Xəbər lenti

 

Qənbər Şəmşiroğlu:Torpağı düşmən tapdağı altında qoymaq olmaz. Bunu orada uyuyan əcdadlarımızın ruhu da bizə bağışlamaz.

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına rəhbərlik etdiyim dövrdə-yəni 1987-ci ilin may ayının əvvəlində biz, Zəlimxan Yaqubun “Aşıq Ələsgər”, Loğman Rəşidzadənin “Toya bir gün qalmış” və Mirzəağa Atəşin “Şərəfin sandığı” tamaşaları ilə Kəlbəcər rayonuna qastrol səfərinə getmişdik. Mən və teatrın kollektivinin çoxu ilk dəfə idi ki, Kəlbəcərə gedirdik. Ona görə də bizimçün bu qastrol səfəri daha maraqlı idi. Çünki haqqında həmişə xoş sözlər eşitdiyimiz və xalqımızın iftixarı şair Qurbanı, Dədə Şəmşiri, çoxlu alimləri, şairləri, məşhur həkimləri yetişdirən, böyük ziyalılar yurdu bu cənnətməkan torpaqla tanış olacağdıq. Həm də orada olan və dünyada analoqu olmayan məşhur İstu Su Şəfa ocağına da gedəcəydik. Eləcə də ustad sənətkar aşıq Ələsgərin qarış-qarış gəzdiyi, çoxlu məclislər qurduğu bu diyarı biz də görəcəydik.
Ağdərədən keçəndə ermənilərin bizə qanlı-qanlı baxdığını demək olar ki, hər yerdə görürdük. Amma ağlımıza gəlmirdi ki, doqquz aydan sonra millətimizin başına böyük faciələr gətirən, bir milyondan çox həmvətənlərimizi öz doğma yurdundan didərgin salan Qarabağ müharibəsi başlayacaq. Hətta belə bir dəhşətli hadisə də baş verəcək ki, 1993-cü ilin aprel ayının 2-də bizim belə dilbər guşəmiz, torpağının altı və üstü böyük sərvət olan dədə-baba yurdumuz Kəlbəcər də həmin vaxtı respublikaya rəhbərlik edən səriştəsiz, burnunun ucundan uzağı görə bilməyən adamların “stul davasının” qurbanı olmaqla, ruslara, ermənilərə işləyən zabitlərimizin tez-tələsik ordunu geri gəlməsi nəticəsində ermənilər tərəfindən işğal olacaq. Kəlbəcərlilərin doğma yurdu azad etmək üçün özlərinin ciddi-cəhdinə baxmayaraq və bu gün də həmin yerlər gavurların ayağı altında inildəyəcək… Ermənilərə təslim olmamaq və bu rüsvayçılığı boynuna götürmək istəməyən, özlərini qayalardan dərəyə atıb, həlak olan mərd, kişi qeyrətli çoxlu qız-gəlinlərimizin bu gün də harayı səslənir həmin yerlərdə... Eləcə də ağlımıza gəlməzdi ki, ermənilər ikinci Xocalı faciəsini, hətta ondan da dəhşətini şair Qurbanının, Dədə Şəmşirin doğulduğu Ağdaban kənd də törədəcəkdilər ...
... Kəlbəcər rayonunun sahəsinə daxil olduqca buranın əsrarəngiz təbiəti bizi valeh edirdi. Böyük Yaradan bu diyara elə bil ki, bütün gözəllikləri, sərvətləri bəxş etmişdi... Cənnətməkan yerlər də hamımızı valeh etməklə, sehirləmişdi ...
Mehmanxanada yerləşəndən sonra mən teatrımızın ədəbi işlər üzrə rəhbəri, dəyərli ziyalı rəhmətlik İsa Axundovla Kəlbəcər rayon partiya komitəsinin birinci katibi İnqilab Nadirovla və rayon İcraiyyə Komitəsinin sədri Qənbər Qurbanovla görüşə getdik. Sənəti jurnalist olan, rəhmətlik İsa Axundov uzun illər Azərbaycan Radio və Televiziyasının Qarabağ üzrə müxbiri olmuşdu və onu Kəlbəcərdə də yaxşı tanıyırdılar. İnqilab müəllim və Qənbər müəllim onunla çox mehriban görüşdülər və sonra İsa Axundov məni onlara təqdim etdi. Ağdam rayon partiya komitəsinin birinci katibi, filologiya üzrə fəlsəfə doktoru, böyük ziyalı Sadıq Murtuzayev də mənə tapşırmışdı ki, onun salamını İnqilab Nadirova və Qənbər Qurbanova çatdırım. Onlar Sadıq müəllimin adını eşidəndə ona çox böyük hörmətləri olduğunu bildirdilər. Həmin gün bizim onlarla çox maraqlı söhbətimiz oldu və qastrolu təşkil etmək üçün beş gün əvvəl Kəlbəcərə göndərdiyimiz, yüksək təşkilatçı insan, direktor müavini Fəxrəddin Hacıbəyli də demişdi ki, bir həftəlik qastrolumuz rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə təşkil olunub. Mən, teatrın rəhbəri kimi bu xeyirxah işə görə İnqilab Nadirova və Qənbər Qurbanova öz təşəkkürümü də bildirdim. Qənbər müəllimin Dədə Şəmşirin oğlu olduğunu bildiyimə görə, ona məhəbbətim daha çox idi. Belə ki, mən Zəlimxan Yaqubun “Aşıq Ələsgər” pyesini tamaşaya hazırlayanda bizim Zəlimxanla şair Qurban və onun oğlu Dədə Şəmşirlə bağlı çox söhbətlərimiz olurdu. Və hətta Səməd Vurğunla Dədə Şəmşirin Kəlbəcərdəki tarixi görüşlərini tez-tez yada salırdıq...
Beləliklə, bir həftəlik qastrolumuz Kəlbəcərdə çox yüksək səviyyədə keçdi. Rayon camaatı tamaşalarımıza böyük həvəslə baxırdılar. Kəlbəgər isə çox gözəl və yaraşıqlı bir məkan kimi mənim yaddaşıma əbədilik hopmuşdu. Bu rayonda insanların güzəranı da çox yüksək idi. Ən çox da xoşuma gələn kəlbəcərlilərin zəhmətkeşliyi, zəhmətsevərliliyi, qonaqpərvərliyi və istiqanlılığı olmuşdu. Bizi çıxış etdiyimiz kəndlərdə çox yüksək səviyyədə qarşılayır və tamaşadan sonra böyük ziyafət məclisləri təşkil edirdilər. Təsəvvür edin ki, yaz və yay aylarında Azərbaycanın təxminən iyirmidən çox rayonunun mal-qarası Kəlbəcər yaylaqlarında qalırdı. Eləcə də bu rayona təkcə Azərbaycandan yox, keçmiş Sovetlər Birliyindən çoxlu insanlar şəfa tapmaq, müalicə olunmaq üçün İsti Su Şəfa ocağına gəlirdilər. Kəlbəcər həqiqətən də Azərbaycanın ən varlı diyarlarından biri idi.
Orada qastrolda olduğumuz vaxt Qənbər müəllim və İnqilab müəllim bizi gənclər üçün saldıqları, çayın sahilindəki Qayğı qəsəbəsinə də apardılar. Bu qəsəbənin salınmasına demək olar ki, bir manat da dövlət pulu xərclənməmişdi. Rayon camaatı özləri əlindən gələn köməklikləri etməklə bu qəsəbəni salmışdılar. Yeni ailə quranlara burada iki-üç otaqlı evlər verilirdi ki, onlar daha ev problemi ilə üzləşməsinlər. Mehriban yaşasınlar. Bu, mənim çox xoşuma gəldi. Uzun illər hər yerdə bu haqda danışdım və bu xeyirxah işi təbliğ etdim. Bu gün də rayonlara gedəndə təbliğ edirəm və Kəlbəcərin o xoş günlərini yada salıram...
Qastroldan sonra mənim fikrim Dədə Şəmşirin həyatı və yaradıcılığı ilə bağlı bir tamaşa hazırlamaq idi. Onun qoşmalarından, şeirlərindən və bütövlükdə yaradıcılığından seçmələr də edirdim. Amma həmin vaxtı, yəni 1988-ci ilin fevral ayının 22-də Qarabağ müharibəsi başladı. Daha tamaşa hazırlamağa imkan olmadı. 1989-ci ilin yanvar ayından da mən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik etməyə başladım. Ən çətin xaos dövrlərində bu teatra rəhbərlik etdiyim vaxtı da çox yığcam həcmli əsərlər və əsasən də məktəblilər üçün tamaşalar hazırlayırdıq. Aşıq Şəmşirlə bağlı həmin nisgil də ürəyimdə qaldı... Doğrudur, Dədə Şəmşirlə bağlı bir neçə yazılar yazıb, qəzetlərdə çap etdirdim. Kəlbəcərlə bağlı “7 gün Kəlbəcərdə” adlı yazı işlədim. Bu yazını hətta “Sərhədsiz dünyamız” adlı kitabıma da daxil etdim…
Bu yaxınlarda çox istedadlı şair dostum, maraqlı publisist, dəyərli ziyalı, yüksək peşəkar həkim Nəriman Ocaqlı söhbət əsnasında mənə Qənbər Şəmşiroğlunun bir neçə kitabını verdi və dedi: “Bu kitablar Qənbər Şəmşiroğlunun kitablarının yalnız bir neçəsidir. Onun artıq şair, nasir və publisist kimi 30-dan çox kitabı çap olunub”. “Nə danışırsız - deyə mən Nəriman Ocaqlıya maraqla baxdım. Qənbər müəllimin şeirlər, qoşmalar, nəsr əsərləri yazdığını 1987-ci ildən bilirəm. Hətta Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğundan da xəbərim var, amma onun heç bir kitabını oxumamışam. Bunlar mənim üçün böyük hədiyyədir”.
Nəriman həkim hətta təklif etdi ki, biz Göygöl rayonuna gedib, Qənbər Şəmşiroğlu ilə görüşə də bilərik. Beləliklə, biz qərara gəldik ki, Göygöl rayonunun Aşıqlı kəndinə gedib Qənbər müəllimi ziyarət edək. Nəriman həkimin maşınında Göygölə yola düşdük. Hacı Zeynalabdin qəsəbəsində yerləşən Sumqayıt şəhər 3 Nömrəli Xəstəxananın baş həkimi, yaxşı ziyalı, yüksək təfəkkürlü insan, peşəkar həkim İsa Məmmədov da bizimlə idi. 15 ildən çox bir vaxtda dostluq etdiyim Nəriman həkimin çox maraqlı yol yoldaşı olduğu hər ikimizin ürəyincə idi. O, yol boyu Miskin Abdalın, Aşıq Ələsgərin, şair Qurbanın, Dədə Şəmşirin, Qənbər Şəmşiroğlunun, özünün və başqa şairlərin şeirlərindən böyük həvəslə nümunələr söyləyir, pəstən muğamlar oxuyurdu. Mənim sənətim aktyorluq-rejissorluq olsa da, Nəriman həkimin peşəkar səviyyədə şeirlər söyləməsi və muğamlar oxuması açığı məni heyrətləndirirdi.
Biz, ilk öncə Göygöl şəhərində Dədə Şəmşirin adına olan parkda, məşhur aşığımızın, şairimizin büstünü ziyarət etdik. Bu bust çox obrazlı formada hazırlanıb. Biz, Nəriman həkimlə büstün yanında şəkil də çəkdirdik.
Nəriman Ocaqlı Dədə Şəmşirin büstü qarşısında “Gəldi-getdi” adlı qoşmasını dedi:
-Ey dünya təkcə mən demirəm axı,
Səndən gileylilər çox gəldi-getdi.
Neçə milyon qəhrəmanlar keçirtdin,
Vədə tamam oldu, vaxt gəldi-getdi.

Sənin yetirdiyin fərzəndə hanı?!
Nizami, Füzuli, Nəsimi, Xaqanı,
Tez yola salırsan qanan adamı,
Bivəfa mülkünə bax, gəldi-getdi.

Sən qisas alırsan gələn qonaqdan,
Şəmşirə dost deyib, baxdın uzaqdan.
Doymamış bir ovuc qara torpaqdan,
O kimdi gözləri tox gəldi-getdi?

Sonra biz Aşıqlı kəndinə gəldik.
Beləliklə, mən Qənbər Şəmşiroğlu ilə otuz ildən sonra yenidən çox mehriban görüşdüm. Otuz illik bir tarix artıq hər ikimizin həyatında böyük izlər buraxıb. Qənbər müəllim bir qədər də müdrikləşib. Söhbət əsnasında belə qərara gəldim ki, onunla müsahibə götürüm. Keçmiş illəri, bugünkü günümüzlə bağlı işləri yada salıb, onun fikirlərini oxuculara çatdırım.
-Qənbər müəllim bizim son görüşümüzdən otuz illik bir vaxt keçib. Bu illərdə həyatınız bilirəm ki, çox keşməkeşli olub. Bir tərəfdən də Kəlbəcər dərdi...Təkcə rəhbər kimi yox, həm də yaradıcı insan kimi böyük işlər görübsünüz. El ağsaqqalı kimi xalq arasında dərin hörmət qazanıbsınız. Əlbəttə, bütün bunlar böyük xəhmətin nəticəsində başa gəlib. İstərdim ki, o illəri yada salaq.
- Zəhmətsiz həyatda heç nə əldə etmək mümkün deyil. Mən, 84 illik həyatım haqqında “Kəlbəcər ömrüm, həyatım” adlı iki cildlik kitab yazmışam. Ağlım kəsəndən atam Dədəm Şəmşirin görüşünə gələn insanlardan tutmuş, özümün mənalı uşaqlıq, tələbəlik illərim, 30 ildən çox rəhbər vəzifədə işlədiyim müddətdə minlərlə maraqlı insanlarla görüşüm yaddaşıma hopub. Əlbəttə, bütün bunları yazıya köçürəndə elə 10 cildlik kitab olardı. Amma belə qərara gəldim ki, oxucular üçün daha maraqlı olsun deyə, əsas fikirləri iki cildə yerləşdirdim. Qalan materialın çoxundan isə bədii əsərlərimdə istifadə etmişəm. Mənim yazdığım bədii nəsr əsərləri, şeirlər, qoşmalar, poemalar müəllifin uydurması deyil. Bu insanların demək olar ki, hamısını tanıyıram. Sadəcə onların adını dəyişib və bir qədər də təxəyyülümdən, dünya görüşümdən istifadə eləyib, qələmə almışam. Elə dünyada ən maraqlı əsərlər də həmin əsərlər olur ki, yazıçılar həmin adamları tanıyır və öz təxəyyülündən istifadə etməklə yazıya köçürürlər.
-Yazıçılığa nə vaxtdan başlamısınız?
-Mən Dədə Şəmşirin ocağında dünyaya gəldiyimə görə ilk laylam da saz, söz olub. Lap uşaq yaşlarımdan saz çalıb, söz qoşmuşam. Deməli, mənim mayam sazla, sözlə yoğrulub. Amma uzun illər məktəbdə müəllim, məktəb direktoru, rayon komsomol komitəsinin birinci katibi, partiya komitəsinin ikinci katibi və İcraiyyə Komitəsinin sədri, birinci katib vəzifələrində işlədiyimə görə, yazmağa vaxt çatdıra bilməmişəm. Lakin həmin illərdə çoxlu qeydlər aparmışam. Təkcə Kəlbəcərdə yox, həm də Gədəbəydə məsul, cavabdehli vəzifələrdə işləmişəm. Gədəbəylə də xatirələrimdə çox maraqlı hadisələr qalıb. Onları həmin iki cildlik kitabımda yazmışam. Gədəbəy rayon partiya komitəsinin birinci katibi rəhmətlik Səfərli idi. Mənim dədəmi də yaxşı tanıyırdı. O, istəyirdi ki, mən yaxşı inkişaf edim. Ona görə də təşkilatçılığı, insanlarla yaxşı dil tapmağı mənə öyrədirdi. O vaxt Gədəbəy rayon partiya komitəsində təbliğat şöbəsinin müdiri idim. Sonra Sovet İttifaqı Komminist Partiyası Mərkəzi Komitəsinin Bakı Ali Partiya Məktəbi yanındakı filialı olan Ali Partiya Məktəbində və Azərbaycan Pedaqoji İnstitutunda qiyabi şəkildə təhsil aldım. Birdən- birə iki ali təhsil aldım və qısa vaxtda da vəzifə pillələrində irəlilədim. İlk əvvəl öz arzumla kəndimizdəki məktəbə direktor təyin olundum. Sonra rayon partiya komitəsinin birinci katibi rəhmətlik Səfər Verdiyev məni rayon partiya komitəsinə işə dəvət etdi. Sonra rəhmətlik Xasiyev rayonun birinci katibi olanda mənə təklif elədi ki, rayon qəzetinin baş redaktoru olum. Çünki həmin vaxtlar qəzetlərdə məqalələrim, bədii yazılarım çap olunurdu. Həm də lap uşaq yaşlarımdan mütaliəni sevən olmuşam. Dünya ədəbiyyatına yaxşı bələdəm. Razılıq vermədim. Sonra məni Kəlbəcərin mərkəzində olan orta məktəbin direktoru təyin etdilər. Həmin vaxtı da Kəlbəcər rayonunda cəmi üç orta məktəb vardı. Mən dirüktor təyin olduğum orta məktəbdə də işlər çox zəif gedirdi. Adicə onu deyim ki, bu məktəbin təkcə doqquzuncu sinfində 376 nəfər uşaq oxuyurdu. Sonra rayonun bir neçə böyük kəndlərində orta məktəblər açıldı və uşaqlar həmin kəndlərdə də təhsil almağa başladılar. Əslən milliyyətcə ləzgi olan rəhmətlik Müslüm Kürəbəy oğlu Murtuzayev Kəlbəcərin birinci katibi olanda məni raykomun ikinci katibi seçdi. O, sözün həqiqi mənasında böyük ziyalı və əsl ağsaqqal idi. Sonra Şamaxıdan olan Qənbər Nağıyevlə bir yerdə işlədik. İnqilab Nadirovla 12 il bir yerdə Kəlbəcər üçün böyük işlər görmüşük. O, birinci katib və mən də İcraiyyə Komitəsinin sədri kimi Kəlbəcərin inkişafında, tikintisində çox yüksək səviyyədə çalışdıq. Çalışdıq ki, insanlar firavan yaşasın. Həmin illərdə yaradıcılıqla daha ciddi məşğul olurdum. Dədəm Şəmşir ataların bu sözlərini şeirə gətirib və belə yazıb: “Arx boş qalmaz, göl yerində su durar”.
Mən də həmin ocağın oğlu olduğuma görə yaradıcılıqla daha ciddi məşğul olmağa başladım. İlk əvvəl şeirlərim çox oldu. Sonra nəsr əsərləri yazdım. İlk əvvəl nəsr kimi povestlər yazdım. Sonra da romanlarım işıq üzü gördu. Özümün ən çox xoşuma gələn “Bütövləşmək istəyirəm” povestimdir. Bir də vurğulamaq istəyirəm ki, görmədiyim, mənə təsir eləməyən hadisəni heç vaxt qələmə almamışam. “Bir gözəlin taleyi” mənim ilk nəsr əsərimdi. Bu əsərin qəhrəmanını hələ orta məktəb illərindən tanıyırdım. Onun başına gələn dəhşətli hadisələrlə də yaxından tanış idim. Bu hadisələr də gözümün qabağında olub. Eləcə də sizin oxuduğunuz və xoşunuza gələn “Caninin etirafı” romanında baş verən hadisələrlə da yaxından tanışam. Sadəcə mən həmin insanların adını dəyişmişəm. Hətta nəzmlə bir pyes də yazmışam, amma hələ ki, üzə çıxarmamışam… Həyatda elə maraqlı hadisələr baş verir ki, əsl yazıçı sadəcə onları qələmə alsa və ora öz təxəyyülünü də əlavə eləsə maraqlı əsərlər ortaya çıxa bilər.
-Axır günlər yeni nə yazıbsınız?
-Elə yenicə yazdığım bir şeiri sizin üçün oxumaq istəyirəm. Bu şeiri uzun illər mənimlə dostluq eləyən, bir yerdə çörək kəsdiyimiz, indi vəzifəyə gedəndən sonra bizi unudan dostuma həsr etmişəm. Hansı ki, o, vəzifəyə gedəndə hamımız sevinmişik. Şeir belə adlanır “Bu oğlan”:

Elə rəftar edib, elə danışdın,
Zənn etdik dünyada birdi bu oğlan.
Gah sərkərdə tək, igid tək göründü,
Gündə min cilidə girdi bu oğlan.

Sözlərinə dərin məna verəndi,
Həm yaxını, həm uzağı görəndi.
Həm qapıdan, həm bacadan girəndi,
Başdan-başa sanki sirrdi bu oğlan.

Bilmədi ki, bu işlərin sonu var,
Bilməzdik ki, bu işlərin sonu var.
Geyinməkdə hər bir rəngdə donu var,
İki deyil və beş deyil, onu var.

Vəzifə böyüdü, özü dəyişdi,
Söhbəti dəyişdi, özü dəyişdi.
Geyimi dəyişdi, düzü dəyişdi,
Maşını sürətlə sürdü bu oğlan.

Qəfildən də yoxa çıxdı görmədik,
Oturmadıq, araq vurub, yemədik.
İş elə gətirdi sözün demədi,
Möhkəm zingildədi, hürdü bu oğlan.

Mən belə fikirləşirəm ki, hansı bir insana hörmət olunursa, o hörmətin cavabı həmin adamdan da müsbət olmalıdı. Mənfi cavab isə heç kimə xeyir gətirmir. Kişi gərək heç vaxt öz kişiliyini hansısa vəzifəyə, ada-sana görə itirməməlidi. Bizim Kəlbəcər camaatının belə bir sözü var. Əgər onlar sözü düz deyibsə, dediyi sözdən geri çəkilmir və zarafatla belə deyirlər: “Aya qadan alım sözümüz sözdü, demişix, demişix daynə”. Yəni kişinin sözü söz olar də. Ona görə də bir ağsaqqal kimi arzum burdur ki, bütün insanlarımız bir-biri ilə mehriban olsunlar. Dövləti, dövlətçiliyi qorusunlar. Axı biz, uzun illər arzusunda olduğumuz müstəqilliyi əldə etmişik. Onu qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır. -Siz böyük bir ziyalı, Sovet dövründə uzun illər rəhbər vəzifədə işləyən insan kimi, bayaq müstəqillik haqqında dediniz. Çox təəssüf ki, bəzi dönük adamlarımız hələ də bunu başa düşə bilmir və dövlətə, dövlətçiliyə olmazın qaralarını yaxırlar. Siz bu adamlara bir el ağsaqqalı kimi nə məsləhətlər verərdiniz?
-Bu müstəqillik əldə etdiyimiz vaxtdan hər yerindən duran istəyib ki, birinci məhz o olsun. Onu fikirləşməyib ki, bu adam bu vəzifəyə layiqdir ya yox. Məhz ona görə də bu özündən müşdəbehlər arasında “stul davası” getdiyinə görə torpaqlarımızın iyirmi faizini itirmişik. Özü də yüksək məhsuldar, torpağının altı da, üstü də qızıl olan torpaqlarımızı. Elə təkcə Kəlbəcər, Laçın, Şuşa dünya turust axınının gözü ola bilərdi. Eləcə də o biri rayonlarımız bar-bərəkət mərkəzləri idi. Ağdam, sözün həqiqi mənasında ağ dam idi. Yaxşı ki, ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın istəyi və təkidi ilə hakimiyyətə gəldi. Mən, artıq həyatının 84 ilini yaşamış bir ağsaqqal kimi qətiyyətlə deyə bilərəm ki, əgər əbədiyaşar prezidentimiz Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi Azərbaycan adlı dövlət də olmayacaqdı. Həmin dönük adamlar bunu bilməlidilər ki, mənim dediklərim bir həqiqətdir. Bu təkcə mənim yox, bütövlükdə xalqın sözüdür. İndi də onun layiqli davamçısı, yüksək təfəkkürli insan, dünyada çox yüksək səviyyədə məqsədyönlü siyasət aparan cənab İlham Əliyev Azərbaycan üçün böyük işlər görür. Azərbaycanda ilk intibah dahi rəhbər Heydər Əliyevin birinci hakimiyyəti dövründə olmuşdu. Hamının yadındadır ki, həmin vaxtı Azərbaycan təkcə Zaqafqaziyada yox, keçmiş Sovetlər Birliyi ölkələri arasında ən firavan yaşayan respublikalardan biri idi. Azərbaycan ikinci intibah dövrünü indi, məhz cənab İlham Əliyevin bu respublikaya rəhbərlik etdiyi dövrdə görür. Təkcə Bakı, Sumqayıt, Gəncə yox, bütövlükdə respublikamızda çox böyük quruculuq işləri görülür. Avropa standartlarına uyğun yollar salınır. Yaşayış, sosial binalar tikilir. Çox yaraşıqlı məktəblər, səhiyyə ocaqları inşa olunur. Hər rayonda yaraşıqlı Olimpiya komplüksləri yaradılır. Neft sənayemiz, kənd təsərrüfatımız sürətlə inkişaf edir. Çoxlu iş yerləri açılır. Axı bütün bunları danmaq nankorluqdur. Atalarımızın bununla bağlı çox yaxşı bir məsəli var: “Görünən dağa nə bələdçilik?” Deməli, hamı Prezidentimizin ətrafında sıx birləşməlidir ki, tezliklə torpaqlarımızı da geri qaytaraq. Torpağı düşmən tapdağı altında qoymaq olmaz. Bunu orada uyuyan əcdadlarımızın ruhu da bizə bağışlamaz.
P.S. Mən Kəlbəcərlə bağlı Qənbər Şəmşiroğluna sual vermədim. İstəmədim ki, onun qaysaq bağlamış yarasını qoparım. Çünki mən yaxşı bilirən ki, torpağa, yurda bağlı, əsl el ağsaqqalı Qənbər Şəmşir oğlu Qurbanov üçün Kəlbəcər dünyada ən müqəddəs, ən ulu bir yer və varlıqdır. Onunla sağollaşanda ürəyimdən bu sözləri keçirdim: “Ey Böyük Yaradan! Bizim ümidimiz, pənahımız, itaət etdiyimiz varlıq Sənsən. Sən demək olar ki, hər gün yer kürrəsində çoxlu möcüzələr göstərib, bütün insanları mat qoyursan. İndi də göstər o möcüzəni. Biz, tezliklə Kəlbəcərə, Laçına, Şuşaya və bütövlükdə Qarabağa qayıdaq. Bu müqəddəs işdə əlbəttə ki, xalqımızın milli birliyi yüksək olmalı, qüdrətli Azərbaycan ordusu düşmənlə cəngi-güdayə çıxmalı və ali baş komandan da bu müqəddəs işə yüksək səviyyədə, böyük mübarizliklə rəhbərlik etməlidi. Biz də bir millət olaraq, onun ətrafında birləşməliyik. Milli birliyimizi möhkəmlətməliyik. Axı vaxt, zaman getdikcə ermənilərin xeyrinə işləyir. 2018-ci ilin fevral ayının 22-də Qarabağ müharibəsinin başlamasının 30 ili tamam olur. Bu, böyük tarixdir. Biz artıq 30 ildir ki, səbr edirik. Hələ yenə də səbr etməliyikmi?”
Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi


Məqaləyə dair fotomateriallar:

 




Ana səhifəyə qayıt        Baxış: 1 152          Tarix: 4-11-2017, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma