Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Hazırda dünyada cərəyan edən geosiyasi, geoiqtisadi, geokültürəl, hərbi - strateji tendensiyalara nəzər saldıqda yeni qlobal nizamın formalaşması prosesinin getdiyinin şahidi ola bilərik. Məhz qeyd etdiyimiz proseslər nəticəsində post-soyuq müharibə dövrünün ilk illərində formalaşan yeni dünya nizamının xarakterində əhəmiyyətli dəyişikliklər baş verməkdədir. Belə demək mümkündürsə, son illərdə beynəlxalq münasibətlər sistemi sanki öz “təbii axarı” na qayıtmaqdadır. Dünyanın əksər region və subregionlarında beynəlxalq mühit realist ruhundadır – “qüvvələr nisbəti”, “hakimiyyət uğrunda mübarizə”, “bloklaşma” və s. anlayışlar determinant amillərə çevrilib. Asiya – Sakit Okean regionu da beynəlxalq münasibətlərdə baş verən bu proseslərdən kənarda qalmayıb. Son aylarda üç dövlətin (ABŞ, Böyük Britaniya, Avstraliya) yeni birlik formatı kimi yaradılan AUKUS əksər təhlilçilər tərəfindən də regionda qüvvələr nisbətinə və bütövlükdə, geosiyasi proseslərə ciddi təsir göstərə biləcək ittifaq kimi qəbul edilir.
Çinin artan siyasi, iqtisadi, hərbi gücü fonunda bölgədə (Asiya – Sakit Okean) yeni qütbləşmə meylləri
Asiya – Sakit Okean regionu misilsiz böyük əraziyə, nəhəng iqtisadi və əhali resurslarına, əksər nüvə dövlətlərinin burada yerləşməsinə görə dünyanın siyasi, iqtisadi, hərbi – strateji əhəmiyyətinə görə ən vacib bölgələrindən hesab olunur. Tarixən böyük imperiyaların (Böyük Britaniya, Fransa, Rusiya və s.) maraq dairəsində olan və təsir (hakimiyyət) uğrunda kəskin mübarizə apardığı region bu gün də qlobal rəqabətin ən vacib regional aspektlərindən birinə çevrilib. Xüsusilə, bölgənin və dünyanın aparıcı dövlətlərindən biri olan Çinin qlobal, regional iddiaları, fəal xarici siyasət strategiyası bölgədə cərəyan edən geosiyasi, geoiqtisadi proseslərə yeni çalarlar gətirir. Çinin son illərdə xarici siyasətinin regional aspektlərinə, hərbi strategiyasına və artan iqtisadi gücünə qısa nəzər saldıqda görürük ki, son qırx ildə Pekinin əsas xarici siyasət hədəfi Asiya - Sakit Okean regionunda dominant mövqeyə malik olmaqdır. Pekin, XIX əsrdə Şərqi Asiyada itirdiyi mövqeyi bərpa etməyə çalışır. Çinin xarici siyasət prioritetlərinə nəzər saldıqda onların içərisində regional aspektin üstünlük təşkil etdiyini görmək olar. Pekinin Uzaq Şərqi Asiyada hegemonluğu həm də Çinin region dövlətləri ilə münasibətlərindən asılıdır. Region dövlətlərindən Pekinin əsas gözləntiləri bunlardır :
-Çinin ərazi bütövlüyünü və Tayvanın ona inteqrasiyasını müdafiə etmək;
-Çinin suverenliyini Cənubi Çin Dənizi üzərində müdafiə etmək;
-Çini Qərblə olan münaqişələrdə, xüsusilə də iqtisadi, insan hüquqları, silahların yayılması və s. məsələlərdə dəstəkləmək;
-Çinin hərbi üstünlüyünü regionda qəbul etmək, onu təhdid edən nüvə silahının və ya ənənəvi silahların əldə edilməsindən imtina etmək;
-Çinlilərin maraqlarına uyğun ticarət və investisiya siyasətini qəbul etmək;
-Regional problemlərin həllində Çinin liderliyini qəbul etmək;
-Çinin əleyhinə olan hərbi – siyasi ittifaqlarda iştirak etməmək.
Eyni zamanda, son 7 – 8 ildə Pekin hərbi gücünü artırmaq istiqamətində yeni strategiya həyata keçirir. Çin hakimiyyətinin ölkənin hərbi gücünü artırmağa xidmət edən addımlarına Xalq Azadlıq Ordusunun bütün qoşun növlərində aparılan islahatları, silahların, o cümlədən də strateji hücum xarakterli silahların artırılmasını, modernləşdirilməsini, hərbi sənayenin inkişaf etdirilməsini aid etmək olar. Ölkə başçısı Si Tsinpinə görə, onun iqtidarı Çinin 2049-cu ilə kimi Asiya-Sakit Okean regionunda dominant güc olmaq və qlobal müharibələrdə “döyüşüb qalib gələ bilən“ dünya səviyyəli ordu yaratmaq öhdəliyini öz üzərinə götürüb. Son illərdə Pekinin hərbi strategiyasında diqqəti cəlb edən əsas amillərdən biri də ölkənin hər il artan hərbi büdcəsidir. Məsələn, bu ilin martında Çin qanunverici orqanı tərəfindən təsdiq olunan hərbi büdcə 209.16 milyard dollar təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 6.8 % artım deməkdir. Bəzi təhlilçilər hərbi büdcənin əslində təsdiq ediləndən daha artıq olduğunu da qeyd edirlər. Çin, cari hərbi büdcəsi ilə dünyada yalnız ABŞ – dan geri qalır. Beləliklə, Çinin son illərdə hərbi qüdrətini artırmaq istiqamətində həyata keçirdiyi işlərin qısa təhlili bu strategiyanın Pekinin xarici siyasət məqsədlərinə yüksək səviyyədə xidmət etdiyi qənaətinə gəlməyimizə imkan verir.
Çinin qlobal nizamda fəal aktor olaraq həyata keçirdiyi xarici siyasət strategiyasının əsasında dayanan amillərdən biri bu ölkənin malik olduğu nəhəng iqtisadi gücdür. Xüsusilə də son otuz ildə Çinin sürətli iqtisadi inkişafı, artımı Pekinin xarici siyasət prioritetlərinin müəyyənləşməsində əsas rol oynayır. Belə demək mümkündürsə, Çin həm qlobal, həm də regional xarici siyasət hədəflərinin reallaşdırmasında iqtisadi amildən effektiv istifadə etməyə çalışır. “Bir kəmər, bir yol” və digər meqa iqtisadi-ticari layihələr Pekinin qeyd etdiyimiz xarici siyasət hədəflərinin həyata keçirilməsinə xidmət edir. Dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çinin xarici ticarətində, nəhəng investisiya layihələrində Asiya - Sakit Okean ölkələri xüsusi paya malikdir. Məsələn, 2020-ci ilin statistik məlumatına görə, Çinin Asiya - Sakit Okean ölkələri ilə ticari əlaqələri 2.87 trilyon dollar dəyərində qiymətləndirilir ki, bu da bütövlükdə ölkənin xarici ticarətinin 62 %-ni təşkil edir. Bir faktı da əlavə etmək istərdim ki, Çinin region ölkələri üzərində iqtisadi təsiri ildən ilə artır.
Beləliklə, Çinin son illərdə Asiya - Sakit Okean regionunda siyasi, iqtisadi, hərbi təsirinin artması bölgədə Pekinin gücünü tarazlaşdırmağı hədəfləyən müəyyən formatların, ittifaqların yaranmasına təkan vermişdir. Vaxtı ilə soyuq müharibə illərində ABŞ tərəfindən SSRİ-na qarşı yaradılan ittifaqlar fərqli formada olsa da oxşar məzmunda Çinlə bağlı formalaşdırılmaqdadır. Çinin regionda artan gücünə qarşı yaradılan çoxtərəfli və ikitərəfli formatlar bölgədə qütbləşmə meyllərini dərinləşdirir. 2007-ci ildə meydana çıxan Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) 2017-ci ildən fəaliyyətini bərpa edərək qarşılıqlı münasibətləri inkişaf etdirir. ABŞ, Hindistan, Yaponiya, Avstraliyadan ibarət Dördtərəfli Təhlükəsizlik Dialoqu, xüsusilə, təhlükəsizlik və müdafiə sahəsində regional əməkdaşlığı təşviq edir. Çinin, Cənubi Çin Dənizi ilə bağlı iddiaları da QUAD-ı son zamanlar qayğılandıran əsas məqamlardan hesab olunur və dörd dövlətin bu məsələ ilə bağlı birgə verdiyi açıqlama da Pekin tərəfindən olduqca mənfi qarşılanmışdır. Onu da qeyd edək ki, Cənubi Çin Dənizi vacib geosiyasi, geoiqtisadi əhəmiyyətinə görə ABŞ-nin regional geostrategiyasında olduqca mühüm yer tutur. Belə ki, Cənubi Çin Dənizi dünya ölkələri arasında ticari əlaqələrin reallaşmasında fövqəladə əhəmiyyət daşıyır. Məsələn, qlobal ticarətin həcminə görə, 80%-i, dəyərinə görə isə 70%-i dəniz suları ilə həyata keçirilir ki, bunun da 60%-i Cənubi Çin Dənizindən keçən gəmilərin payına düşür. Dünyanın ən nəhəng iqtisadiyyatına malik bir sıra dövlətlərinin regionda yerləşməsi Cənubi Çin Dənizinin tranzit əhəmiyyətini xeyli artırmışdır. Hesablamalara görə, Cənubi Çin Dənizində illik 5.3 trilyon dollar dəyərində ticarət həyata keçirilir. Həmçinin, Cənubi Çin Dənizi xeyli sayda neft və qaz yataqlarına da malikdir. Bu baxımdan, Çinin Cənubi Çin Dənizi üzərində suverenlik iddiaları bölgə dövlətləri ilə yanaşı ABŞ-ı da ciddi narahat edir. Cənubi Çin Dənizinin tam olaraq Pekinin nəzarətinə keçməsi ehtimalı Vaşinqton tərəfindən ABŞ – nin dənizlər üzərində qlobal hakimiyyətinə ciddi təhdid kimi qəbul edilir.
Ötən ilin martında QUAD ölkələri liderləri toplantısında bəyannamə qəbul olunmuşdur və həmin sənəddə, Hind – Sakit Okean regionunun açıq və azad olmasının vacibliyi qeyd olunmuşdur. Eyni zamanda, Çinin regionda dominantlığını qəbul etməyən bölgə dövlətləri də ikitərəfli müstəvidə əlaqələrini inkişaf etdirməyə çalışır. Buna misal olaraq, Yaponiya – Hindistan, Yaponiya – Cənubi Koreya və s. dövlətlərin strateji tərəfdaşlıq münasibətlərini qeyd etmək olar. Qeyd edək ki, ikitərəfli müstəvidə inkişaf etdirilən münasibətlər təhlükəsizlik və müdafiə ilə yanaşı iqtisadi sahəni də əhatə edir. Çinin regionda hegemonluğuna qarşı olan dövlətlərin iqtisadi sahədə əməkdaşlığının əsas məqsədi Pekinin bölgədə iqtisadi təsirini azaltmaqdan ibarətdir. Nəhayət, son aylarda meydana çıxan və regionda geosiyasi, hərbi-strateji proseslərə təsir imkanları olan yeni ittifaq AUKUS-dir.
AUKUS-in yaranması və birliyin regional proseslərə təsiri
Ötən il sentyabrın 15-də ABŞ, Böyük Britaniya, Avstraliya liderləri tərəfindən yaradıldığı birgə elan olunan AUKUS (Australia, United Kingdom, United States of America) Asiya-Sakit Okean regionunda müdafiə, təhlükəsizlik sahəsində əsas ittifaqlardan biri hesab olunur. Üç ölkənin imzaladığı müdafiə paktında ABŞ-nın Avstraliyaya nüvə enerjisi ilə işləyən sualtı gəmilərin hazırlanmasında kömək edəcəyi nəzərdə tutulub. Paktda, həmçinin, üç ölkə arasında kibertəhlükəsizlik, kvant texnologiyaları, süni intellektin yaradılması və digər məsələlərdə də əməkdaşlıq nəzərdə tutulub. Mahiyyətinə görə, AUKUS-in yalnız müdafiə xarakterli olması onu regionda yaradılmış digər təşkilatlardan, ittifaqlardan ( “Beş göz və s.) fərqləndirir. Yeni yaradılan ittifaq Avstraliyanın dünyada yeddinci atom sualtı gəmilərinə malik olan ölkəyə çevrilməsinə imkan verəcək. Avstraliyanın sürətli, yüksək texnoloji keyfiyyətlərə malik, nüvə başlıqları daşımağa qabil olan atom sualtı gəmilərinə malik olması Asiya-Sakit Okean regionunda hərbi balansa əhəmiyyətli təsir göstərəcək.
AUKUS-in yaradıldığı bəyan olunarkən üç ölkə lideri bu ittifaqın hər hansı ölkəyə qarşı yönəlmədiyini qeyd etsə də əksər müşahidəçilər, təhlilçilər yeni yaradılan alyansın əsas hədəfinin Çin olması fikrini bölüşürlər. AUKUS-in yaradılması ilə bağlı mediaya bəyan olunan birgə açıqlamada da regionda formalaşmış düzənə qarşı ciddi təhdidlərin olduğu, o cümlədən də, ərazi mübahisələrinin, terrorizm, təşkilatlanmış cinayətkarlığın mövcudluğu xüsusi qeyd edilirdi. Yeni ittifaqın yaradılması bölgə və dünya dövlətləri tərəfindən fərqli dəyərləndirildi. Çin hökuməti AUKUS-in yaradılmasını qınayan sərt açıqlama ilə çıxış etdi və hər üç dövləti “soyuq müharibə zehniyyətinə” malik olmaqda ittiham etdi. Pekin, həmçinin, Avstraliyanın nüvə enerjisi işləyən sualtı gəmilərə sahib olmasını Kanberranın Rarotonqa müqaviləsi üzrə öhdəliyini də pozduğunu bəyan etdi. Onu da əlavə edək ki, Rarotonqa müqaviləsi regionda nüvə enerjisini deyil, nüvə silahını qadağan edir. Eyni zamanda Asiya-Sakit Okean regionunda yeni birliyin yaranması ənənəvi Qərb müttəfiqləri arasında da narazılığın yaranmasına səbəb oldu. Belə ki, Fransa xarici işlər naziri üç ölkə arasında imzalanmış yeni müqaviləni ölkəsinə “arxadan vurulan bıçaq” kimi qiymətləndirmişdir. Fransanı narazı salan əsas məqam 2016-cı ildə bu ölkənin “Naval Group” şirkəti ilə Avstraliya arasında 56 milyard avro dəyərində imzalanan müqavilənin AUKUS-in yaranması ilə qüvvədən düşməsi idi. Qeyd edək ki, həmin müqavilə “Naval Group” şirkətinin Avstraliya üçün atom sualtı gəmilərinin hazırlanmasında iştirakını nəzərdə tuturdu və rəsmi Paris onun xəbəri olmadan aparılan və AUKUS-in yaradılması ilə nəticələnən danışıqları özünə qarşı sövdələşmə kimi qəbul etdi. Azad nüvə siyasəti həyata keçirən Yeni Zellandiya da yeni ittifaqdan kənarda qalmasına tənqidi yanaşdı. Yaponiya üç ölkə arasında imzalanan müqaviləyə açıq dəstəyini ifadə etdi. Hindistan, Yaponiya qədər olmasa da AUKUS-in yaradılmasına pozitiv yanaşmasını nümayiş etdirdi və bununla da, Çinin regionda artan gücünə qarşı yönələn ittifaqların onun marağında olmasını növbəti dəfə büruzə verdi. Özlərini regionda ABŞ və Çin arasında təsir uğrunda gedən mübarizədən kənarda saxlayan Cənubi-Şərqi Asiya dövlətləri AUKUS-in yaranmasına o qədər də “isti” yanaşmadılar. Məsələn, Malayziyanın baş naziri İsmayıl Sabri AUKUS-i “Hind – Sakit Okean regionunda nüvə yarışmasının katalizatoru” kimi səciyyələndirdi. İndoneziya rəsmiləri də AUKUS-in regional sabitlik üçün risklər yaratdığını bəyan etdilər.
Beləliklə, AUKUS-in yaradılmasına fərqli dövlətlərin, güc mərkəzlərinin münasibətindən aydın olur ki, yalnız iki dövlət - Çin və Fransa Asiya-Sakit Okeanı regionunda yeni ittifaqın formalaşdırılmasına sərt reaksiya verib. Çin, AUKUS-in yaradılmasını özünün regional maraqlarına və iddialarına təhdid kimi qəbul edir. Pekində belə düşünürlər ki, AUKUS regionda ABŞ-nin hərbi-siyasi təsirini artırmaqla yanaşı anti-Çin meyllərinin güclənməsinə ciddi töhfə verə bilər. Fransa isə ondan xəbərsiz aparılan danışıqlarla AUKUS-in yaradılması ilə qərbli müttəfiqləri arasında özünü alçaldılmış hiss edir və yeni yaradılan ittifaq Hind-Çin bölgəsində Parisin müəyyən ənənəvi təsir imkanlarını məhdudlaşdıra bilər. Qeyd edək ki, AUKUS-in meydana çıxması Fransa ilə Qərbin digər vacib hissəsi olan anqlo-saks dünyası arasında “çatların” dərinləşməsi baxımından da risklər yaradır.
Asiya-Sakit regionunda yeni alyansın formalaşmasını, sözsüz, ABŞ-nin diplomatik uğuru kimi dəyərləndirmək olar. Regionda özünün lideri olduğu daha bir ittifaqı yaratmaqla ABŞ bölgədə hərbi-siyasi təsirlərini artırmaq üçün yeni imkanlar əldə edib. Xüsusilə, Əfqanıstan uğursuzluğu fonunda Vaşinqtonun bloklaşma ilə bağlı yeni təşəbbüslərinin uğurlu alınması ABŞ – nin həm regional, həm də qlobal maraqları baxımından əhəmiyyətli hesab edilə bilər.
AUKUS-in yaradılmasını yeni dünya nizamı quruculuğu kontekstində baş verən proseslərinin nəticələrindən biri kimi qəbul etmək olar. Asiya-Sakit Okean regionunda Çinin artan siyasi, hərbi, iqtisadi gücü və iddiaları həm regional, həm də bəzi qlobal gücləri ciddi narahat etməkdədir. Məhz bu narahatlığın nəticəsi olaraq ABŞ, Böyük Britaniya kimi qlobal, Avstraliya kimi regional güclərlə yeni müdafiə ittifaqı qurmağa nail oldu. Dünyada çox az sayda dövlət (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Hindistan) atom sualtı gəmilərinə malikdir və Avstraliyanın belə bir hərbi-dəniz gücünə malik olması Asiya-Sakit Okean regionunda hərbi baxımdan qüvvələr nisbətinə ciddi təsir göstərəcək. Eyni zamanda, regionda Çinin artan gücünə qarşı olan dövlətlər də AUKUS-in yaradılmasını Pekinin üstün mövqeyinə qarşı tarazlaşdırıcı addımlardan biri kimi qəbul edirlər. Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində cari vəziyyətin təhlili belə bir nəticəyə gəlməyə imkan verir ki, Asiya-Sakit Okean regionunda AUKUS-in timsalında yeni müdafiə ittifaqının meydana gəlməsi qütbləşmə proseslərinə həm regional, həm də qlobal miqyasda ciddi təsir göstərəcəkdir.
Mətin Məmmədli,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar