Xəbər lenti

Donetskdəki separatçı “dxr”-in sabiq baş komandanı, Ukraynanın şərqində separatçı terror birləşmələrinin yaradılmasında ən əsas fiqurlardan biri olan İqor Strelkov(Qirkin) Rusiya ordusunun Donbasda uğur qazanacağına inanmır.

“AzPolitika.info” xəbər verir ki, son zamanlar rus ordusunun rəhbərliyini tez-tez tənqid edən Qirkin öz sosial şəbəkə səhifəsində ordunun son günlərdəki yerdəyişmələrinə, qoşunların yenidən qruplaşdırılmasına baxmayaraq, Ukrayna tərəfinin müqavimətini qıra bilmədiklərini yazıb: “İzyum. Şəhərin cənub istiqamətində döyüşlər gedir. Əhəmiyyətli dəyişiklik yoxdur. Qarşılıqlı artileriya zərbələri var. Ukraynalılar Slavyansk və Kramatorskda müdafiəni gücləndirir və onları vahid bir qalaya çevirir. Rus hərbçilərinə artıq burada növbəti dəfə öz alınlarını yarmaq və qanlarını axıtmaq təklif olunacaq.

Rubejnoye. Bəyanatlara baxmayaraq, şəhər hələ də tam olaraq Rusiya və “lnr” silahlı qüvvələrinin nəzarətinə keçməyib. Şəhərdə və ətraf ərazilərdə döyüşlər davam etsə də, uğur yoxdur.

Popasnayada da eyni mənzərədir. Avdeyevkada da irəliləyiş yoxdur. Bu məntəqə qalaya çevrilib və onu “dnr”-in səfərbər olunmuş ikinci dərəcəli batalyonları ilə ələ keçirmək cəhdlərinin mənası yoxdur. O da nəzərə alınmalıdır ki, Ukrayna Silahlı Qüvvələri buraya əlavə qüvvələr gətirməkdə davam edir”.

Məşhur separatçı Donbasdakı digər istiqamətlərdə də eyni mənzərə yaşandığını və heç bir uğur qazanılmadığını bildirib. O, Mariupolun da tam ələ keçirilmədiyini və Rusiya tərəfinin çoxlu itkilər verməkdə davam etdiyini, “kadırovçular”ınsa ikinci xəttə yerləşdirildiyini qeyd edib. Bildirib ki, ön xəttə əsasən “lnr” və “dnr” hərbçiləri göndərilir, ən böyük itkiləri də onlar verir.

Qirkin zamanın daraldığını və vəziyyətin daha da pisləşdiyini bildirir: “Ümumilikdə Rusiyanın Donbasdakı hücumu tamamilə dayanıb. Rusiya ordusunun yenidən qruplaşmasından çox şey anlamaq olmur. Hərbi əməliyyatlarda gedişatı dəyişmək üçün zaman tükənir. Həftəyarım – iki həftəyə hər yer yaşıllaşacaq, hücum etmək daha da çətinləşəcək”.



Ana səhifəyə qayıt        Baxış: 4 066          Tarix: 10-04-2022, 09:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma