Xəbər lenti


 

Hindistan Rusiya istehsalı olan köhnəlmiş MiQ-29K qırıcılarını yeni Rafale-M qırıcıları ilə əvəz etmək barədə qərarını verib. 

 

Ovqat.com-un məlumatına görə, qərarı Hindistan hökuməti rəsmən açıqlayıb.

 

Bildirilir ki, Hindistan Hərbi Dəniz Qüvvələri fransız istehsalçısı “Dassault Aviation” şirkətinin “Rafale-M” və Amerikanın “Boeing” şirkətinin Boeing F/A-18E/F Super Hornet təyyarələrini sınaqdan keçirdikdən sonra bu qərara gəlib. Hər iki qırıcı 2022-ci ilin əvvəlində Qoadakı INS Hansa dəniz bazasında sınaqdan keçirilib.

 

Rəsmi qərarda vurğulanıb ki, “Rafale-M” Hindistan Hərbi Dəniz Qüvvələrinin bütün əməliyyat tələblərinə cavab verir və onun təyyarədaşıyıcılarının imkanlarına uyğun gəlir.

 

Hindistan Hərbi Dəniz Qüvvələri fransız şirkətdən 26 ədəd Rafale-M qırıcısı sifariş edərək, donanmasını genişləndirmək istəyir. Dassault Aviasiyanın sədri Erik Trappier Hindistan hakimiyyətinə verdiyi etimada görə təşəkkür edib:

 

"Hindistan Silahlı Qüvvələri ilə tərəfdaşlığın 70 illiyini qeyd edərkən, bu yeni etimada görə hind hakimiyyətinə təşəkkür etmək istəyirəm. Dassault Aviation adından söz verirəm ki, Rafale ilə Hindistan Hərbi Dəniz Qüvvələrinin gözləntilərini tam şəkildə qarşılayacağıq."

 

Bir müddət əvvəl Hindistanın Rusiyadan Su-57 və ya Su-75-lərin təkmilləşdirilmiş versiyalarını ala biləcəyi güman edilirdi. Maraqlıdır ki, Dehli Rusiya döyüş maşınlarının təkmilləşdirilmiş versiyalarını gözləməyə belə lüzum görmədən fransız Rafale-M-i seçib.

 




Ana səhifəyə qayıt        Baxış: 5 563          Tarix: 16-07-2023, 07:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma