Xəbər lenti

 
Rusiya NATO-dakı missiyasının fəaliyyətini 1 noyabrdan etibarən dayandıracaq.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bunu bildirib.
 
Nazir həmçinin vurğulayıb ki, alyansın Moskvadakı informasiya bürosunun işinə də son qoyulacaq.
 
Lavrov NATO-nun istərsə bundan sonra Rusiyanın Brüsseldəki səfiri ilə əlaqə saxlaya biləcəyini deyib.

Rusiyanın bu addımı atmasının səbəbi NATO-nun alyansdakı rus səfirlərinin fəaliyyətinə son verməsidir.
 
Lavrovun fikrincə, bu addım alyansın dialoqda maraqlı olmadığını göstərir.
 
"Rusiya ilə NATO arasında heç bir hərbi təmas” olmadığını deyən Xarici İşlər naziri, ölkəsinin yaxın gələcəkdə alyansla münasibətlərdə hər hansı bir dəyişikliyin mümkün olma ehtimalını iddia etməyəcəyini vurğulayıb.
 
O, NATO -nun alyansdakı rus diplomatlarının akkreditasiyasından məhrum edilməsinin səbəblərini izah etmədiyinə aydınlıq gətirib: "Bu addımın səbəbləri ilə bağlı heç bir açıqlama verilməyib”.
 
Lavrov bildirib ki, NATO-dakı Rusiya Daimi Nümayəndəliyinin əməkdaşları qovulduqdan sonra Rusiyanın cavab addımları barədə Şimali Atlantika Katibliyinə məlumat verilib. 
 
Qeyd edək ki, NATO-nun Brüsseldəki ofisi Rusiyanın daimi nümayəndəliyinin sayını 20 nəfərdən 10 nəfərə endirmək barədə qərarı verib. Səkkiz diplomat "Rusiyanın son illərdə düşmənçilik fəaliyyəti" ilə əlaqədar akkreditasiyadan məhrum olunub. Daha ikisinin vəzifəsi isə dondurulub.
 
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, NATO -nun rus diplomatlarını ölkədən çıxarmaq qərarı və "düşmənçilik fəaliyyəti" ittihamları münasibətlərin normallaşması və dialoqun bərpası perspektivlərini tamamilə pozur. O əlavə edib ki, Rusiya alyansdakı Rusiya missiyasının ölçüsünü azaltmaq üçün edilən hərəkətlərə cavab olaraq NATO-ya cavab addımları barədə düşünür  və lazımi tədbirləri həyata keçirəcək.
 
NATO baş katibi Yens Stoltenberq diplomatların Brüsseldən çıxarılmasının konkret hadisələrlə deyil, ümumilikdə Rusiyanın fəaliyyəti və ittifaqın kəşfiyyat məlumatları ilə əlaqəli olduğunu bildirib.
 
Maraqlıdır ki, NATO-nun bu addımından sonra ABŞ-ın Müdafiə naziri Lloyd Austinin Qara dəniz ölkələrinə səfər edəcəyi açıqlanıb. Austinin Ukrayna, Rumıniya və Gürcüstana səfəri gözlənilir. Hər 3 ölkənin Qara dəniz sahillərində yerləşməsi və NATO-nun Rusiya ilə diplomatik əlaqələrini məhdudlaşdırması alyansın bu su hövzəsində şimal qonşumuzu sıxışdıracağına dəlalət edə bilər.

Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 607          Tarix: 18-10-2021, 15:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma