Qətər ətrafında vəziyyət xoşagəlməz istiqamətdə inkişaf etməyə başlayıb.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Qətərin müdafiə naziri Xalid əl-Attiya “Sky News Britain” kanalına müsahibəsində ölkəsinin özünü müdafiə etməyə hazır olduğunu deyib.
“Ümid edirik ki, hadisələr hərbi müdaxilə mərhələsinə gəlməyəcək. Ancaq biz hər zaman ölkəmizi müdafiə etməyə hazırıq. Qətər tarix boyu asan udulan loxma olmadığını göstərib”, - o bildirib.
Qətərli nazir Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin tələblərinin ölkənin suverenliyinə hücum anlamı daşıdığını vurğulayıb. O daha əvvəl - 1996 və 2014-cü illərdə Qətərdə dövlət çevrilişi cəhdlərinin olduğunu xatırladıb.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.
Dünən isə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Küveytin təklifini qəbul edərək Qətərə qarşı irəli sürülən ultimatumun müddətinin 48 saat uzadılmasına dair razılığa gəliblər.
On gün əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb.
Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.
Paylaş: