Xəbər lenti

ABŞ-nin müdafiə naziri Lloyd Ostinin xəstəxanada olması barədə, hətta Antoni Blinkenin də xəbəri olmayıb.

Bu barədə ABŞ dövlət katibinin özü etiraf edib.

Ümumiyyətlə, Pentaqon rəhbərinin gizli şəkildə xəstəxanaya yerləşdirilməsi Ağ Ev administrasiyasını şoka salıb. Lloyd Ostin səhhətinin yaxşılığa doğru getdiyini desə də, amerikalı qanunvericilər onun xəstəxanaya yerləşdirilməsi barədə dərhal məlumat verilməməsi ilə bağlı izahat tələb ediblər.

“Biz nazir Ostinə tezliklə sağalmasını arzu edirik, lakin onun tibbi vəziyyəti barədə məlumatı bu şəkildə almaqdan narahatıq”, - deyə Nümayəndələr Palatası Komitəsinin üzvlərinin bəyanatında deyilib.

Qeyd edək ki, ABŞ müdafiə naziri Lloyd Ostin yanvarın 1-də xəstəxanaya yerləşdirilib və dörd gün reanimasiya şöbəsində yatıb. “Politico” nəşrinin məlumatına görə, onun xəstəxanada olması barədə, hətta ABŞ Prezidenti Co Baydenin də xəbəri olmayıb. Ağ Ev rəhbəri bu barədə yanvarın 4-də, rəsmi press-reliz dərc edilməzdən cəmi 15 dəqiqə əvvəl xəbər tutub. Ostinin davranışının Ağ Ev administrasiyasında böyük narazılığa və sarsıntıya səbəb olduğu vurğulanıb.

Yaranan səs-küydən sonra nazir səhvini etiraf edərək bildirib ki, xəstəliyi barədə daha əvvəl məlumat verməli idi.

Qeyd edək ki, Yaxın Şərqdəki gərginlik fonunda Pentaqonun rəhbəri vəzifələrini onun müavini, Senat tərəfindən 2021-ci ildə bu vəzifəyə təsdiqlənən Ketlin Hiksə ötürməli olub.

Pentaqonun mətbuat katibi Patrik Rayder Ostinin xəstəxanadan buraxılması ilə bağlı hələlik dəqiq tarix açıqlaya bilməyəcəyini deyib.




Ana səhifəyə qayıt        Baxış: 3 113          Tarix: 8-01-2024, 15:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma