Xəbər lenti
Dünən, 19:25

 İşğalçı Ermənistan bir çox beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan tədbirləri öz  yalanlarına, iftiralarına alət etmək və inandırmaq üçün daim dəridən-qabıqdan çıxır.

 NATO və bu qurumun keçirdiyi tədbirlər də Ermənistanın kriminal siyasi rejimi üçün istisna deyil.

 Amma NATO ilə əlaqələrində Ermənistan rəhbərliyi həmişə ətrafına baxa-baxa hərəkət edir. Bu münasibətlərdə daim Rusiyanın “qəzəbinə” tuş gəlməkdən qorxan və NATO ilə “dostluğunu da saxlamaq istəyən” Ermənistan çətinliyə düşəndə dərhal tərəf dəyişməyi “ustalıqla” bacarır.

 Bunu son günlər Ermənistan rəhbərliyinin və onların nəzarətində olan politoloqların Gürcüstanda keçirilən NATO-nun “Agile Spirit-2017” hərbi təlimləri ilə bağlı verdiyi açıqlamalar təsdiq edir. Əvvəl təlimlərdə Ermənistan silahlı qüvvələrinin iştirak edəcəyindən ağız dolusu danışan erməni mətbuatı artıq bir neçə gündür erməni ordusunun təlimlərdə iştirak etməyəcəyi barədə ziddiyyətli açıqlamalar dərc edir. 

 Qonşu ölkə mətbuatında çıxan “Ermənistan təlimlərdə iştirakı barədə rəsmi məlumat verməyib”, “Ermənistan silahlı qüvvələrinin təlimlərdə iştirakı rəsmi surətdə təsdiq edilməyib” kimi gündəlik məlumatlarla Ermənistan hakimiyyəti bir növ hər iki tərəfə yarınmağa çalışır. Yəni rəsmi Yerevan həm Rusiyanın könlünü almağa, həm də NATO-nu küsdürməməyə çalışır. Lakin bunu da o qədər primitiv, o qədər saxtalıqla edir ki, bu səviyyəli  proseslərdən azacıq anlayışı olanlarda belə yalnız gülüş doğurur. Bir rus aforizmində deyilir ki,“birinci dəfə hadisə, ikinci dəfə təsadüf, üçüncüdə isə artıq vərdişdir”. Sözün həqiqi mənasında Ermənistan diplomatiyasında bu tip siyasi ədabazlıqlar və eybəcərliklər artıq bir vərdiş halını alıb.

 Ermənistanlı “müstəqil” politoloq Styopa Safaryan isə Gürcüstanda keçirilən NATO-nun “Agile Spirit-2017” hərbi təlimlərində iştirakdan işğalçı ölkənin boyun qaçırması ilə bağlı verilən bütün absurd açıqlamalara və polemikalara bir növ nöqtə qoymaq üçün uğursuz cəhd göstərib.

 S. Safaryan rus dilində də yayımlanan tert.am saytına verdiyi açıqlamasında bir çox “dəyərli faktları”, “vacib məqamları” xatırlatmaqla yenə də Ermənistanın rolunu necə deyərlər dünya səviyyəsinə, qlobal miqyasa, hətta imkanı olsa kainat əhəmiyyətli dərəcəyə qaldırmaq üçün ermənilərə xas tərzdə dəridən-qabıqdan çıxır. O, utanmadan elə təsəvvür yaratmağa çalışır ki, guya ABŞ prezidentinin sanksiyalar barədə qərarı imzalaması da məhz Ermənistanın  NATO ilişkiləri ucbatındandır ki, bu da Rusiyalı ekspertlərin qəzəbinə səbəb olmuşdur. Amma Safaryan müsahibəsində Ermənistanın Rusiyanın qorxusundan təlimlərdə iştirakdan boyun qaçırdı fikrini biraz yumşaltmaq naminə Azərbyacanın yürütdüyü siyasətdən, Azərbaycan Ordusundan qorxduqlarından bu təlimlərə qatılmadıqlarını dolayısı yolla boynuna alır.

 Sonda “Ruslar qarşısında qorxudan və yaxud  onlar tərəfindən təzyiqlərə görə olsa da, Ermənistanın Gürcüstanda keçirilən çoxmillətli təlimlərdən boyun qaçırmasının əsas səbəblərindən biri də Azərbaycanın təlimlərdə iştirak edəcəyini öyrənməsi olduğunu da gərək nəzərdən qaçırmayaq”, - deyən politoloq S.Safaryana yenə də rus xalqının ikinci xoşbəxtliyin abırsızlıq olması barədə çox gözəl deyimi ilə cavab vermək daha düzgün olardı.

 İsa İsmayılov, hərbi jurnalist




Ana səhifəyə qayıt        Baxış: 404          Tarix: 6-09-2017, 10:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma