İsrail hökumət komissiyası, Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Ceykob Nagelin başçılığı ilə hazırladığı hesabatda, Türkiyə ilə mümkün müharibə riskinə diqqət çəkib.
Musavat.com The Jerusalem Post qəzetinin materialına istinadla bildirir ki, hesabatda İsrailin gələcəkdə Türkiyə ilə qarşıdurma ehtimalına hazır olmasının vacibliyi vurğulanıb.
Hesabatda o da qeyd edilir ki, Türkiyənin Osmanlı İmperiyası dövründəki təsir dairəsini bərpa etmək istəyinin İsraillə münasibətlərdə gərginlik yaratma potensialı var. Xüsusilə, Suriya ərazisində fəaliyyət göstərən qruplaşmaların Türkiyə ilə birləşməsi İsrail üçün ciddi təhlükələr yarada bilər.
Nagel komissiyası hesabatını İsrail Baş naziri Benyamin Netanyahuya, müdafiə naziri İsrael Katsa və maliyyə naziri Betsalel Smotriçə təqdim edib. Hesabatda müdafiə büdcəsinin artırılması təklif olunur: yaxın 5 il ərzində hər il 15 milyard şekel (təxminən 4,1 milyard dollar) ayrılması tövsiyə edilir. Bu, İsrail ordusunun (Tsahal) Türkiyə və digər regional təhlükələrə qarşı hazırlıqlı olması üçün vacib hesab edilir.
Baş nazir Benyamin Netanyahu hesabatın təqdimatında çıxış edərək Yaxın Şərqdə baş verən fundamental dəyişikliklərə diqqət çəkib:
“Uzun müddət ərzində İran bizim ən böyük təhlükəmiz olub. Lakin yeni güclər səhnəyə çıxır və biz gözlənilməz hadisələrə hazır olmalıyıq. Bu hesabat İsrailin gələcəyini təmin etmək üçün bir yol xəritəsi təqdim edir.”
Bizim şərh: Türkiyənin regiondakı rolu və İsrail üçün mesaj
Hesabatın məzmunu Türkiyənin artan regional gücünü və Osmanlı İmperiyası dövrünə istinad edən strateji planlarını qəbul etməkdə İsrailin çətinlik çəkdiyini göstərir. Bununla yanaşı, Türkiyənin Suriyadakı qruplarla əməkdaşlığı, regional təhlükəsizlik strategiyalarını dəyişdirə biləcək vacib amillərdəndir.
Türkiyənin regionda sabitlik yaradan bir güc olduğu unudulmamalıdır. İsrailin bu məsələyə qorxu və təhlükə prizmasından yanaşması, əslində, Türkiyənin beynəlxalq arenadakı təsirinin daha da artmasını sübut edir. Türkiyə öz xarici siyasətində yalnız Osmanlı dövrü təsirlərini deyil, həm də beynəlxalq hüquq və diplomatiya əsaslarını rəhbər tutur. Regionda barış və stabillik yalnız qarşılıqlı əməkdaşlıq yolu ilə təmin edilə bilər və Türkiyə bu məsələdə qlobal oyunçu kimi lider mövqeyini qoruyur.
Paylaş: