ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Pekin Çin opioid dərmanı olan fentanilin Amerikaya girişini məhdudlaşdırmaq üçün tədbirlər görməsə, bütün idxal olunan Çin mallarına əlavə 10 faizlik gömrük rüsumları tətbiq edəcək.
Musavat.com xəbər verir ki, Tramp “Truth” sosial şəbəkəsində yazıb:
“Bu dayanana qədər biz Çinin Amerika Birləşmiş Ştatlarına daxil olan bütün məhsullarına əlavə rüsumların üzərinə əlavə 10 faizlik tariflər tətbiq edəcəyik”.
O qeyd edib ki, ABŞ-a idxal olunan külli miqdarda narkotik, xüsusilə də fentanil haqqında Çinlə çoxlu danışıqlar aparıb, lakin heç bir nəticəsi olmayıb.
2023-cü ilin noyabrında San-Fransiskoda keçirilən Asiya-Sakit Okean sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden və Çin rəhbəri Si Cinpin arasında keçirilən görüşdə Çin liderinin həm fentanil, həm də onun istehsalı üçün istifadə olunan xammal axınının qarşısını almaq üçün kimya şirkətlərini izləməyə razılaşdığı bildirilir.
Çinlə bərabər, Tramp rəsmi olaraq vəzifəyə başladığı ilk gündən Kanada və Meksikadan ABŞ-a daxil olan bütün mallara 25 faizlik rüsum tətbiq etmək niyyətində olduğunu da bildirib:
“Yanvarın 20-də (inauqurasiya günü - red) Meksika və Kanadaya ABŞ-a idxal olunan bütün mallara 25 faizlik rüsum tətbiq etmək üçün bütün lazımi sənədləri imzalayacağam”.
Tramp qeyd edib ki, minlərlə insan Meksika və Kanada vasitəsilə ABŞ-a axın edir və bu, misli görünməmiş cinayət və narkotiklərə səbəb olur.
Bu tariflər “narkotiklər, xüsusən də fentanil və bütün qeyri-qanuni əcnəbilər ölkəmizi işğal etməyi dayandırana qədər qüvvədə qalacaq” deyən Donald Tramp əlavə edib:
“Həm Meksikanın, həm də Kanadanın uzun müddətdir gözlənilən bu problemi asanlıqla həll etmək üçün mütləq hüququ və səlahiyyəti var”.
Musavat.com
Paylaş: