Xəbər lenti

BMT nüvə silahının qadağan olunması haqqında ilk çoxtərəfli razılaşmanı qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, razılaşmanı 122 dövlət təsdiqləyib.

Yeni sənədə imza atan ölkələrə nüvə silahına sahib olmaq, onun sınağını keçirmək rəsmən qadağan olunub. Sənəddə həmçinin nüvə silahı və digər nüvə partlayıcılarının yayılması və ya hansısa ərazidə yerləşdirilməsi də qadağan edilib.

Səsvermədə aralarında ABŞ, Rusiya, İngiltərə, Çin, Hindistan, Pakistan, Türkiyə, İran, İsrail, Fransa, Almaniya, Yunanıstan, Yaponiya və İtaliyanın da olduğu 69 ölkə qatılmayıb. ABŞ, İngiltərə və Fransa birgə bəyanat verərək qərara sərt reaksiya göstəriblər.

“Razılaşmanı nə imzalamağa, nə də təsdiq etməyə niyyətimiz var. Bu, ölkələrimizin nüvə silah mövzusundakı qanuni öhdəliklərini dəyişməyəcək”, - bəyanatda deyilir.

“Biz analitiklər inanmırıq ki, nüvə silahı nüvə dövlətlərinin dəstəyi olmadan ləğv edilə bilər. Ancaq Norveç, İsveç, Avstriya və Yeni Zelandiya kimi ölkələrin səylərini müsbət qiymətləndiririk. Onlar heç olmasa dünyanı nüvə silahından təmizləmək üçün özlərinin əxlaqi və humanitar borcunu yerinə yetirirlər”, - tədqiqatçı Kil bildirib.

O təəssüfünü ifadə edib ki, nüvə dövlətlərindən heç biri Cənubi Afrika Respublikasının (CAR) yolu ilə getməyə hazırlaşmır. CAR 1993-cü ildə özünün nüvə potensialından könüllü olaraq imtina edib.

Cari ilin başlanğıcında dünya nüvə potensialını 9425 döyüş başlığına qədər azaltdı. Bu, 1959-cu ildən bu yana ən aşağı göstəricidir. Dünya 1986-cı ildə maksimum sayda - 64500 döyüş başlığına malik idi. Nüvə döyüş başlıqlarının sayı azalsa da, müasir nüvə silahları daha dəqiq və dağıdıcı olub.

Publika.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SİPRİ) bazar ertəsi dərc etdiyi məruzəyə görə, nüvə silahlarının dağıdığı gücü onların müasirləşməsinə böyük kapital qoyuluşları fonunda artır.

Rusiya və ABŞ - iki super dövlətin arsenalında olan nüvə döyüş başlıqları dünyanın ümumi nüvə arsenalının 93 faizini təşkil edir. Bu ölkələr nüvə silahlarının müasirləşməsi üzrə proqramlara rekord məbləğdə vəsaitlər ayırıblar.

Rusiya nüvə döyüş başlıqlarının sayına görə (Rusiyada 4,3 min, ABŞ-da 4 min) lider ölkə statusunu saxlamaqda davam edir. Rusiyada 1,95, ABŞ-da isə 1,8 min döyüş başlığı döyüşə hazır vəziyyətdədir.

ABŞ prezidenti Donald Tramp vəzifəyə gələn kimi bildirdi ki, ölkə öz nüvə potensialını müasirləşdirə bilməyib. O, ABŞ-ın nüvə silahlarını “köhnəlmiş” adlandırdı. Prezident “Röyters” agentliyinə müsahibəsində isə bəyan etdi ki, lider mövqe tutmaq üçün ABŞ-ın nüvə gücünü artırmaq istəyir. Ağ Evin sahibi əlavə edib ki, dünyanı nüvə silahı olmadan görmək istəyərdi, amma bu mümkün deyil. Dövlət başçısı Şimali Koreya kimi bir təhdidin olduğunu dilə gətirib. ABŞ Konqresinin büdcə komitəsi ən yaxın onillik ərzində nüvə arsenalının müasirləşməsinə 400 milyard dollar ayıracağını elan edib. Bəzi analitiklərin fikrincə, 2045-ci ilə qədər bu hədəf üçün bir trilyon dollar yönəldiləcək.

Bir il əvvəl Böyük Britaniya parlamenti köhnəlmiş nüvə arsenalının müasirləşdirilməsi haqqında qərar qəbul edib. Bu proqramın reallaşması üçün təxminən 46 milyard avro xərclənəcək. Fransa prezidenti Emmanuel Makron da seçki kampaniyası zamanı söz verib ki, 290 nüvə döyüş başlığının müasirləşdirilməsi üzrə genişmiqyaslı planı həyata keçirəcək.

  




Ana səhifəyə qayıt        Baxış: 890          Tarix: 8-07-2017, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma