Amerika filosofu Erik Hofferin “Əsl inamlı: kütlə hərəkatlarının təbiət haqqında” kitabı çapdan çıxıb. Kulis.azın məlumatına görə kitab “Solfront”un kitabxanası seriyasından çap olunub.
Kitabı türk dilindən Mirmehdi Ağaoğlu çevirib, redaktoru isə Şərif Abdedir.
“Əsl inamlı” 1951-ci ildə çap olunub. Elə o vaxtdan məşhurluq qazanan əsər dünyanın müxtəlif dillərinə tərcümə olunub, bir milyondan çox nüsxədə satılıb.
Bu kitabda istər dini hərəkatlar, istər sosial inqilablar, istərsə də millətçi hərəkatlar olsun, bütün kütlə hərəkatlarında ortaq olan bəzi xüsusiyyətlər araşdırılıb. “Əsl inamlı” bütün kütlə hərəkatlarının bir-birinin oxşarı olduğunu iddia etmir, amma bəzi ilkin xüsusiyyətlər bütün kütlə hərəkatlarında o qədər ortaqdır ki, bu, onları eyni ailəyə aid etməyə imkan verir.
Bütün kütlə hərəkatları tərəfdarlarına ölümü gözə almaq və birlikdə hərəkət etmək hissi aşılayır: ortaya qoyduqları proqram və təlqin etdikləri təlim nə olursa olsun, bütün kütlə hərəkatları fanatizmi, entuziazmı, böyük ümidləri, nifrət və dözümsüzlüyü körükləyir: bütün kütlə hərəkatları həyatın müəyyən dövrlərində güclü bir aktivlik yaratmağa qadirdirlər və kor-koranə inam və sədaqət tələb edirlər.
Kitabı yaxın günlərdə kitab mağazalarından əldə edə bilərsiz.
Paylaş: