Xəbər lenti

 Son zamanlar Ukrayna və Donbasda baş verən hadisələrdə xarici xüsusi xidmət orqanlarının dəsti-xətti var.

.Bu sözləri Axar.az-a açıqlamasında poitoloq Arzu Nağıyev deyib. Ekspert Ukraynada döyüşün təkcə səngərlərdə getmədiyini qeyd edib:

“Ukraynada o insanları aradan götürürlər ki, ya həddindən çox məlumatlıdırlar, ya da hər hansı bir əməliyyatın həyata keçirilməsinə birbaşa rəhbərlik ediblər. Ukraynada kəşfiyyatçılara qarşı bu cür sui-qəsdlər çox böyük sensasiyadır və əslində, bundan müəyyən nəticələr çıxartmaq olar. Hesab edirəm ki, son zamanlar Ukrayna və Donbasda baş verən hadisələrdə xarici xüsusi xidmət orqanlarının dəsti-xətti var. Yəni istər avtomobil partlayışı, istərsə də digər hadisələr birbaşa Ukrayna kəşfiyyatçılarına qarşı yönəlib. Əslində, Ukraynada baş verənlər digər xüsusi xidmət orqanlarının əməkdaşlarına bir xəbərdarlıq idi.

Digər tərəfdən, proseslər göstərir ki, xüsusi xidmət orqanları arasında əməlli-başlı müharibə gedir. Demək olmaz ki, Ukraynada başladılan bu prosesin sonu olmayacaq və rəsmi Kiyev baş verənlərə səssiz qalacaq. Fikir verin, bundan öncə Donbasda separatçı hərəkatların başında duran bir neçə şəxs də aradan götürülmüşdü. Düşünürəm ki, Ukranya kəşfiyyatçılarına qarşı son sui-qəsdlər məhz rus kəşfiyyatı ilə Donbas xüsusi xidmət orqanlarının cavab əməliyyatıdır”.

Qeyd edək ki, son günlər Ukrayna xüsusi xidmət orqanlarına qarşı hücumlar artıb. Ukraynanın Donetsk vilayətinin Konstantinovka rayonunda polkovnik Yuri Voznıyın maşınına yerləşdirilmiş bombanın partlaması nəticəsində polkovnik ölmüş, 3 kəşfiyyatçı yaralanmışdı. Bir müddət öncə isə Kiyevdə bənzər hadisə üzündən kəşfiyyatçı polkovnik Maksim Şapoval həlak olmuşdu.

Rəsmi Kiyev bu hücumlarda əsas günahkarın Rusiya Baş Kəşfiyyat İdarəsinin olduğunu iddia edir. Ukraynalı ekspertlər də Moskvanın bununla öldürülən Donbas separatçıları liderlərinin qisasını aldığını bildirirlər.

Belə ki, 2016-cı ildə Ukrayna kəşfiyyatı Donbas müharibəsi zamanı Kiyevə xəyanət edən hərbçi liderlərə qarşı uğurlu qisas kampaniyası həyata keçirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 755          Tarix: 1-07-2017, 08:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma