Tokioda keçirilən danışıqlardan sonra Yaponiya və ABŞ-nin hərbi rəsmiləri müdafiə alyansını gücləndirmək və Hind-Sakit Okean regionunda mövcudluqlarını ardıcıl olaraq artırmaq istədiklərini açıqlayıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, iki ölkə regionda birgə təlimləri intensivləşdirmək və müttəfiqləri Cənubi Koreya, Avstraliya və Filippinlə məlumat mübadiləsini artırmaq niyyətindədirlər.
"Dünyanın ən böyük alyansı - Yaponiya-ABŞ müttəfiqliyini gücləndirmək üçün biz ilk növbədə birgə komandanlıq strukturunu təkmilləşdirməli, mövcudluğumuzu gücləndirməli və təlimləri intensivləşdirməliyik", - deyə Yaponiyanın yeni müdafiə naziri Sindziro Koidzumi bildirib.
Birgə brifinqdə Pentaqon rəhbəri Pit Heqset Yaponiya ətrafında vəziyyətin ciddi olaraq qaldığını bildirib. O, Çini ABŞ-Yaponiya alyansının qarşısını almaq üçün aqressiv hərbi hərəkətlərdə günahlandırıb.
Pentaqon rəhbəri, həmçinin Yaponiyanın tezliklə müdafiə xərclərini artıracağına ümid etdiyini bildirib.
"Müttəfiqliyi gücləndirmək üçün müharibənin qarşısını almağa hazır olan güclü, öldürücü və etibarlı qüvvələr yaratmağa davam etməliyik. Lazım gələrsə, mübarizə aparmalı və qalib gəlməyə çalışmalıyıq. Bu baxımdan, Yaponiyanın Baş naziri Sanae Takaiçi və ABŞ Prezidenti Donald Trampı birgə görməkdən məmnun oldum".
Paylaş:




























