Xəbər lenti
Dünən, 19:25


Cəbhədə bir sıra ağrılı məğlubiyyətlərə və Rusiya ordusunun ağır itkilərinə baxmayaraq, Vladimir Putin Kiyevi almaq planlarından əl çəkmir. Məqsədinə çatmaq üçün o, itkilərdən asılı olmayaraq, bir neçə il müharibə aparmağa hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Vajnıye istorii”yə bir-biri ilə əlaqəsi olmayan mənbələr bildirib: onlardan biri Baş Qərargaha, digəri FSB-yə yaxınlığı ilə seçilir.

Həmsöhbətlərin sözlərinə görə, Rusiya hərbi rəhbərliyi gələn ilin yayına qədər cəbhəyə göndərilən səfərbərlər arasında itkilərin təxminən 100 min nəfər təşkil edə biləcəyini proqnozlaşdırır.

"Ümumiyyətlə, plan belədir: hələlik səfərbər olanların köməyi ilə vaxt qazanmaq və cəbhəni sabitləşdirmək. Və sonra yazda hər şeyi yenidən başlamaq”, - FSB-yə yaxın mənbə deyir. Onun sözlərinə görə, Rusiyanın siyasi və hərbi rəhbərliyi bu planın böyük itkilər nəzərdə tutduğunu anlayır: "Gələn ilin yazına qədər ölən və yaralananların sayı (proqnozlardan birinə görə) 100 minə yaxın ola bilər. Amma bu heç kimi qorxutmur: onları çağırışçılar əvəz edəcək”.
Bunu Baş Qərargaha yaxın mənbə də təsdiqləyir: 

"İndi vəzifə cəbhə xəttini bərkitmək və təmin etməkdir. İnsan çatışmazlığı səbəbindən bəzən ikinci müdafiə xəttində heç adamımız yox idi. Bəzi yerlərdə 20 kilometrə qədər boşluqlar var idi. İndi bu yerlər səfərbər edilmiş insanlarla doldurulur”. 
Mənbənin sözlərinə görə, gələn ilin yazına qədər Müdafiə Nazirliyi səfərbər olunanlar arasında itkilərin əvəzini çıxmaq üçün Ukraynaya göndərilə biləcək 120 min çağırışçıya təlim keçməyi planlaşdırır: "Bunun üçün o (Putin) qismən səfərbərlik haqqında fərmanı ləğv etmir”.

Oktyabrın sonunda ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu (ISW) da gələn il Rusiya hərbi rəhbərliyinin çağırışçıları cəbhəyə göndərəcəyini proqnozlaşdırmışdı. ISW yazır ki, 2023-cü ilin may ayına qədər payız çağırışçıları artıq altı aylıq təlimi başa vuracaq və onlardan çoxu Ukraynada istifadə oluna biləcək.

Hazırlıqsız səfərbər edilmişlərin cəbhəyə göndərilməsinin itkilərin artması ilə nəticələnəcəyi faktı təkcə ekspertlər deyil, həm də hərbçilər tərəfindən xəbərdarlıq edilir. "Düzünü desəm, onların hamısı orada (Ukraynada) öləcək. Onlar yaralanır və ölürlər. Bu hazırlıqsız ordudur! Məsələn, mən uzun müddət müqavilə əsasında xidmət etdim, cəbhəyə özüm yollandım - amma hələ də hazır deyildim. Elə ilk gün anladım ki, həyatımın ən böyük səhvini etmişəm”, – "Meduza” Rusiya ordusunun müqaviləli hərbçisindən sitat gətirib.

Ukraynada müharibə bir ilə yaxındır ki, davam edir. Bu müddət ərzində rus ordusu nəinki təcavüzünün vahid strateji məqsədinə nail ola bilmədi, həm də bir sıra ağrılı məğlubiyyətlərə məruz qaldı: Kiyev və Xarkov vilayətlərində, Liman və Xersonda. 

"Vajnıye istorii”nin mənbələrinə görə, müharibənin əvvəlindən bəri rus qoşunlarının bərpa olunmaz itkiləri 90 min nəfərdən çoxdur. Oxşar məlumatları noyabrın əvvəlində ABŞ ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli də səsləndirib: onun sözlərinə görə, Rusiyanın 100 mindən çox hərbçisi yaralanıb və ölüb.

Payız səfərbərliyi zamanı Rusiya Müdafiə Nazirliyi 300 minə yaxın insanı orduya çağırıb. Bu o deməkdir ki, Kremlin ən pis proqnozları özünü doğrultsa, gələn ilin yayına qədər səfərbər olunanların hər üçdə biri ya öldürüləcək, ya əsir düşəcək, ya da yaralanacaq.

Nizami Bağırov
Qaynar.info

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.




Ana səhifəyə qayıt        Baxış: 3 292          Tarix: 26-11-2022, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma