Xəbər lenti

Artıq bir neçə gündür Qazaxıstanda millətçilər dükanlarda və dövlət idarələrində qazax dilinin istifadəsinə dair “dil monitorinqi” aparırlar. Onlar çəkdikləri videoları “Til Maydani onlayn partiyası” adlı Yutub kanalında yerləşdirirlər. Kanalın qurucusu Kuat Axmetovun başçılıq etdiyi fəallar mağazalardakı etiketlərin qazax dilinə tərcümə edilib-edilmədiyini, satıcıların və məmurların dövlət dilində ünsiyyətlərini qiymətləndirirlər. Monitorinq əsasən Nur-Sultan, Alma-Ata, Pavlodar, Uralsk və digər böyük şəhərlərdə aparılır. Onların əsas məqsədi qazax dilinin ölkənin tək rəsmi dilinə çevrilməsi, rus dilindən istifadənin minimum səviyəyə endirilməsidir.

Axar.az xəbər verir ki, yayılan videolar Rusiyanın narahatlığına səbəb olub.

Fəalların yayılan videoları ilə bağlı Rusiya rəsmiləri ard-arda fikirlər səsləndirirlər. Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev hətta Qazaxıstan hakimiyyətindən millətçilərin hərəkətlərini qiymətləndirməyi tələb edib.

Rusiya rəsmilərinin “dil patrulu” ilə bağlı təşvişi və ard-arda açıqlamaları monitorinq keçirən qazaxların gülüşünə səbəb olub. Onlar yaxın zamanda Qazaxıstanın rus dilindən azad olunacağını bildiriblər.

Qeyd edək ki, ölkənin rəsmi dili qazax dili olsa da, inzibati işlər də daxil olmaqla, bütün səviyyələrdə rus dili də bərabər statusa sahibdir. Qazaxıstanda yaşayan əhalinin təxminən 68,51%-ni qazaxlar, 18,85%-ni isə ruslar təşkil edir.



Ana səhifəyə qayıt        Baxış: 2 358          Tarix: 11-08-2021, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma