Xəbər lenti

 
"Biz Rusiyaya qarşı döyüşmürük. Biz sadəcə Ukraynanı müdafiə edirik. Ukraynanı müdafiə etmək isə beynəlxalq qanunlaraa əsaslanan qlobal asayişi qorumaq deməkdir. Əks halda cəngəllik qanunları qalib gələcək".
 
Ovqat.com xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr üzrə ali nümayəndəsi Josep Borrell Euronews-a açıqlamasında bildirib.
 
Onun fikrincə, Qərbin Ukraynanı dəstəkləməsi beynəlxalq hüquq normalarından kənar çıxmır, əksinə BMT-nin Nizamnaməsinin tələblərindən irəli gəlir:

"Qərbin Rusiyaya və digərlərinə qarşı uydurulan hekayələri bəyənmirəm. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə aid olan bir problemdir, ölkələrin suverenliyinə, qonşularınızı əzmək üçün güc tətbiqinə getməmək və dövlətlərin sərhədlərinə hörmət etmək məsələsidir”.
 
Borell həmçinin vurğulayıb ki, Qərb ölkələrinin Ukraynaya verdiyi dəstək Rusiya xalqına qarşı yox, onun bir adamın iradəsinə tabe olan siyasi sisteminə və həmin bir adama qarşı yönəlib. Odur ki, Ukraynanın işğalından bəhs edərkən Rusiya ilə onun prezidenti Vladimir Putinini bir-birindən ayrı tutmağı məsləhət görən Aİ-nin baş diplomatı deyib:
 
"Bizim rus xalqına qarşı hər hansı pis münasibətimiz yoxdurSöhbət bir rejimdən, siyasi sistemdən və bir adam gedir. Ukraynada baş verənlər bir nəfərin müharibəsidir. Bəli, biz Putini zəiflətmək istəyirik, lakin rus xalqını tarixin küncünə sıxışdırmaq da istəmirik. Bu və ya digər şəkildə, onlar da sülh yolu ilə həllin, Avropada təhlükəsizlik sisteminin bir parçası olmalıdırlar”. 


 
Borrellin fikrincə, Avropa İttifaqının sərt ritorikalı üslubla qərarlar qəbul edən geosiyasi aktor kimi fəaliyyət göstərməsinin vaxtı çatıb: “Bura həm hərbi və enerji ilə bağlı qərarlar da daxildir”. 
 
Borrellə birlikdə Euronews telekanalına müsahibə verərkən  Finlandiyanın keçmiş baş naziri Aleksandr Stubb isə Avropa İttifaqının artıq geosiyasi aktor kimi ortaya çıxdığını vurğulayıb. Onun fikrincə, Ukrayna müharibəsi Avropa tarixindəmühüm dönüş nöqtəsi”dir və bu sözləri ifadə edərkən Barell də onu dəstəkləyiblər. 
 
Rusiyanın Ukraynaya təcavüzünə Aİ liderlərinin sürətli reaksiyasından məmnun olduğunu bildirən Aleksadr Stubb Avropa tarixinin “mühüm dönüş nöqtəsi” ilə bağlı iddialarını bu cür şərh edib:
 
 "Avropa Birliyi əlaqələndirici və ya tənzimləyici super gücdən aktiv aktora çevrildi. Bunun nə qədər tez baş verdiyini görmək sevindiricidir. Aİ avro böhranının da aktor idi, amma bu böhrandan çıxmaq illər çəkdi. İttifaq Covid pandemiyasında da aktor güc kimi özünü göstərdi, lakin bunun baş verməsi üçün də bir neçə ay gözləməli olduq. Müharibəyə gələndə isə onun bir aktor kimi hərəkətə keçməsi cəmi bir neçə gün sürdü. Və biz bir neçə gün ərzində çox şeyi tərsinə çevirə bildik”. 


 
Stubb onu da vurğulayıb ki, Ukrayna-Rusiya müharibəsi yalnız iki dövlət arasında baş verən hərbi toqquşma deyil, bu iki geosiyasi qütbün savaşıdır: “Bir tərəfdə aqressiv, revizionist, imperialist, totalitar və avtoritar Rusiya var. Digər tərəfdə isə [bu təcavüzə qarşı bir-biri ilə] əməkdaşlıq etmək istəyən 40 demokratik Avropa dövləti var, o cümlədən Gürcüstan, Ukrayna və Moldova”.
 
Avropa liderlərinin qarşılaşdıqları böyük problemin yalnız müharibə bahasına başa gələcəyini anlamasının vacib olduğunu bildirən Stubbaya görə, onların üzərinə düşən ən çətin məsuliyyət, vəziyyəti olduğu kimi xalqa çatdırmaq və başqa yolun qalmadığına onu inandırmaqdır:
 
"Avropa liderlərinin problemi müharibənin bədəlini izah etmək olacaq. Çünki birlik və həmrəylik davam edərsə, qarşılaşdığımız problem yalnız bir müddət sürəcək. Bu həmrəylik nəticəsində, məsələn, inflyasiya, enerji və ərzaq qiymətlərinin artması, Polşadakı qaçqınların vəziyyəti kimi problemlər əbədi davam etməyəcək. Biz son hədəfə çatmaq üçün bəzi problemlərin şahidi olacağıq”.
 
Həmsöhbəti ilə bu məsələdə həmfikir olan Borell də Ukraynadakı müharibə zamanı Avropanın Rusiya enerjisindən asılılığını üzə çıxdığını vurğulayıb. O qeyd edib ki, Avropa öz azadlığını və dəyərlərini uğurla müdafiə etmək istəyirsə, təbii ki, bunun bədəlinə də qatlanmalıdır: “Cəngəlliyin bağımızı zəbt etməsini istəmiriksə, bunun bədəlini ödəməliyik”. Anlamalıyıq ki, azadlığı dəstəkləməyin və Ukraynaya qarşı müharibə edənlərə qarşı mübarizə aparmağın mütləq bir bədəli olacaq. Siyasətçilər öz xalqına inandırmalıdır ki, bu bədəli qəbul edilməlidirlər, əks halda daha ağır nəticələrlə qarşılaşa bilərik". 


 
Avropa siyasilərinin enerji qiymətlərinin bahalaşması məsələsində xalqı bədəl ödəməyə çağırdığı bir zamanda ABŞ prezidenti Co Baydendən onların fikrini dolayısıyla dəstəkləyən açıqlama gəlib.  Bayden keçirdiyi mətbuat konfransında Putinin Ukrayna savaşına başlamamışdan əvvəl düşündüyü bütün hesabların, o cümlədən Qərb ittifaqını parçalayacağı planlarının puç çıxdığını və Rusiya prezidentinin artıq çıxış yolu olmadığını vurğulayıb.
 
"Prezident Putin müharibənin NATO və Avropa İttifaqını parçalayacağına ümid edirdi, lakin onun hesabları səhv çıxdı. Putinin indi çıxış yolu yoxdur və mən bununla bağlı onun nə edəcəyini anlamağa çalışıram”.


 
Maraqlıdır ki, Baydenin rusiyalı həmkarının nə fikirləşdiyini anlamağa çalışdığı bir zamanda onun axtardığı sualın əsl cavabını deyəsən ABŞ-ın BMT-dəki Daimi nümayəndəsi Linda Tomas-Qrinfild tapıb. Səfir Putinin 9 May paradındakı çıxışını şərh edərkən belə qənaətə gəlib ki, Ukraynada müharibə xeyli uzana bilər.
 
Linda Tomas-Qrinfildin fikrincə, Putinin çıxışından da görünürdü ki, Rusiyanın Ukraynadakı cəhdləri uğursuz alınıb: “O, ukraynalıları diz çökdürə və bir neçə günə təslim olmağa məcbur edə bilmədi. Bununla belə, münaqişə, şübhəsiz ki, bitməyib”.


 
Diplomatın fikrincə, Putin öz çıxışında faktiki olaraq Ukraynada qələbəni elan etmək üçün heç bir əsasının olmadığını dilə gətirdi. Lakin o, rus qoşunlarının geri çəkiləcəyini də demədi. Xanım diplomata görə, Putinin bu ikiləm (dilemma) ortasında qalması müharibənin hələ çox uzanacağına dəlalət edir.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 811          Tarix: 10-05-2022, 09:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma