək. 
 
Kolinda Grabar-Kitaroviç 2003-2005-ci illərdə Xorvatiyanın Avropaya inteqrasiya naziri, 2005-2008-ci illərdə Xarici İşlər və Avropaya İnteqrasiya Naziri olub. 2008-2011-ci illərdə Xorvatiyanın ABŞ-dakı səfiri kimi fəaliyyət göstərib. 2011-2014-cü illərdə NATO Baş Katibinin İctimai Diplomatiya üzrə köməkçisi vəzifəsində çalışıb. 2015-ci ildən 2020-ci ilədək Xorvatiyanın prezidenti olub.


 
Xatırladaq ki, 13-cü NATO Baş katibi Yens Stoltenberq 1 oktyabr 2014-cü ildən bu vəzifəni icra edir. Bundan əvvəl o, 2000-2001 və 2005-2013-cü illərdə Norveçin Baş Naziri idi.
 
Yens Stoltenberqin NATO-dakı sələfi isə Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen idi.


Ana səhifəyə qayıt        Baxış: 5 325          Tarix: 19-07-2021, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma