Ukrayna Krımı işğaldan azad olunmasından sonra Rusiyanın hakimiyyət orqanları ilə əməkdaşlıq etmiş 10 minə yaxın kollaborantı məsuliyyətə cəlb edəcək.
“Report” xəbər verir ki, bunu “Newsweek”ə müsahibəsinə Ukrayna Prezidenti Volodimir Zelenskinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva deyib.
"Çoxları məsuliyyətə cəlb olunacaq, lakin bu, milyonlarla, hətta yüz minlərlə insan olmayacaq. Bu, bəlkə də 10 000 nəfər olacaq", - o deyib.
Taşevanın sözlərinə görə, Ukrayna artıq Krımda müxtəlif orqanlar, öz vətəndaşları ilə əlaqə saxlayır və onlara deyir ki, mümkünsə yarımadanı tərk etsinlər, işğalçılarla əməkdaşlıq etməsinlər.
"Amma siz qalıb rusiyalıların törətdiyi qeyri-qanuni işğal və hərbi cinayətlərdə iştirak etsəniz, cavab verəcəksiniz. Bu, asan proses olmayacaq", - o deyib.
Prezidentin nümayəndəsi əlavə edib ki, gələcək proseslər, o cümlədən keçmiş məmurların - işğal administrasiyaları ilə əməkdaşlıq etmiş Ukrayna vətəndaşlarının lüstrasiyası (təmizlənmə-red) üçün hüquqi baza hazırlanır.
"Onlara azı bir neçə il dövlət və ya rəsmi vəzifələrdə işləmək qadağan olunacaq", - Taşeva lüstrasiya altında olan Ukrayna rəsmiləri haqqında deyib.
Paylaş: