Xəbər lenti

Bizdə alınmayacaqsa, biz kənarda duracağıq

Bu yola kəfəni geyinib çıxdıq

 

“Qaynar Qazan”da bu dəfə ReAL partiyasının Təşkilat Komitəsinin koordinatoru, partiya sədrinin siyasi məsələlər üzrə katibi Azər Qasımlı ilə söhbətləşmək qərarına gəldik. ReAL-çıların hamısı – daha doğrusu, əksəriyyəti, maraqlı insanlardır. Xüsusilə, hakimiyyətin onların üzərinə xüsusi amansızlıqla getməsi və İlqar Məmmədovu hər yoldan istifadə edərək azadlığa buraxmaması ReAL-ı daha da cazibə mərkəzinə çevirib. Onlar da elə bu amansızlığın altında əzilə-əzilə bərkiyir və alternativ olma yolunda əmin addımlarla irəliləyirlər. Biz “Qaynar Qazan”da ReAL-dan Erkin Qədirli ilə söhbətləşmişik və o müsahibə xeyli də səs-səda gətirmişdi. Sonra Natiq Cəfərli həbsxanaya düşdü və tez də çıxası oldu. Qrafikimizin də ağır olması bir müddət ReAL-çılarla müsahibəmizi ertələdi. Amma bu günlərdə, xüsusilə, ReAL-ın qurultayı ətrafında yaradılan salon bumu bir daha ReAL-ı gündəmimizə daşıdı. Bu dəfə ReAL-ın daha maraqlı bir səlahiyyətlisinə – Təşkilat Komitəsinin koordinatoruna müraciət etdik – Azər Qasımlıya. Bizi iqtidarın, ya da iqtidaryönümlülərin etdiyi kimi çək-çevirə salmadı, razılaşdıq və ReAL-ın ofisində görüşdük.

İşlərimizin həddindən artıq çox və ağır olması, bu dəfə məni qəfildən yaxalamışdı. Heç hazırlaşa bilməmişdim. Mən ReAL-ın ofisini zar-zor tapanda və ReAL-ın zalına daxil olub çəkilişə başlayanda məlum oldu ki, nə qalstukum, nə də kostyumum var. Mən rəsmi geyinməmişdim. Amma Azər Qasımlı rəsmi geyimdə idi. O, “Qaynar Qazan”ın əvvəlki bir neçə çəkilişlərinə də baxıb, mənim rəsmi geyinəcəyimi təxmin edib və elə də geyinib. Necə deyərlər, çəkilişə başlamadan bir geyim böhranı yaşadıq. Yapacaq bir şey yox idi, belə də davam etməli idik çəkilişə və elə bu məqamda birdən Azər bəy, “bir dəqiqə gözləyin” deyib ReAL-ın ofisinə – başqa bir otağa getdi. Bir neçə dəqiqədən sonra əlində bir kostyum, bir neçə qalstukla geri qayıtdı. Axı bu haqda bir neçə dəqiqə bundan əvvəl danışmışdıq. Mən ofisdə kostyum-qalstuk ola biləcəyini soruşmuşdum, amma Azər bəy olmadığını demişdi. Nə isə ki, mən dərhal gətirilən kostyumla qalstuku geyindim və bir azdan baxacağınız formada müsahibəyə başladıq. Tarazlıq təmin olunmuşdu. Azər bəylə ikimiz də rəsmi geyimdə idik…

Azər Qasımlı ilə ilk dəfə idi ki, müsahibə götürürdüm. Onun bəzi fikirləri ilə tanış idim. Xüsusilə, son günlər ReAL-ın qurultayı ilə bağlı çalışmalarını və yazdığı statuslarının ətrafında qoparılan müzakirələri nəzərdən keçirmişdim. Ümumiyyətlə, ReAL-çıların ilginc adamlar olduğunu bilirdim, amma hər tanımadığın müsahib də bağlı qazan kimidir – aça bildincə, açılar, aça bilmədinsə, qapana qapana gedər.

Mən Azər Qasımlı ilə söhbətdən çox pozitiv düşüncələrlə ayrıldım. Onu təxmin etdiyimdən maraqlı gördüm. Diqqətli, dəqiq, məsuliyyətli, nə istədiyini bilən, qərarlı, hökmlü və mübariz bir xarakter. Açığı, indiyə qədər rastlamadığım dərəcədə mənə uyan bir ReAL səlahiyyətlisi. Xüsusilə, onun xalqa münasibəti, “heç bir halda xalq günahkar ola bilməz” fəlsəfəsini daşıması – o, ReAL-ın da bu fəlsəfəni daşıdığını deyir, amma mən bunu ReAL-dan qabarıq formada hiss etməmişəm – “bacarmasaq, çəkiləcəyik”, “biz Azərbaycanın son şansıyıq” düşüncələrini əxz eləməsi, mənə xüsusi zövq verdi. Ənənəvi kimi qiymətləndirilən müxalifətə yanaşması da maraqlı idi və bu haqda indiyə qədər ReAL-çı dostların heç birindən bu qədər doyurucu bilgi almamışdım. Açığı, ReAL-a münasibətimin birmənalı olmamasına baxmayaraq, Azər Qasımlı ilə müsahibədən sonra fikirlərimdə bir açıqlıq yarandı və ReAL-ın, belə gənc siyasətçilərin olduğuna sevindim.

Azər Qasımlı İlqar Məmmədovla tanış olanda, ona “bu yola kəfənini geyinib gəlməlisən” deyilib. O fəlsəfəni daşıyır. Bu da mənim üçün maraqlı idi. Adətən, belə düşünmür siyasətçilərimizin əksəriyyəti. İndi siyasətə daha çox dəbdəbə, ya da iş-iş yeri kimi baxanlar var. Amma bura “boynuna kəfən geyinib” gələn adamların sayı yox deyəcək qədər azdır və bunu heç ReAL-çıların çoxu demir də. İlqar Məmmədova münasibətdə, onun azadlığı yolunda aparılan mübarizədə də bu, aydınca görünür. Hamı “boynuna kəfən geyinsəydi”, İlqar Məmmədov indi heç içəridə qalmazdı. Ən azından, ölkə hakimiyyətinə alternativ olduğunu iddia edən bir siyasi qüvvə, gərəkdir ki, ilk öncə öz liderini dartıb içəridən çıxara. Bunu edə bilmir ReAL və biz bu haqda da danışdıq Azər Qasımlı ilə. O da İlqar Məmmədovun yetərincə müdafiə olunmadığı fikri ilə razılaşır.

Azərbaycana, onun problemlərinə özlərinin məxsusi baxışları var. ReAL-ı hakimiyyətə alternativ görürlər və hakimiyyətə gələcəkləri təqdirdə, ən ibtidaidən ən aliyə qədər Azərbaycanı dəyişdirəcəklərinə söz verirlər. Elə buna görə də özlərini Azərbaycanın sonuncu şansı hesab edirlər. Bütün güclərini də qoyublar ki, qurultaylarını keçirib partiya olsunlar, ancaq hakimiyyət ən ağlasığmaz yollardan istifadə edərək, bunun qarşısını alır. Biz hakimiyyətin bu cür oyunlarını bilirik, tanışıq. Bu boyda ölkədə ReAL-a qurultay keçirməyə bir salon belə vermirlər. Heç bu gedişlə verməyəcəklər də. Amma gərəkdir ki, ReAL da elə alternativlər tapa ki, hakimiyyət onun arxasınca gedə, getməyə məcbur ola. Birini mən dedim Azər Qasımlı ilə müsahibədə – qurultayı çadırda keçirin! Niyə də olmasın? Mənə yer verməyən hakimiyyəti gedib Muğanda – Kür çayı ilə Araz çayının qovuşuğunda qurultay keçirib rəzil-rüsvay edərəm. Nadir Şahdan kəm olmamalıyıq axı, kişi Suqovuşanda qurultay keçirib özünü Şah seçdirib, tarixdə qalacaq qərarlar almışdı. Məsələn yəni… Qurultayı qəfildən – hərəyə bir stul götürüb hansısa bir meydanda, ya da parkda da keçirmək olar. Hakimiyyət özünə gələnə kimi qurultay da bitər, sədr də seçilər. Zatən ReAL-ın qurultayında alternativ namizəd olmayacaq – indiki halında İlqar Məmmədovun qarşısına kim çıxa bilər ki…

Azər Qasımlı ilə çox şeydən danışdıq. Saat yarımlıq söhbət o qədər maraqlı oldu ki, necə bitdiyinin fərqində olmadıq. Maraqlı adamdır Azər bəy. Getdikcə açıldı və nitqi də açıldıqca rəvanlaşdı, fikirləri qətiləşdi və daha inandırıcı olmağa başladı. Beləcə, saat yarımlıq müsahibəmizdə ReAL-ın Azərbaycanı necə dəyişəcəyindən ReAL-ın kadr potensialına, “kölgə kabineti”nə qədər hər şeydən bəhs etdik. Yarızarafat olsa da, Azər Qasımlı ReAL hökumətinfə Xarici İşlər naziri ola biləcəyini dedi. Nədən olmasın?!

Müsahibə bitəndə isə daha maraqlı bir məlumatla qarşılaşdıq. Sən demə, Azər Qasımlının mənə gətirdiyi kostyum-qalstuk İlqar Məmmədovun dəsti imiş. O zaman həbs olunandan elə ReAL-ın ofisində imiş. Azər bəy söz verdi ki, yaxın gələcəkdə – Azər Qasımlıda dərin inam var ki, hakimiyyət tezliklə İlqar Məmmədovu azad edəcək – İlqar bəy azadlığa çıxanda bu kostyumla qalstuku mənə hədiyyə verəcək. Mən də məmnuniyyətlə razılaşdım. Gələcəkdə yaratmağı düşündüyüm “Siyasi Məhbuslar Muzeyi”nə eksponat kimi gözəl olar bu hədiyyə!

Beləcə, budəfəki qonağımız, “Qaynar Qazan”ın 43-cü müsahibi ReAL partiyasının Təşkilat Komitəsinin koordinatoru, partiya sədrinin siyasi məsələlər üzrə katibi Azər Qasımlıdır. Onu dinləyirik. Bəlkə də Azərbaycanın gələcək Xarici İşlər naziri Azər Qasımlını…

Əvəz Zeynallı,

“Azadlıq salnaməsi”

 

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/217142/real-ci-az%C9%99r-qasimli-niy%C9%99-cil%C9%99d%C9%99n-cixdi.html (ReAL-çı Azər Qasımlı niyə çilədən çıxdı:"Gedib evdə oturaqmı?!…"-VİDEO)

 

II hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/217834/real-in-s%C9%99dr-muavini-az%C9%99r-qasimli.html (ReAL-ın sədr müavini Azər Qasımlı:"İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı gözləntimiz var"-VİDEO)

 

III sonuncu hissə

 

O siyasətçiyə inanmayın…

– Azərbaycan xalqına nə deyirsiniz? Məsələn, biz hakimiyyətə gələndən sonra hansı müddət içində Qarabağ bizim olacaq deyirsiniz? Deyə bilirsinizmi?

 Xeyr. Bilirsiniz, mən sizə bir söz deyim. Bax, mən islahatlardan danışdım, mən dedim ki, elə bir sahə yoxdu ki, orada islahatlar və dəyişikliklərə ehtiyac olmasın. Amma biri var Azərbaycanın daxili, məsələn, polis sistemi. Polisdə nəsə dəyişikliklər etmək – Daxili İşlər Nazirliyi…

– Bizdən asılı olan şeyləri deyirsiniz…

– Bəli, bəli, fikirlərimin istiqamətini doğru tutdunuz. Və yaxud deyək ki, Azərbaycan iqtisadiyyatında nələr etmək lazımdır. Məsələn, kadr dəyişiklikləri və s. necə olmalıdır? Effektiv hökumət necə qurulmalıdır? Bu, bizə aid olan məsələlərdir, onu biz edə bilərik. Kənardan hansısa təzyiqlər ola bilər, amma hər halda sükan bizim əlimizdədir. Bir də var, bizdən tam asılı olmayan məsələlər. Və onun başında duran məsələ də ilk növbədə Dağlıq Qarabağ, ərazi bütövlüyü problemidir. Belə deyək, kimsə, hansısa bir siyasətçi bu gün durub desə ki, mən hakimiyyətə gələcəyəm, bir aydan, iki aydan, bir ildən sonra Qarabağ problemini həll edəcəm, o siyasətçiyə inanmayın. O, siyasətçi deyil. O, adi populistdir. O, qeyri-ciddi insandır, əgər belə bir insan varsa və ya olacaqsa.

 

Xarici İşlər naziri Bakıda oturmamalıdır

– Namizədlərin əksəriyyəti deyir…

– Desinlər. ReAL bunu demir. ReAL-ın dediyi nədir? ReAL-ın dediyi odur ki, biz soyuqqanlı olacağıq, biz dünyada gedən prosesləri diqqətlə izləyəcəyik, biz Azərbaycana xələl gətirə biləcək addımları atmayacağıq və biz əlimizdən gələni edəcəyik ki, Dağlıq Qarabağı geri qaytaraq və xarici siyasətin də aktivliyi bu yöndə olacaq. Çünki indiki xarici siyasətimizi mən aktiv hesab etmirəm. Xarici İşlər naziri Bakıda oturmamalıdır. Dünyanı gəzməlidir. Biz bunu bu gün Azərbaycanda görmürük. Amma ReAL hakimiyyətə gələndə bunu etməlidir və edəcək.

– Kim olacaq Xarici İşlər naziri?

– Çalışaram, o suala da cavab verim. Yəni Dağlıq Qarabağ problemində biz millətə nəyi deyə bilərik? Deyə bilərik ki, biz nəyi etməyəcəyik. Bu, çox önəmlidir. Çünki yenə deyirəm, bayaq dediyim kimi, iqtisadiyyatda biz nə edə biləcəyik, onu açıqlaya bilərik. Amma Dağlıq Qarabağ məsələsində biz ilk növbədə deməliyik ki, biz nəyi etməyəcəyik. Biz iki şeyi yüzdə yüz etməyəcəyik. Bir, Dağlıq Qarabağın müqəddəratının təyin olunması ilə bağlı referendum keçirilməsinin danışıqların predmeti olmasının əleyhinəyik və buna getməyəcəyik. Biz hər hansı bir ölkənin “sülhməramlı qüvvələr” adı altında Dağlıq Qarabağda yerləşdirilməsinin danışıqların premeti olmasını istəmirik və buna getməyəcəyik. Bunu hər kəs bilsin. Bu yöndə hansısa müzakirələr ola bilərmi? Ola bilər sözsüz ki. Biz hər kəsi dinləməyə hazır olacağıq. ABŞ-ı da, Rusiyanı da, Türkiyəni də, Avropanı da, digərlərini də.

– Amma “sülhməramlı qüvvələr” bizim torpaqda olmayacaq?..

– Olmayacaq. Biz buna getməyəcəyik. “Madrid prinsipləri” çərçivəsində sözün əsl mənasında Azərbaycana sırımaq istədikləri o şeylərə biz getməyəcəyik. Bax bunu açıq şəkildə biz deyirik və proqramımıza da yazmışıq. Bu, sadəcə Azər Qasımlının dediyi söz deyil. Bu, Respublikaçı Alternativ Partiyasının proqramında yazılan fikirlərdir.

 

Xarici İşlər naziri ola bilərəm

– Maraqlı gəldi mənə, Xarici İşlər naziriniz kim olacaq?

 (Gülür…) Yeri gəlmişkən, mən özüm də ola bilərəm. Bu məsələni biz hələ müzakirə etməmişik. Çünki birinci biz partiyanı qurmalı, onu təsis etməliyik, partiyanın qurultayı olmalıdır. Yəni biz elə etməliyik ki, Azərbaycan iqtidarından qurultay yerini qoparaq. Bunu edəndən sonra təbii ki, bu sualların cavabı da veriləcək.

– Partiya quruldu. Partiya qurulandan sonra maraqlıdır, necə işləyəcəksiniz? Biri var ənənəvi, bizim gördüyümüz siyasi partiyalar – nə baş var, nə ayaq var, nə yer var, nə yurd var. Biri də var Avropa tipli, Amerika tipli ciddi siyasətlə məşğul olan partiyalar. Orada təxminən kimin hansı postu tutacağı bilinir. Yəni təxminən əvvəlcədən seçkiyə gedəndə bilinir ki, bu kabinetdə Daxili İşlər naziri filankəs olacaq və s. Yəni xalq təxminən komandanı tanıyır və ona görə də səsini verir. Eləmi olacaq?

– Deməli, əslində nizamnamədə necədir? Partiyanın İdarə Heyəti olacaq. Partiya sədri öz komandasını, İdarə Heyətini Məclisə təqdim edəcək. Məclis də onu ya seçəcək, ya seçməyəcək. İstədiyi adamı seçəcək, istədiyi adamı seçməyəcək. Yeri gəlmişkən, nizamnaməyə görə, o təqdimatda, o siyahıda seçkilər adbaad olur. Məclis siyahıdakı istənilən adama səs verə, ya da səs verməyə bilər. Yəni siyahıya tam səsvermə olmayacaq.

– Yəni dəyişdirilə bilər…

– Bəli, tam demokratik prosedur olacaq. Formalaşan İdarə Heyəti də kölgə kabineti deyil yəni. Partiyanın Məclisində olan və İdarə Heyətində olmayan şəxslər də təbii ki, irəlidə o kölgə kabinetində ola bilər. Və hətta bizim partiyanın üzvü olmayan bir şəxs kənardan da bizim yanımızda olub kölgə kabinetinə düşə bilər. Yəni bu da var. Çünki bu gün ReAL-da olmayan, amma ReAL-a təəssübkeşlik edən – yeri gəlmişkən, onu deyim ki, biz indi “kadrlar bankı” üzərində çalışırıq – məsələn, xaricdə təhsil alan, ya da xaricdə çalışan, fərqli-fərqli sahələrdə peşəkar olan mütəxəssislərin də siyahısını tuturuq. Partiyada deyillər, partiyada olmaq istəmirlər, amma sabah Azərbaycana xeyir verə bilər bu insanlar. Fərq eləmir o ReAL-dadır, ya ReAL-da deyildir. O insanların potensialından da biz ciddi şəkildə istifadə edəcəyik.

– Bayaq dediniz ki, heç bir sülhməramlı qüvvələr Azərbaycanda olmayacaq. NATO olacaqmı?

– Siz buna inanırsınız? NATO-nun olmasına… Minsk Qrupunda Rusiya üzvdür, həmsədrdir, yəni necə ola bilər? Yəni Rusiya imkan verərmi sizcə? NATO-nun sülhməramlı qüvvələrinə…

– Əsas ölkəni idarə edən qüvvənin təmayülündən asılıdır. Gürcüstan NATO-ya gedirsə…

– Minsk Qrupunda üç həmsədr var. Rusiya, ABŞ və Fransa. Və bildiyiniz kimi, Rusiya NATO-nun bu bölgədə olmasını istəmir. Və sizcə, Rusiya imkan verərmi ki, məsələn, Minsk Qrupu çərçivəsində NATO-nun qüvvələri Azərbaycanda yerləşsin?

– Amma Rusiya imkan versə də, verməsə də, NATO düz gəlib qulağımızın dibinə qədər yerləşibsə, buradan Ukraynaya gəlirsə, bizə nədən gəlməsin?

– Hələ NATO gəlməyib nə Ukraynaya, nə də Gürcüstana. Biz onu görmürük. Biz istəyərdik ki olsun, amma mənə elə gəlir ki, bu gün bizim gördüyümüz odur ki, NATO özünü hələ burada görmür.

 

Azərbaycanın gələcəyini parlament respublikası kimi görürük

– ReAL ölkəni necə görür: Prezident üsul-iradəsimi, yoxsa parlamentar rejimmi?

– Biz Azərbaycanın gələcəyini parlament respublikası kimi görürük. Lakin biz anlayırıq ki, bu hakimiyyət gedəndən sonra həmən parlament respublikasını yaratmaq mümkün olmayacaq.

– Dərhal mümkün deyil, eləmi?

– Xeyr, dərhal mümkün deyil.

– Buna da proses lazımdır.

– Bəli, buna zaman lazımdır. Və ReAL hakimiyyətə gələndən sonra ilk görəcəyi iş ondan ibarət olacaq ki, Azərbaycanda siyasi konsensus nəticəsində Anayasa qəbul olunsun. Bütün müzakirələrdən keçərək, siyasi partiyaların, ictimai qrupların, təşkilatların, ümumiyyətlə, Azərbaycan cəmiyyətində hamının ciddi müzakirələrindən keçəndən sonra yeni Anayasanın qəbulu. Və həmən Anayasada da təbii ki, prezident üsul-iradəsindən parlament üsul-idarəsinə keçidi tam dəqiqliklə göstərmək lazımdır, lazım olacaq. Ki, məsələn, yaxın 5 il ərzində prezidentin filan səlahiyyəti olacaq, parlamentin də filan səlahiyyəti olacaq, baş nazirin də filan səlahiyyətləri olacaq. 5 ildən sonra deyəlim ki, prezidentin səlahiyyətləri azalacaq, parlamentin və baş nazirin səlahiyyətləri çoxalacaq. Ondan sonrakı 5 ildən sonra tamamilə deyək ki, parlament respublikasına keçiləcək. Yəni cəmiyyət əvvəlcədən bilməlidir ki, biz haradan-haraya gedəcəyik. Amma cəmiyyət özü bunu qəbul etməlidir. Cəmiyyətə Anayasanı sırımaq olmaz, onda o, Anayasa olmur, başqa bir yasa olur. Kiminsə şəxsi yasası olur. Hətta bir az səmimi davransaydılar, indiki Anayasaya konkret adlar yazsaydılar, məncə o daha səmimi olardı. Ən azından biləcəkdik ki, onun ölkəsidir.

– Elşən Əlisoy soruşur, mənə də maraqlıdır: “ReAL bütöv Azərbaycan ideyasına necə baxır?”

– ReAL real ideyalara çox yaxşı baxır. Əgər hansısa bir ideya realdırsa və bunun nəticəsində Azərbaycan güclü olacaqsa – istər dünyada, istər bölgədə – ReAL o ideyanı ikiəlli dəstəkləyər və o ideyanın həyata keçməsi üçün əlindən gələni edər.

 

Bu gün bütöv Azərbaycan ideyası real deyil

– Yəni deyirsiniz ki, bütöv Azərbaycan ideyası real deyil?

– Bu gün yox.

– İrandakı 30 milyon insanla nə edəcəyik?

– Sayı 30 milyon olan insanların təbii ki, hüquqları var və ara-sıra onların hüquqları pozulur. Biz onların hüquqlarının pozulmaması uğrunda iş aparacağıq, İranın rəsmi dairələri ilə, prezidenti ilə, digər vəzifəli şəxsləri ilə daima dialoqda olmalıyıq – hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu problemlərin olmaması üçün, aradan qaldırılması üçün əlimizdən gələni etməliyik.

– Yəni biz İranın rəsmiləri ilə danışdıqca, o problemləri həll edə biləcəyikmi, deyirsiniz?

– Biz çalışmalıyıq ki, həll edək. Siyasətdə mümkün olmayan heç nə yoxdur.

– Abbas Məhərrəmli soruşur: “Yeni siyasi liderlərdən 5 nəfərin adlarını çəkə bilərmi?”

– İlk növbədə İlqar Məmmədov. İlqar Məmmədovun adını çəkə bilərəm. Lakin bilirsiniz, ad çəkmək nə qədər doğrudur? Mən hesab edirəm ki, Azərbaycanda belə insanların sayı çoxdur. Onlarla belə insan var. Hətta onu da deyim ki, bu gün ölkədə vəziyyət dəyişsə, siyasi meydanda bir açılım olsa, görəcəksiniz ki, o qədər yeni, perspektivli, potensiallı insanlar, gənclər, cavanlar, yeni nəslin nümayəndələri – liderlər çıxacaq ki… Sadəcə bu gün o şərait yoxdur. Təbii, indi deyə bilərsiniz ki, o insanlar əgər liderdirsə, indi çıxıb özlərini göstərməlidirlər. Sözsüz, məsələnin o tərəfi də var. O sualı verən insanla bir yerdə mən danışa-danışa düşünürəm həm də. Üzdə olan liderlər də var. Daha böyük işlər görəcək insanlar da var. Amma üzdə olmayan, kənarda olan insanlar da var – hansılar ki, onların lider potensialı var. Bunlar hamısı var. Ümumiyyətlə, Azərbaycan cəmiyyəti güclü cəmiyyətdir. Həqiqi sözümdür yəni. Mən həqiqətən belə düşünürəm. Və ReAL-da hər kəs aşağı-yuxarı belə düşünür. Yeri gəlmişkən, bir şey yadıma düşdü. Mən 1998-ci ildə ölkəni tərk etmişdim. Xaricə təhsil almağa getmişdim. Təhsildən sonra iş təcrübəm də oldu. Xarici bir şirkətdə çalışdım. 2010-cu ildə mən Azərbaycana döndüm. Azərbaycana dönəndən sonra ReAL-la maraqlandım. Erkin Qədirlini yaxşı tanıyırdım, dostluğumuz vardı müəyyən mənada, çünki məhəllə uşağı idi və bir məktəbi bitirmişdik. Düzdür, Erkin Qədirli məndən 2-3 sinif yuxarı oxuyurdu, amma yenə də. İlqar Məmmədovu isə şəxsən tanımırdım. Elə oldu ki, Natiq Cəfərli mənə təklif etdi ki, mənimlə görüşmək istəyirlər. Mən də təklifi qəbul etdim və görüşdük. Erkin Qədirli, Natiq Cəfərli və İlqar Məmmədov. İlqar Məmmədov o vaxtları Avropa Şurasının “Siyasi Liderlər Məktəbi”nin direktoru idi. Və ofisləri var idi. Onun ofisində görüşdük, söhbətləşdik. Və İlqar bəy dedi ki, bax, biz belə bir təşkilat qurmaq istəyirik…

– Hələ ReAL qurulmamışdı, eləmi?

– Yox, ReAL qurulmuşdu, ReAL var idi. Amma ReAL-ın İdarə Heyətində 6 nəfər var idi səhv etmirəmsə. ReAL təzə qurulmuşdu – 2009-cu ildə. Biz 2010-cu ilun ortalarında, ya da sonlarına doğru görüşmüşük. “Və belə bir təşkilat qurmaq istəyirik, istəyirik güclü olsun, alternativ olsun.” Yəni bu hekayəni danışırdılar. Nə isə, mənim də fikirlərimi almağa çalışdı İlqar Məmmədov. İlk dediklərimdən biri o oldu ki, İlqar bəy, bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların yorulduğunu görürəm. Yorulduqlarına görə, onlar günahı özlərində axtarmırlar və yeri gəlmişkən, 1990-cı illərdən gələn siyasətdə belə bir dəb var ki, sən səhvlərini etiraf edə bilməzsən. Sən səhvlərini etiraf etdin, sən siyasətdə bitdin. Mən bir çoxları ilə danışmışam, belə bir prinsipin onlarda hakim olduğunu görürəm.

 

Siyasətçi xalqı tənqid edə bilməz

– Siz onu yanlış hesab edirsiniz?

– Mən onu yanlış hesab edirəm. Mən hesab edirəm ki, siyasətçi səmimiliyini də göstərməlidir. Əgər liderdirsə liderliyini də göstərməlidir, amma liderdə səmimi bir ab-hava da olmalıdır müəyyən mənada. Ona görə də günahı kimdəsə axtarmaq lazımdır. Təbii ki, hakimiyyətdə axtardılar, axtardılar və bundan da yoruldular, sonuc etibarilə cəmiyyətdə, xalqda axtarmağa başladılar. Son bir ili götürəndə görürəm ki, artıq müəyyən – adlar çəkməyəcəyəm, heç nə soruşmayın – tənqidi fikirlər səslənir bu insanlar tərəfindən. Bu, yanlışdır. Elə İlqar bəylə də onu danışdıq ki, biz heç bir zaman xalqda və cəmiyyətdə görməyəcəyik. Nə olursa olsun. Bizdə alınmayacaqsa, biz kənarda duracağıq. Amma cəmiyyətdə günah axtarmaq yanlışdır. Tənqid etmək olarmı, olar. Siyasətçi və siyasi partiya cəmiyyəti və ya xalqı tənqid edə bilməz. Bu, tabudur. Bunu maarifçilər edə bilər və etməlidirlər də. Çaadayevin gözəl bir sözü var. Deyir: “Mən öz xalqımı tənqid edirəm, çünki mən xalqımı sevirəm.” Amma o, maarifçi idi. Siyasətçinin işi odur ki, bu mənfiliklərin, bu çirkabın içində müsbət nəsə tapıb cəmiyyətə göstərsin və cəmiyyəti ona inandırsın. Ki, cəmiyyət özündə potensial görsün, özünə inansın. Siyasətçi inam mənbəyi olmalıdır, passivlik, apatiya mənbəyi olmamalıdır. Ona görə biz düşünürük ki, əgər bizdə alınmayacaqsa, biz kənara çəkiləcəyik, qoy yeni qüvvələr gəlsin. Onu da deyim ki, ola bilsin, bu, müəyyən mənada pafoslu da səslənsin, amma inanın ki, səmimi deyirəm və burada heç bir pafos yoxdur. Bəlkə də ReAL bugünkü Azərbaycanın ən son şanslarından birisi və yaxud da ən son şansıdır. Əgər ReAL-da nəsə alınmasa… Mən açıq deyirəm, bu, yeni nəslin təşkilatıdır və bu gün irəli çıxan bir təşkilatdır. Digərləri də var, sözsüz, amma irəli çıxan ReAL-dır. Əgər bizdə nəsə alınmasa, mən sizi inandırıram ki, ölkə ən azı 10 il itirəcək. Ki, yeni liderlər gəlsin, yeni komanda formalaşsın, yeni insanlar gəlsin. Bu, çox ağrılı və çətin prosesdir. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndə mənim 16 yaşım vardı, indi 42 yaşım var. Hələ gənc idim. Amma mən 1990-cı illəri gördüm. Mən politologiyada oxudum, o cümlədən, Erkin Qədirli, Natiq Cəfərli, İlqar Məmmədovun özü, Xalid Bağırov və digərləri. Bu, elə bil ki, 60-ların, 70-lərin bir pleyadasıdır. Bizdən sonra 80-lər, 90-lar gəlir. Əgər bizdə də alınmasa, 10 il daha gözləmək məcburiyyətində qalacağıq. Yəni cəmiyyət bu illəri itirəcək. Mən bayaq ona görə dedim ki, biz Qərbyönümlü deyilik. Rusiyayönümlü, Qərbyönümlü, İranyönümlü, Türkiyəyönümlü – heç bir yönümlü deyilik. Çünki biz bu ölkədə 10 illərlə gedən siyasi, iqtisadi, sosial – bütün o dinamikaların nəticəsi olaraq doğulmuşuq, ərsəyə gəlmişik. ReAL budur. Yəni ReAL Marsdan, ya da hansısa bir planetdən gəlməyib. Və burada Qərb tərəfindən yaradılan bir qurum deyil. Ya da Rusiya tərəfindən, Türkiyə tərəfindən yaradılan qurum deyil. ReAL, altdan gələn bir qurumdur. Yeri gəlmişkən, bizdə keçmiş müsavatçılar da, cəbhəçilər də, amipçilər də var.

– Elə İlqar Məmmədovun özü də keçmiş amipçidir…

– Bəli. Və bu da normaldır, çünki o təcrübəni də biz görmüşük. Amma indiki – 90-cı illərdə anadan olan gənclərin nə təcrübəsi var? QHT-si yox, mediası yox, siyasi partiyası görürsünüz nə vəziyyətdədir. Və biz də ReAL-la yeni bir siyasi partiya, yeni bir mədəniyyət qurmaq istəyirik. Təbii ki, 90-cı illərdə yeni-yeni yaranan o siyasi mədəniyyət ki var idi, partiya mədəniyyəti, onu sonra çökdürdülər, o təcrübədən də istifadə edib, yeni və müasir təcrübələrlə birləşdirib, ölkənin indiki spesifikasını nəzərə alıb, yeni bir təşkilat, müasir bir partiya qurmaq istəyirik. Hədəfimiz budur. Bu hədəf hakimiyyətə gəlmək üçündür. Hakimiyyətə gəldikdə islahatlar keçirib, ölkədə vəziyyəti müsbətə doğru dəyişdirmək üçün olan bir hədəfdir.

– Siz bayaq danışdığınız o görüşdən sonra ReAL-çı oldunuz?

– Ondan sonra mənə təklif olundu ki, ReAL-ın İdarə Heyətinin üzvü olum, mən iki həftə düşünmək üçün vaxt istədim. İki həftə düşündüm və qərar verdim ki, ReAL-ın üzvü olum. Və 2011-ci ilin yanvar ayında mən ReAL-ın İdarə Heyətinə üzv seçildim.

 

…bu prosesə kəfəni geyinib gəlməlisən

– Azər bəy, ötən illərdə çox ağır vəziyyətlə qarşılaşdınız. İlqar Məmmədov həbs olundu, ReAL-çıların üzərinə hakimiyyətin hər qolundan basqı gəldi. Bunu gözləyirdinizmi? Peşiman deyilsiniz ki?

– Həmin görüşdə İlqar Məmmədov mənə bir söz dedi ki, bu prosesə kəfəni geyinib gəlməlisən. Kəfən üzərində olmalıdır. Əgər bunu qəbul edirsənsə, bu prosesə gələ bilərsən.

– O təfəkkür olub yəni, kəfəni geyinib yola çıxmısınız?

– Olub! Bəli!

– Eşq olsun, Allah utandırmasın!

– İnşallah, alınar bizdə.

– İnşallah.

strateq.az




Ana səhifəyə qayıt        Baxış: 1 564          Tarix: 9-12-2017, 13:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma