Xəbər lenti

        İstedadlı şair Hikmət Məlikzadə 1972-ci ildə Şamaxıda doğulub.1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 4 şeir, 16-dan çox elmi-publisistik kitabın müəllifidir.

Ovqat.com Hikmət Məlikzadənin yeni şeirlərini oxucularına təqdim edir.      

       

       

A QADIN

 Soyuqsan, uşağa həsrət qucaqtək,
Yenə də laxlayır daxman, a qadın.
Özün şipşirinsən, baxışın duzlu,
Bir az acı dadır yaxman, a qadın.

Dirəyi çürüyüb baxışlarının,
Az uç gözlərimin buxarı kimi.
Şeytan da adamdı, sözünə uyma,
Əllərin quruyub suxarı kimi.

Tanrı ah-vayına dözmür, əzizim,
Onun ruh evinə gir, hali olsun.
Kölgəm biçarə də bir kətil tapmır,
Oturub dərdindən bir hali olsun.

MƏLƏK DEDİK, ŞEYTAN ÇIXDI

Mələk dedik, şeytan çıxdı,
Min illərdir ara vurur...
Sevgi ruhun qidasısa,
Nədən qəlbə yara vurur?

Selə düşüb sevda köçü,
İndi kimi tutum dilə?!
Hər yetən bir ocaq çatıb
Ürəyinin odu ilə.

Səndən sonra bu ocağı
Yüz yol eşdim, köz tapmadım.
Ürəyini varaqladım,
Mənə aid söz tapmadım...

Baxışlarım iti idi,

Tez görürdüm uzağı mən.
Allah, nədən görmədim bəs
Tale quran tuzağı mən?!

 Bir xanıma

Yenə çatlamısan gülöyşə nartək,
Ruhum dəftərini cırıb elə bil.
Qəlbin qıyya çəkən yaralı quşdur,
Kimsə ürəyini qırıb elə bil.

Dünya bir tamaşa səhnəsidir, qız,
Mən onu bu kökdə kirə bilərəm.
Görən, küçənizdə bataqlıq yoxdur?
Bir gün eşq bağına girə bilərəm.

Ruh ruha yad olur sevdası solcaq,
Az qalır, fikrindən vərəm olum mən.
Nə səni qoymaram Əsli olasan,
Nə canım istəməz Kərəm olum mən.

QIZ,NİYƏ İNKAR ELƏDİN...

Dünya məgər zirvədi ki, yalı yox?
Dərd ağacım bar gətirib, kalı yox...
...Qız, niyə inkar elədin Allahı?
Mən ki səni vəsf elədim, xalı yox.
Yolçu toza sədd eləyib gözlərin,
At da tikanlıqda gəzir, nalı yox.
...Eşqi danıb sonra namaz qıldı ki,
Şeytana ehsan verəcək malı yox...
Kölgəmin üstündə əcəl şan qurub,
Gəl ki, çiçək yoxdu deyə balı yox.
Hikməti kimlər şərə mehman edib, -
Rövzeyi-rizvan olacaq halı yox?!

      

Qayıt, sənsiz olmur...

                       Yerin cənnətlik

                    olsun, Əli Kəırim!

Qayıt, sənsiz olmur, havalı könül,
Qayıt, as yerinə, baxışım qopub.
Sənin əl sürtdüyün yaş divarlardan,
Bilirsən, nə qədər naxışım qopub?!

Nolar, yanıma gəl, yuxuma girmə,
Tək Leylək nə çəkir, bilirəm artıq.
Yüz il bundan qabaq gördüyüm qızı,
Həyat dəftərimdən silirəm artıq...

...Getmisən, adamlar dəyişib sanki,
Qızlar külək kimi ötür yanımdan.
...Kimsə əl eləyir qara örtükdə,
Tanrı, bu kölgəni götür yanımdan...

QURD DÜŞMÜŞ QAR KİMİ

Qurd düşmüş qar kimi dağılır yuxum,
Sanki gözlərimdə işıq səddi var.
...Kimsə - bu qəbirə toxunma - deyir...
- Bəlkə daşı çöküb, bəlkə cəddi var?!
Zülmün yaxasına bir ad yazılıb,
Kim görür, başını aşağı salır.
Biri də, daş atır, Tanrı acısın...
Göy onun daşını aşağı salır.
Nədən xatirələr daş kimi sərtdi?
Hanı toz qopardan yol adamları?
Şeytanın əlinə təsbeh veriblər,
Sancır, geri atır kol, adamları...
Can düşür, ruh uçur hədəfə doğru,
Gəl indi adamtək zarı fikirli...
Məni də o qızın günahı tutub,
Günaha çıxıram yarı fikirli.

Sənə yazdığım şeir

...Tək, ruhumdu yaşıdı...
Bəlkə dürdü, qayədi;
Bəlkə namaz daşıdı,
Bəlkə də bir ayədi,
Sənə yazdığım şeir?!
Üstündədi qızlığı...
Əzrayılın ahıdı...
Adəmin yalqızlığı,
Həvvanın günahıdı
Sənə yazdığım şeir.
Demə, Hikmət naşısa...
Bəlkə torpaqdı, gildi...
Bir əlcə başdaşısa,
Bir əlcə boz şəkildi
Sənə yazdığım şeir.

RUHUM VƏCDƏ GƏLİR

Ruhum vəcdə gəlir lal sevda kimi,
Cismimin altında təpə oynayır.
Sən elə süzürsən, elə bil ki, qız,
Suların qoynunda ləpə oynayır.
Kölgəmin tabutu elə cür durub,
Elə bil torpağa düz xətt qoyublar.
Sənə vermədiyim vədin altından,
İmza əvəzinə yüz xətt qoyublar.
Eşqdən kim yorulub, biz də yorulaq,
Deyəsən, gün keçir, boynum üşüyür.
Sanki xəzan vurmuş quru yarpaqdı,
Qızlar bir-bir düşür, qoynum üşüyür.




Ana səhifəyə qayıt        Baxış: 1 525          Tarix: 28-04-2017, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Müəllif: hikmət
Tarix: 28 aprel 2017 15:41
Çox təşəkkür edirəm Məmməd müəllim. Minnətdaram. Amma oradakı "Ay pəri" şeiri mənim deyil. Xahiş edirəm onu çıxarın.
Prizma