Xəbər lenti

Qətər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin irəli sürdüyü 13 maddəlik tələblər siyahısına cavab verdi. Cavab böhranın həllində vasitəçi olan Küveyt vasitəsilə Səudiyyə Ərəbistanına çatdırılıb.

Qalmaqalın mahiyyəti

İyunun 5-də BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir terrorizmə dəstək verməkdə ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsdi. Daha sonra analoji addımı Mavritaniya, Maldiv adaları, Mavrikiy, Cibuti və İordaniya atdı. Qətərin blokadasına Fars körfəzinin ərəb ölkələri Əməkdaşlıq Şurasının üzvlərindən yalnız Oman və Küveyt qoşulmadı.

İyunun 23-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə münasibətlərin normallaşması üçün 13 tələb irəli sürdülər. Ərəb ölkələri, xüsusi halda, Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və “Əl-Cəzirə” peyk telekanalını bağlamağı tələb etdilər. Bundan başqa, Doha yuxarıda adı çəkilən 4 ölkənin terrorçuluqda ittiham etdiyi bütün şəxsləri təhvil verməli idi.

Tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilmişdi. Daha sonra bu müddət Küveyt xahişi ilə daha 48 saat uzadıldı.

ABŞ-ın dövlət katibi Reks Tillerson tələblərin bəzilərinin qəbul edilməsinin çətin olduğunu açıqladı. Bununla belə, Tillerson bildirib ki, bu tələblər mövcud böhranın həll olunması yolunda dialoq üçün təməl olacaq. Vaşinqton beləliklə, tələblərin yerinə yetirilməli olduğuna ehyam vurdu.

Qətər cavab verdi

Bu gün “Al-Arabiya” telekanalının açıqladığı xəbərə görə, Qətər tələblərə cavab verib. Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir cavabı dərc edəcəyinə söz verib. Dohanın cavab mətninin təfərrüatları açıqlanmır. Ancaq Qətər daha əvvəl verdiyi bəyanatlarında irəli sürülmüş şərtləri tənqid edib. Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni dünən bildirib ki, qonşuların irəli sürdüyü tələbləri yerinə yetirmək mümkün deyil.

“İstənilən tələb həqiqi və yerinə yetirilməsi mümkün olmalıdır. Ancaq Dohaya təqdim edilən tələbləri yerinə yetirmək mümkün deyil. Söhbət terrorizmin dəstəklənməsindən deyil, daxili işlərə müdaxilədən, KİV-in azadlığının və müstəqilliyin pozulmasından gedir”, - nazir deyib.

Xarici İşlər Nazirliyinin başçısı bildirib ki, Qətər dörd ərəb dövlətinin bütün tələblərinin beynəlxalq hüquqa uyğunluğunu öyrənib. Onun sözlərinə görə, heç bir suveren dövlət belə şərtləri qəbul edə bilməz.

Əl-Təni cavabın detallarını açmayıb. Amma onun bəyanatından çıxış edərək, cavab məktubunun məzmunu haqqında ümumi fikrə gəlmək mümkündür.

“Cavab müstəqilliyə hörmət çərçivəsində verilib”, - Qətərin baş diplomatı qeyd edib.

Doha hesab edir ki, böhran yalnız danışıqlar stolu arxasında nizama salına bilər.

“Qətər daxili işlərə müdaxilə etməmə və qarşılıqlı hörmət əsasında ərəb ölkələri ilə bərabər hüquqlu dialoqu dəstəkləyir”, - Əl-Təni vurğulayıb.

Müharibə olmayacaq

Ekspertlər əmindirlər ki, Qətərin ətrafında yaranan diplomatik qalmaqal hərbi toqquşmaya gətirib çıxarmayacaq.

“Qətərin heç bir mühasirəsi yoxdur, yalnız siyasi və diplomatik boykot var. Biz hələ münaqişənin başlanğıcındayıq, amma daha ağır iqtisadi sanksiyalar gözləmək lazım deyil. Xüsusən, Dohanın ünvanına heç bir hərbi təhlükə yoxdur”, - Qahirədə fəaliyyət göstərən Camal Əbdül Nasir adına Hərbi Akademiyanın tədqiqat mərkəzinin keçmiş rəhbəri Kamal Məzlum bildirib.

Qətərə qarşı atılacaq növbəti addımlara gəlincə, o Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirdə böyük investisiyaları olan və Qətərlə əməkdaşlıq edən böyük xarici şirkətlərin boykotunu mümkün hesab edir.

Bundan başqa, onun sözlərinə görə, Qətər Fars körfəzinin ərəb ölkələri Əməkdaşlıq Şurasına üzvlükdən məhrum edilə bilər.

“Bunun Doha üçün mənfi iqtisadi, siyasi və hərbi nəticələri olacaq”, - Misir eksperti əmindir.

Dohanın iqtisadi problemləri

KİV iyunun sonunda Qətərin rastlaşdığı iqtisadi problemlərin siyahısını artıq dərc etməyə başladı. “The National” nəşri bildirdi ki, ərəb dünyası tərəfindən boykot ölkəyə turpaketlərin azalmasına gətirib çıxarıb.

“Adətən mehmanxana nömrələri Səudiyyə Ərəbistanı və Bəhreyndən olan turistlər tərəfindən tutulurdu”, - Dohada fəaliyyət göstərən mehmanxanalardan birinin nümayəndəsi deyib.

Aviasiya üzrə analitik Uill Xorton qeyd edir ki, iyulun əvvəlindən Qətərə aviareyslərin sayı ötən ilin analoji dövründə olan reyslərin 76 faizini təşkil edəcək. Bu isə gündəlik təxminən 27 min sərnişin itkisi deməkdir.//publika.az

 




Ana səhifəyə qayıt        Baxış: 642          Tarix: 5-07-2017, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma