ABŞ – Meksika sərhədindəki böhranın həllində irəliləyiş var.
“Report” “C-SPAN”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden deyib.
O, fevralın 3-də ilkin seçkilərin (praymeriz) keçiriləcəyi Cənubi Karolinada Demokrat Partiyasının təşviqat tədbirində çıxış edib.
“Biz qarşımızda duran ən mühüm məsələlərdən biri: sərhəd təhlükəsizliyi üzrə real irəliləyiş əldə edirik”, – Bayden bildirib.
Onun sözlərinə görə, ABŞ administrasiyası iki ay öncə ikipartiyalı senatorlar qrupu ilə, Baydenin qeyd etdiyi kimi, “əhəmiyyətli dəyişikliklərə” səbəb olacaq sərhəd təhlükəsizliyi qanun layihəsi üzərində işləməyə başlayıb.
“Bu, prezident kimi mənə vəziyyət nəzarət altına alınana qədər sərhədi bağlamaq üçün fövqəladə səlahiyyətlər verərdi. Əgər bu qanun layihəsi bu gün qanun olsaydı, dərhal sərhədi bağlayar və problemi tez həll edərdim”, – Bayden söyləyib.
“İkipartiyalı qanun layihəsi amerikalılara pozulmuş immiqrasiya sistemimizi düzəltməyə kömək edəcək və burada olmağa layiq olanlara sürətli çıxışı təmin edəcək. Konqres dərhal hərəkətə keçməlidir”, – Amerika lideri vurğulayıb.
Xatırladaq ki, “The Economist” “Amerikanın immiqrasiya siyasəti iflasa uğrayır” başlıqlı məqaləsində ABŞ-nin cənub sərhədindəki qanunsuz miqrasiya problemlərinə toxunaraq Baydenin administrasiyasının seçkiqabağı çətin vəziyyətə düşdüyünü yazıb.
Paylaş: