Xəbər lenti


ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Bəhreynin paytaxtı Manamada keçirilən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu forumunda çıxış edərək bizim coğrafiyamızı da yaxından ilgiləndirən önəmli fikirlər səsləndirib. O deyib ki, ABŞ prezidenti Donald Tramp dünyanın bütün qaynaq nöqtələrində “şahmat taxtasını tamamilə dəyişdirən” addımlar atıb. Və bu addımların nəticəsində Türkiyə və İsrail müharibə etməyəcək: “Bunun baş verəcəyini düşünmürəm və siz Xəzərdən Aralıq dənizinə qədər əməkdaşlıqların şahidi olacaqsınız”.

Təbii ki, Tom Barakın bu çıxışında məni maraqlandıran əsas mövzu Aralıq dənizindən Xəzərə qədər coğrafiyadır. Xəzərin Aralıq dənizinə nə dəxli var və ABŞ bu iki dəniz arasında nə axtarır?

Zənnimcə, ABŞ səfirinin bu fikirləri gəlişigözəl sözlər deyil. Əksinə, Tom Barak açıq dilə gətirməsə də, əslində “ABŞ-ın “ABŞ-ın Mərkəzi Asiya üçün Strategiyası - 2019-2025: Suverenliyin və İqtisadi Rifahın Təkmilləşdirilməsi” sənədinə eyham vurub. Bəs bu sənəddə nədən bəhs olunur, Mərkəzi Asiyada yerləşməyən Azərbaycan oraya niyə salınıb?

Qeyd edim ki, Donald Trampın ilk hakimiyyəti dövründə, konkret olaraq 2019-cu ildə hazırlanan bu sənəd ilk dəfə ABŞ dövlət katibi Maykl Pompeonun 2020-ci ilin fevralında Qazaxıstan və Özbəkistana səfərləri zamanı açıqlanmışdı. Sənədin əhatə etdiyi zaman diliminə nəzər salsaq, son 6 ildə Azərbaycanda baş verən hadisələrin məhz bu strategiyaya uyğun şəkildə reallaşdığını görə bilərik. Məlumdur ki, bu gün vətənə xəyanətlə ittiham olunan Ramiz Mehdiyev məhz 2019-cu ildə Prezident Administrasiyasından uzaqlaşdırılmış, üzərindən bir neçə ay keçəndən sonra Azərbaycanın Tovuz rayonu erməni hücumuna məruz qalmışdı. Ardınca da II Qarabağ savaşı başlamış və ermənilər işğal olunmuş ərazilərmizdən qovulmuşdur. Təbii ki, bütün bu nailiyyətlər Azərbaycan ordusunun qəhrəmanlığı və ölkə başçısı İlham Əliyevin strateji ağlı sayəsində əldə olunmuşdur. Bununla belə, İlham Əliyevin beynəlxalq siyasətdə Azərbaycanın xeyrinə yaranmış fürsətlərdən məharətlə faydalandığını inkar etmək də mümkün deyil. 

Bəs, beynəlxalq siyasətin bizim xeyrimizə işləməsinin əsası nədə özünü büruzə verirdi? Hesab edirəm ki, bu suala ən yaxşı cavab haqqında söhbət açdığım “ABŞ-ın Mərkəzi Asiya üçün Strategiyası - 2019-2025: Suverenliyin və İqtisadi Rifahın Təkmilləşdirilməsi” adlı sənəddə gizlidir.

Hərçənd ki, sənəddə Mərkəzi Asiya dövlətlərinin suverenliyi və müstəqilliyinin dəstəklənməsi vurğulanıb, diqqət daha çox regional terrorizm təhdidlərinə qarşı mübarizəyə, Əfqanıstanla iqtisadi əlaqənin sabitləşməsinə, sözügedən coğrafiyaya yatırılan ABŞ sərmayəsinə və s. məsələlərə yönəldilib. Bununla belə, Mərkəzi Asiyaya çıxışın Cənubi Qafqazla mümkün ola biləcəyi də qeyd olunub. Sənəddə bu barədə eyniylə belə deyilir:

“Biz çalışacağıq ki, region ölkələrinin Qafqaz vasitəsilə Avropaya, Əfqanıstan və Cənubi Asiyaya, eləcə də qlobal bazarlara getdikcə daha yaxşı əlaqəsi yaransın. Biz ölkələrə iqtisadi və siyasi suverenliyini gücləndirməyə, daha dərin dayanıqlılığı inkişaf etdirməyə, qarşılıqlı maraq doğuran sahələrdə bir-biri ilə əməkdaşlıq etmək istəyini və bacarıqlarını artırmağa kömək edəcəyik”.



Göründüyü kimi, sənəddə konkret olaraq, Azərbaycanın adı çəkilmir. Sadəcə Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ölkələrinin Avropaya, Cənubi Asiyaya və Əfqanıstana bağlanmasından söz edilir. Cənubi Qafqazda Mərkəzi Asiya ölkələri ilə yeganə bağ quracaq dövlət isə Azərbaycandır. 

Maraqlıdır ki, sənəddə 44 günlük müharibədən sonra Azərbaycanın həyata keçirdiyi bir çox layihələrin planlaşdırılması da dolayısıyla yer alıb. Onlardan biri də Əfqanıstandan Avropaya qədər uzanan Lapis Lazuli Dəhlizidir: “Biz eyni zamanda, Mərkəzi Asiya və Əfqanıstanın Avropa və Avrasiya ilə ticarətini kəskin şəkildə yaxşılaşdıracağını vəd edən Lapis Lazuli Dəhlizinə dəstək olaraq Mərkəzi Asiyada viza və gömrük proseslərinin sadələşdirilməsi üzərində işləyirik”.

Sənəddə həmçinin vurğulanır ki, Mərkəzi Asiya ölkələrinin öz müstəqilliyini və suverenliyi qorumaq üçün hərbi qüdrətini artırmalı və ABŞ onlara bu istiqamətdə əlindən gələn köməyi göstərməlidir. Üstəlik, bu ölkələrin suverenliyinə və müstəqilliklərinə xarici təzyiqlərin əsas qaynağı da göstərilir – Rusiya və Çin: “Əsas prinsipimiz Mərkəzi Asiya xalqlarına fərdi suverenliyini qorumaq və Rusiya və Çin kimi qonşu güclərin təzyiqinə müqavimət göstərmək imkanlarını artırmaqda kömək etməkdir”.

Son zamanlar Azərbaycana və Mərkəzi Asiya ölkələrinə, xüsusilə də Qazaxıstana qarşı Rusiyadan təhdidlərin artması bu sənədi hazırlayan strateqlərin heç də haqsız olmadığı göstərir. Və İlham Əliyevin bir müddət əvvəl (07.10. 2025-ci il tarixində) Qəbələdə keçirilən Türk dövlətlərinin liderlərinin zirvə görüşündə səsləndirdiyi fikirlər də bu strateji sənəddə qeyd olunan müddəalarla həmahəng səslənir. Xatırladım ki, Prezident həmin çıxışında eyniylə bunları demişdi: “Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”. 

Prezident bu sözlərlə sanki Türk dünyasını gözləyən təzyiqləri birgə hərbi əməkdaşlıqla ortadan qaldırıla biləcəyini həmkarlarının diqqətinə çatdırmışdı. Bəs, “ABŞ-ın Mərkəzi Asiya üçün Strategiyası - 2019-2025” adlı strateji yol xəritəsində bölgə ölkələrin təhlükəsizliyinin təmin olunması necə təsvir olunub?

Sənəddə əsasən, bəzi “bədxassəli aktorların” (böyük ehtimalla, Rusiya və Çin nəzərdə tutulur – H. O.) region dövlətlərində törədə biləcəyi terror və təxribatlardan sığortalanmadan bəhs olunur və bunun üçün iki istiqamət göstəilir: “bədxassəli aktorlara qarşı müstəqilliyi gücləndirmək və Amerika Birləşmiş Ştatları ilə siyasi, iqtisadi və təhlükəsizlik tərəfdaşlıqlarını inkişaf etdirmək”.

ABŞ-ın bu məqsədə çatmaq üçün indiyədək aldığı tədbirlərdən bəhs edən strateji yol xəritəsində deyilir: “Çöl Qartalı təlimi” və “Dövlət Tərəfdaşlığı Proqramı” kimi birgə hərbi təşəbbüslər Mərkəzi Asiyada etimad, qarşılıqlı fəaliyyət və regional təhlükəsizliyi gücləndirir. ABŞ proqramları müntəzəm olaraq planlaşdırılmış təlimlər və birgə təlimlər vasitəsilə uzunmüddətli əlaqələr, o cümlədən kadr əlaqələri qurur və saxlayır”.

O da qeyd olunur ki, ABŞ region ölkələrinin təhlükəsizliyini qorumaq üçün milyonlarla dollar xərcləyib və xeyli sayda hərbçilər yetişdirib: “Birləşmiş Ştatlar Mərkəzi Asiyada sərhəd təhlükəsizliyinə 90 milyon dollardan çox sərmayə qoyub, 200-dən çox təlim fəaliyyəti həyata keçirib və 2600-dən çox sərhəd zabitini hazırlayıb”.

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın 6 strateji hədəfindən bəhs edən sənəddə bir çoxlarımızın Turan, Türk Birliyi adlandırdığımız böyük bir ittifaqın qurulmasının bəzi ümumi tezisləri də öz əksini tapıb. Onların hər biri bir başqa məqalənin mövzusu olduğundan bu yazımda əsasən Azərbaycanla bağlı məqamlara toxunmağa çalışdım. Onu da qeyd edim ki, Avropa İttifaqının bu yaxınlarda qəbul etdiyi Qara dəniz strategiyasında da bənzər prinsiplərdən yer alıb. İnşallah, Allah izn verərsə, bu sənədlərin digər xüsuslarını da diqqətinizə çatdırıb yaxın gələcəkdə ölkəmizdə və ətrafında baş verəcəklərə işıq tutmağa çalışacağam.

 

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 531          Tarix: Bu gün, 13:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma